Azərbaycan və Ermənistan XİN başçıları danışdılar! – Şərh:“Əməli  işlərə keçid vaxtıdır”

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı baş tutub. Nazirlər iki dövlətin liderləri səviyyəsində əldə olunmuş razılaşmaların davamı olaraq fikir mübadiləsi aparıblar. Tərəflər, Birgə Sərhəd Komissiyasının iştirakçılarının parametrləri barədə razılığa gəliblər.

Birgə Sərhəd Komissiyasının, habelə sülh müqaviləsinin işlənib hazırlanması ilə bağlı işçi qrupunun görüşlərinin yaxın zamanlarda təşkil olunmasına dair razılıq əldə olunub. Tərəflər, həmçinin humanitar sahədə addımların davam etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Telefon bağlantısının yekun sülh üçün önəmini “Sherg.az”a şərh edən politoloq Tofiq Abbasov  gərginliyin hələ də davam etdiyinə diqqət çəkib. O, bildirib ki, belə məsələlər ortaq şəkildə təşkil olunduqda tərəflərin bir-birindən xəbərdar olması gərəkdir:

“Əsas məqamları, mübahisəli məsələləri birgə araşdırıb qənaətə gəlmək lazımdır. Bu baxımdan bəllidir ki, münasibətlərdə olan gərginlik bitməyib. Delimitasiya, demarkasiya məsələləri də çox həssas məsələlərdir. Hər kəs bir metrin belə “müharibə”sini aparır. Hamı çalışır ki, öz tərəfi üçün daha çox qazanc əldə etsin. Amma hər halda start məqamı kimi Sovet dövründən qalmış inzibati sərhədlərin xəritələrindən istifadə olunur. Onlar həm Moskvada, həm də bizim tərəflərdə var. 

Düzdür, buna görə ermənilər yenə cığallıq etməyə başladılar ki, guya onların heç bir sənədi yoxdur, guya həmin xəritələrdən xəbərsizdirlər. Amma bu belə deyil. Hətta vəziyyət o yerə gəlib çatdı ki, Moskvadan da xəbər gəldi ki, arxivlərdə o sənədlərin hər biri var, lazım olduğu təqdirdə onlar həm Azərbayacana, həm də İrəvana təqdim oluna bilər. Odur ki, ermənilərin bəhanələrini biz ard-arda “tərki-silah” edirik, neytrallaşdırırıq”.

Politoloq vurğulayıb ki, ermənilərin uzun illərdir, tutduğu mövqe heç bir işə yaramır:

“Bu artıq nazirlərin ikinci telefon bağlantısıdır. Artıq  əməli  işlərə keçid vaxtıdır. Çünki ermənilər çox süründürməçiliklə, sabotajla məşğul olurlar. Lakin daha bu gedişlər  və metodika  öz bəhrəsini vermir.  Əgər verirsə də, bu yalnız onlar üçün mənfi nəticələrdən ibarətdir. Ona görə Azərbaycan tərəfi bu proseslərin hər birinə hazırdır. 

Bu məsələ artıq Prezident İlham Əliyevin Avropa İttifaqının prezidenti Şarl Mişellə telefon danışığı zamanı  qabardılıb. Dövlət başçsısı bildirib ki, Azərbaycan tərəfindən heç bir maneə yoxdur”.