Yeni dövr! – “Diasporanın da qarşısında başqa vəzifələr durur” 

“Qurultayın Şuşada keçirilməsinin həmçinin psixoloji əhəmiyyəti var”

“Digər insanlara və dövlətlərə də mesaj verirlir ki, biz bir yerdəyik və dünya azərbaycanlıları bu prosesi birlikdə yürüdəcək”


Aprelin 22-də Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı keçirilib. Tədbirdə çıxış edən Prezident İlham Əliyev qeyd edib ki, Dünya Azərbaycanlılarının V Qurultayının çox böyük tarixi mənası var. Ölkə rəhbərinin sözlərinə görə, bu gün Azərbaycan yeni dövrə qədəm qoyub:

“Otuz il işğal edilmiş ölkə kimi yaşanılıb. Bu, bizim üçün çox ağır idi. Mənim üçün Prezident kimi, sizin üçün vətəndaş kimi, xaricdə yaşayan azərbaycanlılar üçün. Biz bilirdik ki, bu məğlubiyyətin heç bir real əsası olmayıb. Sadəcə 90-cı illərin əvvəllərində Azərbaycanda baş verən hadisələr, hakimiyyət uğrunda gedən müharibə, milli xəyanət, satqınlıq və digər bəd əməllər bu vəziyyəti yaratmışdı. Biz bilirdik ki, bu qələbəyə layiqik. Mənim üçün Prezident kimi başlıca vəzifəm ölkəmizi gücləndirmək və ərazi bütövlüyünü bərpa etmək idi".
Qeyd edək ki, Dünya Azərbaycanlılarının V Qurultayı son illər yüksək təşkilatlanma və birlik nümayiş etdirən, beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılmasında xüsusi rol oynayan diasporumuzun Qarabağın azad olunmasından sonra ilk böyük görüşüdür.

Şuşada keçirilən qurultayın önəmini “Sherg.az”a dəyərləndirən millət vəkili Fazil Mustafa bildirib ki, bu, bütövlükdə Azərbaycan üçün yeni fürsətdir:

“Qarabağ azad olunduqdan sonra diasporanın da qarşısında başqa vəzifələr durur. Təbii ki, Azərbaycan cəmiyyəti də həm daxildə, həm xaricdə həmrəy olaraq öz problemlərini dünya səviyyəsində qəbul etdirməyə çalışmalıdır. Çünki bizim özümüzdən başqa dəstəyimiz yoxdur. Diasporanın da orada yeni ab-hava ilə prosesə qoşulması olduqca müsbət haldır. Əminəm ki, bunun  faydası olacaq. Prezident çıxışı zamanı onlara tövsiyələr verib. Hesab edirəm ki, bu çox mühümdir. Bütün məsələlərdə hər halda müsbət bir tendensiyanın əsası qoyulacaq”.

Millət vəkili qurultayın məkanına da diqqət çəkib:

“Qurultayın Şuşada keçirilməsinin həmçinin psixoloji əhəmiyyəti var. Digər insanlara və dövlətlərə də mesaj verirlir ki, biz bir yerdəyik və dünya azərbaycanlıları bu prosesi birlikdə yürüdəcək