Gələcəyimizi qorumalıyıq

Ailə-məişət münaqişələrində ən çox əziyyət çəkən uşaqlar olur

"Evdə bir problem olanda ata və ya ana əsəbini uşağın üzərinə tökür. Ümumiyyətlə, uşağa şiddət göstərən insanlar özləri şiddət görmüş travmalı insanlardır"

Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması;



Mingəçevirdə qızına işgəncə verən ata həbs edilib. Mayın 10-u saat 12 radələrində Mingəçevir şəhərində yaşayan 2003-cü il təvəllüdlü A.M-nın atası tərəfindən qanunsuz azadlıqdan məhrum edilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla 1978-ci il təvəllüdlü N.M-nın psixi xəstəlikdən əziyyət çəkən, kənar şəxslərin qulluğuna ehtiyacı olan qızını fiziki zor tətbiq edib döyməklə evinin həyətyanı sahəsindəki dəmir dirəyə bağlamasına, həmçinin evin zirzəmisində saxlayıb aclığa məruz qoyub əzab verməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 133.2.6 (işgəncə verməklə əzab vermə) və 145.2.5-ci (qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə cinayət işi başlanıb. N.M şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda iş üzrə istintaq tədbirləri davam edir.

Bu hadisə Azərbaycanda məişət, ailə münaqişələri zəminində baş verən onlarla cinayətdən yalnızca biridir. Əslində məişət zorakılığı Azərbaycanda geniş yayılmış gender problemidir. Demək olar əksər ailələrdə məişət zorakılığı özünü müəyyən formalarda büruzə verir. Kimdəsə bu fiziki, cinsi şiddət, kimdəsə də psixoloji təzyiq və təcrid edilmə kimi formalarda müşahidə olunur.

Ailə münaqişələrində hər zaman qurban roluna uşaqlar düşürlər. Fiziki zərbə almasalar belə mütləq şəkildə mənəvi, psixoloji travmalar yaşayırlar. Yəni bir vaxtlar aksioma kimi qəbul edilən "Uşaqlar üçün ən təhlükəsiz yer onların doğulub boya-başa çatdıqları evləri və ailələridir” fikrini artıq faktlar şübhə altına qoyur. Ailədə normal mühit hökm sürəndə, valideyn-övlad münasibətləri qaydasında olanda, cəmiyyətə layiqli övlad da yetişir: "Bizim dəyərlərə görə belə qəbul edilir ki, uşağın çayını, yeməyini verdinsə, iş bitdi. Amma uşağın inkişafı, sağlam psixoloji mühitdə böyüməsi, gələcəyi mühüm amildir.

Sosioloq Əhməd Qəşəmoğlu “Şərq”ə açıqlamasında deyir ki, uşağa qarşı bu cür şiddətin artması gözlənilən haldır. Çünki Azərbaycan ailəsi heç vaxt indiki qədər gərginlik içində olmayıb. Əgər bizdə 100 nikaha qarşı 30-dan artıq boşanma düşürsə, bu o deməkdir ki, ailə daxilində şiddət var: 

“Yəni ancaq maddi vəziyyəti pis ailələrdə boşanma olmur. Deməli, belə ailələr uşaqlar üçün namünasib bir yerdir. Gərgin ailə, ata və ana bir-biri ilə dalaşanda və ya şiddət olduqda, bu, uşağa da təsir edir və beləliklə uşağa qarşı da təzyiq, şiddət artır. Bu, əksinə də ola bilər ki, uşaqların özünün formalaşmasına pis təsir edir və bu uşaqlar küçədə başqasından şiddət görürlər və yaxud valideynlər elə bir davranışa malik olurlar ki, uşaqları başqa uşaqlara zərər verirlər, şiddət göstərirlər. Ona görə də bu cür ailədaxili münaqişələrin artması halında uşaqların şiddət görməsi də təbiidir. Biz bunun qarşısını almalıyıq, çünki valideynin problemi uşaqların problemi deyil, bu, xalqın gələcəyinin problemidir. Əgər ailələrdə belə gərginlik varsa, uşaqlar belə gərginlik içində böyüyürlərsə, onlara qarşı şiddət artırsa, axı bu xalqın gələcəyinə də güclü mənfi təsir edir. Bu məsələlər barəsində güclü tədbirlər görülməlidir ki, ən azından bu hallar azalsın”.

Psixoloq Vüsalə Əmiraslanova isə “Şərq”ə deyib ki, evlilikdən əvvəl cütlüklərin psixi sağlamlıq vəziyyəti nəzərdən keçirilməlidir. Psixi durumu yerində olmayan insanların psixologiyası ailə problemlərinə tab gətirə bilmir. Yaşanan ailə-məişət problemlərində isə əziyyət çəkən uşaqlar olur:

 “Tez-tez rastlaşılan hallardan biri də budur ki, evdə bir problem olanda ata və ya ana əsəbini uşağın üzərinə tökür. Ümumiyyətlə, uşağa şiddət göstərən insanlar özləri şiddət görmüş travmalı insanlardır. Yuxarıda da qeyd etdiyim kimi nikah bağlayan gənclərin psixi sağlamlığı yoxlanılmadığı üçün ailədaxili münaqişələr, uşaqlara qarşı şiddət və işgəncə faktorları artır. Valideynlər sanki uğursuz ailə həyatının intiqamını uşaqdan almağa çalışır və bu kimi amillərin artması ailə institutunu tənəzzülə aparır. İstər qadın, istərsə də kişi ailə həyatı qurmamışdan öncə ailənin nə olduğunu, ata-ananın nə olduğunu öyrənməlidir. Gənclərimiz kor-koranə, ailənin, valideyn olmağın məsuliyyətini dərk etmədən ailə həyatı qurur. Arada qalanlar isə hər zaman uşaqlar olur”.