Bakının ən möhtəşəm yerində görünəcəklər

Hər şəhidin adı Zəfər parkında həkk olunacaq

"Dövlət başçısı şəhid ailələri və müharibə əlillərinə daimi diqqət və qayğını dövlət qurumları qarşısında bir vəzifə kimi müəyyənləşdirib"

   Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurlu sosial siyasət həyata keçirilir. Həmin siyasətin mühüm tərkib hissələrindən biri də şəhid ailələri üzvlərinə, müharibə əlillərinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıdır. Bununla bağlı ölkə prezidenti dövlət orqanları qarşısında vəzifələr müəyyənləşdirir, lazımi tapşırıqlar verir, normativ hüquqi aktlar qəbul olunur, mövcud qanunvericilikdə dəyişikliklər edilir. Bu kateqoriyadan olan şəxslərin sosial ödənişləri artırılır, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində və digər praktik tədbirlər həyata keçirilir. Müharibədən sonra “YAŞAT” Fondunun yaradılmasındakı qayə də məhz budur. Mayın 2-də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Sabunçu rayonunda şəhid ailələri və müharibə əlilləri üçün nəzərdə tutulan yeni yaşayış kompleksinin açılışında iştirak etmələri, daha sonra şəhid Mahir Məmmədovun ailəsini ziyarət etmələri bu istiqamətdə aparılan işlərin daha bir nümunəsidir. Ramazan bayramı günündə həmin ziyarətin və açılışın baş tutması, orada 200 mənzil və 50 avtomobilin təqdim edilməsi ölkə başçısının idarəçilik konsepsiyasında həm də milli-mənəvi dəyərlərimizə sadiqliyin dayanmasının daha bir təzahürüdür. Bu, onu göstərir ki, hər zaman bu məsələ də diqqətdə saxlanılır. Vətən müharibəsindən sonra sosial sahədə görülən işlər daha geniş vüsət alıb. Ötən il yanvarın 1-dən şəhid ailələrinə, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə və Milli qəhrəmanlara verilən Prezident təqaüdünün məbləği artırılıb. Vətən Müharibəsi Qəhrəmanı təqaüdü təsis edilib. 1991-1997-ci illərdə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi zamanı xəsarət almış şəxslərə və onların ailə üzvlərinə birdəfəlik ödəmələrin verilməsi haqqında Fərman imzalanıb. Postmüharibə dövründə əhalinin sosial baxımdan nisbətən zəif təbəqəsinin rifahının yüksəldilməsinə yönələn sosial dəstək paketi 100 min nəfəri əhatə edib. Onlara 166 min xidmət göstərilib. Bu dövr ərzində şəhid ailə üzvləri və müharibə iştirakçılarından ibarət 93 min nəfərə 103 min sosial ödəniş təyin olunub. Mənzil proqramı 5 dəfə genişləndirilib. Ötən il 3 min, postmüharibə dövründə isə 3500 mənzil verilib. Ümumilikdə isə 12 min 500 şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlərlə təmin olunub. 7400 müharibə əlilinə isə avtomobil təqdim olunub. Vətən müharibəsinin 200 hərbçisi ümumilikdə isə 300 müharibə əlili son nəsil protezlərlə, 1400 müharibə əlili isə reabilitasiya vasitələri ilə təmin edilib. Onların müalicəsi üçün reabilitasiya mərkəzlərində lazımi şəraitlər yaradılıb, həmin mərkəzlər son tələblər səviyyəsində avadanlıqlarla təchiz edilib. 11 min şəxs aktiv məşğulluq proqramlarına cəlb olunub. Bir sözlə, dövlətimiz şəhid ailələri, qazilər, müharibə veteranları üçün əlindən gələni edir və bundan sonra da edəcək. 
Azərbaycan rəhbərliyinin şəhid ailələri və müharibə qazilərinə göstərdiyi diqqət və qayğı barədə “Şərq”ə danışan millət vəkili Ceyhun Məmmədov deyib ki, cənab Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva daim Azərbaycan xalqının yanındadır, xalqla bərabərdir. Deputat bildirib ki, Ramazan bayramının mühüm özəlliyindən biri də xeyir işlər görmək, insanları sevindirməkdir: “Bayram günləri ən gözəl əməllərdən biri də şəhid ailələrinə və müharibə veteranlarına diqqət ayırmaq, qayğı göstərmək, problemlərini həll etməkdir. Ölkəmizdə şəhid ailələrinə, müharibə veteranlarına diqqət böyükdür. Onlara mütəmadi evlər verilir, avtomobillə təmin olunurlar və s. Xüsusi vurğulamaq lazımdır ki, Ramazan bayramını ölkə rəhbərliyi şəhid ailələri, müharibə veteranları ilə birlikdə qeyd edirlər. Dövlət başçısı davamlı olaraq öz ad gününü şəhid ailələri, qazilər, məcburi köçkünlərlə keçirir”. Parlament üzvü bu istiqamətdə görülən işlərdə Heydər Əliyev Fondunun müstəsna xidmətlərinin olduğunu deyib: “Mehriban xanımın rəhbərliyi ilə çox möhtəşəm işlər görülüb və görülməkdə davam edir. Şübhəsiz, Azərbaycan xalqı ölkə rəhbərliyinin gördüyü işi çox yüksək qiymətləndirir. Çoxlu sayda insanların problemi həll olunur, şəhid ailələri, qazilər müalicə üçün Türkiyəyə göndərilir. Bu həm də xalq-iqtidar birliyinin növbəti göstəricisidir”.

Millət vəkili Cavid Osmanov da “Şərq”ə bildirib ki, şəhid ailələri və müharibə əlilləri hər zaman Prezident İlham Əliyevin diqqət mərkəzində olub və bununla bağlı dövlət qurumlarına müvafiq tapşırıqlar verilib. Deputat bildirib ki, dövlət başçısı şəhid ailələri və müharibə əlillərinə daimi diqqət və qayğını dövlət qurumları qarşısında bir vəzifə kimi müəyyənləşdirib:

 “Şəhid ailələri və müharibə əlillərinə 200 mənzil və 50 avtomobilin təqdim olunmasının məhz müqəddəs Ramazan bayramında gerçəkləşməsi də təsadüfi deyil. Humanizm, sosial qayğıya ehtiyacı olan ailələrə xüsusi diqqət və islam dəyərlərinə sadiqlik Prezidentin idarəçilik konsepsiyasının mühüm tərkib hissələrindəndir. Sosial məsələlərin həlli ilə bağlı ortaya qoyulan siyasi iradə və ardıcıl praktik addımlar deməyə əsas verir ki, Azərbaycan sosialyönümlü dövlət modeli formalaşdırıb. Qlobal bazardakı dəyişikliklərdən, tələb-təklifdən, yeni çağırışlardan doğan islahatlar belə, sosialyönümlü tədbirlərlə kompensasiya edilir. Başqa sözlə, bazar iqtisadiyyatının möhkəmlənməsi üçün kompleks tədbirlər sistemi əhalinin sosial baxımdan nisbətən zəif təbəqəsinin maraqlarına xidmət edir. Bu siyasət postmüharibə dövründə xüsusilə geniş vüsət alıb”. Parlament üzvü şəhidlərin adının əbədiləşdirilməsinin hər zaman diqqət mərkəzində olduğunu vurğulayıb: “Prezident İlham Əliyev Zəfər muzeyi yaradılacağını da bildirib. Zəfər parkı Bakının ən möhtəşəm yerlərinin birində, bəlkə də birincisində - Dənizkənarı bulvarın önündədir. Orada böyük xatirə kompleksi inşa ediləcək. İşlərə yaxın zamanlarda start veriləcək. Hər şəhidin adı orada həkk olunacaq. 

Azad edilmiş bütün şəhərlərdə, hər bir şəhərdə Zəfər muzeyi, İşğal muzeyi yaradılacaq. Yəni bütün şəhidlərimizin adı əbədi yaşayacaq. Çünki Zəfər sevincini onlar bizə bəxş ediblər”.