Qarabağda işlər planlı aparılacaq

"Biz nümunəvi yaşayış məkanı yaradırıq"

Prezident: "Azad edilmiş bütün torpaqlarda bir dənə də qanunsuz tikili olmamalıdır"


“Zəngilan şəhərinin Baş planının ilkin versiyası mənə təqdim edilib. Prinsip etibarilə bu, məqbuldur. Amma, əlbəttə ki, göstəriş vermişəm ki, daha geniş diskussiyalar, müzakirələr aparılsın. Siz də təbii olaraq bu işlərə dərhal qoşulun”. Bunu Prezident İlham Əliyev mayın 4-də Vahid Hacıyevi Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edən zaman bildirib. Dövlət başçısı bildirib ki, Zəngilan şəhərinin Baş planı bütün müasir memarlıq normalarını ehtiva edəcək: 

“Həm xarici görünüşü çox gözəl olmalıdır, rahatlıq olmalıdır, həm də bütün ekoloji standartlar burada təmin edilməlidir və tətbiq olunmalıdır. Zəngilan şəhəri və ümumiyyətlə, Zəngilan rayonu təbiət nöqteyi-nəzərindən çox gözəl olduğu üçün yeni yaradılacaq şəhər də bu gözəlliyi özündə təcəssüm etdirməlidir. Ona görə Baş planın qəbul edilməsi, təsdiq olunması və ondan sonra işlərin daha sürətlə getməsi, əlbəttə ki, təmin ediləcək. Zəngilanda kənd təsərrüfatının inkişafı ilə bağlı çox böyük imkanlar var. Mən artıq bəzi fikirlərimi bildirmişəm. Amma rayonun bütün kənd təsərrüfatı potensialı tam dəqiqliyi ilə təhlil edilməlidir və ora qayıdacaq keçmiş məcburi köçkünlər üçün də tövsiyələr verilməlidir. Əlbəttə ki, burada mərkəzi icra orqanları - Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və mənim nümayəndəm kimi siz birgə işləməlisiniz. Zəngilan rayonu həmsərhəd rayondur, həm İranla, həm Ermənistanla və Naxçıvana da məsafə çox yaxındır. Zəngəzur dəhlizinin işə düşməsi nəticəsində, eyni zamanda, Zəngilan rayonundan İran İslam Respublikasına keçən yollar nəzərə alınmaqla ixrac bazarlarına Zəngilanda yetişdiriləcək malların çox böyük çıxış imkanı var və biz bundan maksimum faydalanmalıyıq. 

“Şadam ki, keçmiş məcburi köçkünlərin mütləq əksəriyyəti qayıtmaq üçün öz fikirlərini bildirib”

Dövlət başçısı deyib ki, təbiətin qorunması ön planda olmalıdır: “Zəngilan rayonunun çox gözəl təbiəti var, füsunkar təbiəti var və təbiət nöqteyi-nəzərdən hesab edirəm ki, ölkəmizin ən gözəl rayonlarından biridir. Azərbaycan-Polşa birgə Hökumətlərarası Komissiyanın tərkibində dəyişiklik edilib. Təbii ki, Zəngilan rayonunda böyük turizm potensialı var. Çünki gözəl meşələr, dağlar, bulaqlar, çaylar və beynəlxalq hava limanı, dəmir yolu, avtomobil yolları, bütün bunlar böyük bir sərvət olacaq. Zəngilan rayonunun turizm potensialı, əlbəttə ki, digər rayonlarda yaradılacaq turizm imkanları ilə də uzlaşdırılmalıdır. İndi Zəngilan, Qubadlı, Laçın yolu ilə Şuşa şəhərinə də məsafə çox qısa olacaq, çox rahat olacaq. Yəni Zəngilan rayonunun turizm imkanları dərindən təhlil edilməlidir, təxirəsalınmaz işlərə biz dərhal başlamalıyıq. Yeni otellər, istirahət zonaları yaradılmalı, kənd turizmi inkişaf etdirilməlidir. Bu, oraya qayıdacaq insanlar üçün də məşğulluq və gəlir mənbəyi olacaq. Yəni burada dünyada və xüsusilə Avropada mövcud olan ən mütərəqqi prinsiplər tətbiq edilməlidir, bütün sahələrdə. Mən, sadəcə olaraq, əsas sahələri qeyd edirəm. Amma bütün sahələrdə ən mütərəqqi təcrübə, ən şəffaf mexanizmlər, insanlar üçün rahatlıq təmin edilməlidir və belə olan halda biz istədiyimizə nail olacağıq. İstədiyimiz isə odur ki, keçmiş məcburi köçkünlər tezliklə öz dədə-baba torpaqlarına qayıtsınlar, orada rahat yaşasınlar və maksimum çox adam oraya qayıtsın, orada yaşasın. Biz elə şərait yaratmalıyıq ki, onlar da həvəsli olsunlar. Biz İkinci Qarabağ müharibəsindən sonra keçmiş məcburi köçkünlər arasında sorğu keçirmişik ki, biz bilək, nə qədər insan qayıtmaq istəyir, çünki görüləcək işlər, tikilən binalar buna uyğun olmalıdır. Şadam ki, keçmiş məcburi köçkünlərin mütləq əksəriyyəti qayıtmaq üçün öz fikirlərini bildiriblər. Amma, əlbəttə ki, onlar təxminən 30 il Bakıda, Sumqayıtda, başqa yerlərdə yaşayıblar, bu yaşayışa öyrəşiblər, onların işləri var, onların uşaqlarının məktəbləri var, nəvələrinin məktəbləri var. Biz bunun hamısını başa düşürük və bir yerdən başqa yerə köçmək o qədər də asan məsələ deyil. Amma əminəm ki, Vətən sevdası onları oraya aparacaq. Biz elə etməliyik ki, onlar oraya gedən zaman orada özlərini rahat hiss eləsinlər”.

“Biz Bəsitçay təbiət qoruğunu bərpa edəcəyik”

Ölkə rəhbəri vurğulayıb ki, Ermənistan işğal dövründə işğal altında olan torpaqların ekologiyasına da böyük zərər vurub: “Mən həmin rəqəmləri səsləndirmişdim. Əlli-altmış min hektar meşə ilə örtülü sahə tamamilə məhv edilib. Biz bunu peyk vasitəsilə müşahidə edirdik. Xüsusilə Kəlbəcər, Laçın, Zəngilan və Qubadlı rayonlarında meşələrin kütləvi surətdə qırılması prosesi gedirdi. Yəni, bu, faktiki olaraq vəhşilik və talançılıqdır. Ermənistanın işğal dövründə çirkin əməllərini təsvir etmək üçün, hesab edirəm ki, bu iki ifadə ön planda olmalıdır – vəhşilik və talançılıq. Zəngilanda da bu mənfur işlər görülüb və bunun nəticəsində təbiətə çox böyük ziyan vurulub. Hər kəs yaxşı bilir ki, Avropada ərazisinə görə ikinci ən böyük çinar meşəsi Zəngilan rayonunda olub - Bəsitçay təbiət qoruğu. O Bəsitçay təbiət qoruğunun böyük hissəsi məhv edilib. Biz Bəsitçay təbiət qoruğunun bərpasına başladıq. Mən tarixi Zəfərdən sonra ilk dəfə Zəngilanda olanda orada ağaclar əkmişəm. Göstəriş verilib və təbii ki, biz Bəsitçay təbiət qoruğunu bərpa edəcəyik. Amma buna, əlbəttə ki, çox vaxt lazım olacaq”.

“Azad edilmiş torpaqların bərpası üçün əlavə vəsait ayırmalıyıq”

Dövlət başçısı bildirib ki, qarşıda duran digər vəzifələr, əlbəttə ki, ilk növbədə, keçmiş məcburi köçkünlərin azad edilmiş torpaqlara tezliklə qayıtmaları ilə bağlıdır: “Burada da dövlət nə mümkünsə edir, bütün güclər səfərbər olunub. Maliyyə vəsaiti səfərbər edilib. Keçən il və bu il bu məqsədlər üçün hər il üzrə 2,2 milyard manat vəsait nəzərdə tutulub, yəni, toplam 4,4 milyard manat. Bu il bizim iqtisadi inkişafımız daha sürətlidir və ilin birinci rübündə iqtisadiyyat təxminən 7 faiz artıb, gəlirlərimiz də artıb. Ona görə mən hesab edirəm ki, təxirəsalınmaz işlərin görülməsi üçün biz əlavə vəsait ayırmalıyıq. Azad edilmiş torpaqların bərpası üçün əlavə vəsait ayırmalıyıq. Hökumətə bu məsələ ilə bağlı göstəriş verildi. Yəqin ki, yaxın gələcəkdə biz bunu rəsmən təsdiqləyəcəyik ki, daha çox işi bu il görə bilək. Hələ, deməli, ilin 4 ayı keçib, görüləcək işlər çoxdur. Ona görə keçmiş məcburi köçkünlərin qaytarılması üzrə birinci layihə, qeyd etdiyim kimi, yaxın zamanlarda icra olunacaq. Digər layihələrə də mütləq başlamaq lazımdır”, - dövlət başçısı qeyd edib.

“Azad edilmiş torpaqlarda bizim kənd təsərrüfatı ilə bağlı çox böyük planlarımız var”

Prezident deyib ki, digər vacib məsələ məşğulluqla bağlıdır: “Ağalı kəndində bu məsələ nəzərdə tutulub. Bu il orada yeni müəssisələrin yaradılması nəzərdə tutulur. Mən göstəriş vermişdim ki, keçmiş məcburi köçkünlər Ağalı kəndinə qayıdan zaman artıq orada işlə məşğul olmaq üçün imkan olsun – həm kənd təsərrüfatında, həm də dövlət və özəl şirkətlər tərəfindən yaradılmış müəssisələrdə insanlar çalışacaqlar. Azad edilmiş torpaqlarda bizim kənd təsərrüfatı ilə bağlı çox böyük planlarımız var. İndi hər kəs yaxşı görür və bilir ki, ərzaq təhlükəsizliyi ön plana çıxır. Son illərdə bu istiqamətdə bir çox işlər görülüb. Ancaq hələ ki, biz özümüzü tam şəkildə, yəni 100 faiz ərzaqlıq buğda ilə və bütövlükdə taxılla təmin edə bilmirik. Əminəm ki, görüləcək əlavə tədbirlər nəticəsində idxaldan asılılıq böyük dərəcədə azalacaq. Burada əsas məsələ həm məhsuldarlıq, sudan düzgün istifadə edilməsi, eyni zamanda, azad olunmuş torpaqlarda əkin yerlərinin düzgün seçilməsi və orada aqrotexniki xidmətin göstərilməsidir”.

"Kəndlərin qurulması planlı şəkildə aparılmalıdır"

Ölkə rəhbəri qeyd edib ki, azad edilmiş hər bir rayonda kəndlərin bərpası ilə bağlı işlərə artıq start verilib: “Bu haqda bu yaxınlarda ictimaiyyətə məlumat verilib. Biz kəndləri də planlı şəkildə bərpa edəcəyik. Biz bu prosesi də mərhələlərə böldük. Birinci mərhələdə hansı kəndlər qurulacaq, ikinci mərhələdə və sair. Əlbəttə, kəndlərin qurulması da planlı şəkildə aparılmalıdır. Yəni kortəbii yox, sistemli şəkildə. Ona görə hər bir yeni yaradılacaq, bərpa ediləcək kəndin baş planı olmalıdır və baş planlar hazırda hazırlanır. Necə ki, şəhərlərin baş planları, o cümlədən Zəngilan şəhərinin, eləcə də kəndlərin baş planları hazırlanacaq. Azad edilmiş bütün torpaqlarda görüləcək bütün işlər ancaq baş planlar əsasında olmalıdır. Baş plandan kənar bir dənə də daş daş üstə qoyulmamalıdır, bir dənə də qanunsuz tikili olmamalıdır. Yəni biz nümunəvi bir yaşayış məkanını yaradırıq. Həm Azərbaycan üçün, həm dünya üçün nümunəvi bir təcrübə sahibi olacağıq. Ona görə hər şey şəffaf, tenderlər və baş planlar əsasında yaradılacaqdır. Ona görə azad edilmiş bütün rayonlarda, o cümlədən Zəngilan rayonunda da bu işlərə artıq hazırlıq gedir”, - dövlət başçısı bildirib.

“Keçmiş məcburi köçkünlər yaxın gələcəkdə Zəngilana qayıdacaqlar”

Dövlət başçısı bildirib ki, Zəngilan rayonu azad edilmiş digər rayonlarımız kimi böyük dağıntılara məruz qalıb: “Ermənistan işğalçı qüvvələri Zəngilan rayonunu demək olar ki, yerlə-yeksan ediblər. Zəngilan şəhərində cəmi 1-2 salamat bina qalıb, o binalardan da Ermənistan işğalçıları - hərbçilər istifadə edirdilər. Bir dənə də salamat kənd qalmayıb, Zəngilanın bütün kəndləri yerlə-yeksan edilib. Bu, bir daha erməni vandalizminin eybəcər sifətini bütün dünyaya göstərir, bir də onu göstərir ki, Azərbaycan xalqı və Azərbaycan Ordusu bölgəmizi böyük bəladan – erməni faşizmindən xilas etmişdir”. Prezidentin sözlərinə görə, Zəngilan rayonunda, eyni zamanda, bütün tarixi-dini abidələrimiz ermənilər tərəfindən dağıdılıb: “Biz artıq tarixi-dini abidələrimizin bərpası işinə başlamışıq. Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Zəngilan şəhər məscidi indi əsaslı şəkildə təmir olunur, faktiki olaraq yenidən qurulur. Çünki bu məsciddən cəmi bir divar qalmışdı. Yəni Zəngilanda mövcud olan acı mənzərə azad edilmiş bütün başqa torpaqlarda da mövcuddur. Biz azad edilmiş bütün torpaqları bərpa edəcəyik və Zəngilan rayonu bu sahədə birinci rayondur ki, artıq keçmiş məcburi köçkünlər yaxın gələcəkdə oraya qayıdacaqlar. Bildiyiniz kimi, birinci pilot layihə Zəngilanın Ağalı kəndində həyata keçirilir. Ağalı kəndi faktiki olaraq yenidən qurulur, böyük və rahat kənd olacaq. Ağalı kəndinin timsalında hər bir Azərbaycan vətəndaşı və ümumiyyətlə, hər bir insan bizim planlarımızı görə bilər. Biz azad edilmiş torpaqları necə görmək istəyirik? Biz insanlara, oraya qayıdacaq insanlara hansı şəraiti yaratmaq istəyirik? Hər kəs görəcək ki, işlərimiz planlı və sistemli şəkildə aparılacaq, bütün amillər nəzərə alınacaq – təhlükəsizlik, rahatlıq, rifah, məşğulluq və gələcək inkişaf”.

“Zəngəzur dəhlizinə gəldikdə, artıq bu dəhliz reallıqdır”

Dövlət başçısı bildirib ki, hazırda Zəngilan rayonunda böyük infrastruktur layihələri icra edilir: “Onların arasında Zəngəzur dəhlizinin tərkib hissəsi olan nəqliyyat infrastrukturunu mən qeyd etmək istərdim. Bu il Zəngilan Beynəlxalq Hava Limanı istismara veriləcək. Əminəm ki, bu hava limanının çox böyük funksiyaları olacaqdır. Çünki biz Zəngilanı gələcəkdə beynəlxalq nəqliyyat-logistika mərkəzi kimi görürük. Rayonun yerləşməsi, beynəlxalq bazarlara yaxın olması və digər amillər bunu təmin edəcək. Azad edilmiş torpaqlarda Füzulidən sonra ikinci hava limanının məhz Zəngilanda yaradılması əlbəttə ki, coğrafi vəziyyəti nəzərdə tutur, buna əsaslanır, eyni zamanda, bizim həm iqtisadi, nəqliyyat, həm də təhlükəsizliklə bağlı məsələlərimizi həll etmək üçün vacib vasitə olacaqdır. Zəngəzur dəhlizinə gəldikdə, artıq bu dəhliz reallıqdır. Zəngilan rayonunun ərazisindən keçən həm dəmir yolu, həm avtomobil yolu nəinki Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, eyni zamanda, beynəlxalq yükdaşımaları üçün yeni bir yol olacaq, beynəlxalq bir yol olacaq. Ona görə və eyni zamanda, keçmiş məcburi köçkünlərin rahatlığı üçün biz dörd və altı zolaqdan ibarət olan avtomobil yolunu sürətlə inşa edirik. Bu yolun hissə-hissə istifadəyə verilməsi gələn ildən başlayacaq”.