Londondakı Azərbaycan səfirliyinə hücum -  Ayıq -sayıq olmalıyıq!

Avqustun 4-ü axşam saatlarında bir neçə radikal ünsür Londonda Azərbaycan səfirliyinə hücum edib. Sosial mediada yayılan video görüntülərdə bir neçə naməlum şəxsin Londonda Azərbaycan səfirliyinin yerləşdiyi binanın balkonuna çıxdığı, dini şüarlar qışqırdığı, pəncərə və divarlarda ərəbcə yazılar yazdıqları əks olunur. Video kadrlarda bir nəfərin balkonda sancılan Azərbaycan bayrağını çıxarıb tulladığı, yerinə ərəbcə sözlər yazılmış mavi bayraq asdığı da görünür. Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb və saxlanılıb.
Böyük Britaniyanın “Metro” qəzeti səfirliyə hücum edən şəxslərin “Mehdinin nökərləri” Birliyinin üzvləri olduğunu yazıb. Londonda məskunlaşan “Mehdinin nökərləri” Birliyinin saytında bildirilib ki, onların məqsədi “İmam Mehdinin zühuruna hazırlaşan müsəlmanları birləşdirməkdir”. Küveyt əsilli olduğu deyilən bu qruplaşma 2008-ci ildə Londonda yaradılıb. Böyük Britaniyanın Azərbaycandakı səfirliyi Azərbaycanın London səfirliyinə daxil olan “etirazçıların hərəkətlərini pisləyib”.
“Hadisə nəticəsində səfirliyin əməkdaşları xəsarət almayıb”
  Azərbaycan Xarici İşlər Nazirliyi hadisəni “bir qrup radikal dini dəstə”nin hücumu və “vandalizm aktı” kimi qiymətləndirib. Böyük Britaniyanın Azərbaycandakı səfirliyi yaydığı bəyanatda bildirib ki, polis binanın içərisindəki səfirliyin əməkdaşlarını təhlükəsiz şəkildə təxliyə edib. Daha sonra etirazçıları oradan uzaqlaşdırıb və 8 nəfər həbs edilib: “Böyük Britaniya ölkədəki diplomatik nümayəndəliklərin qorunmasına zəmanət vermək öhdəliyinə ciddi yanaşır və polis müvafiq təhlükəsizlik tədbirlərinin görülməsini təmin etmək üçün Azərbaycan səfirliyi ilə əlaqə saxlayır. Hadisə nəticəsində səfirliyin əməkdaşları xəsarət almayıb. Hadisə yerli hüquq-mühafizə qurumları tərəfindən araşdırılır. Araşdırmanın nəticələri ilə bağlı əlavə məlumat təqdim ediləcək. Vyana Konvensiyasına uyğun olaraq, diplomatların və diplomatik binaların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı xəbərdarlıq tərəfimizdən diplomatik kanallar vasitəsilə Böyük Britaniya qurumlarının diqqətinə çatdırılıb”.
“Diplomatlarımız təhdid və təhlükə altında çalışırlar”
  Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov tviterdə yazıb ki, Londonda yerləşən radikalların səfirliyə hücumu qəbuledilməz və barbarcadır: “Bu, diplomatik binaların toxunulmazlığı prinsipinin birbaşa pozulmasıdır. Hazırda Bakıdayam və həmkarlarımızın təhlükəsizliyinə olan təhdidlərə baxmayaraq, təhlükəsiz olduqlarını görməkdən məmnunam”. Səfir qeyd edib ki, səfirlik əməkdaşları təhdidə rəğmən fəaliyyətlərini davam etdirirlər: “Səfirlik rəsmiləri də daxil olmaqla, vətəndaşlarımızın təhlükəsizliyi bizim əsas prioritetimizdir. Londonda olan azərbaycanlı diplomatlar təhdid və təhlükə altında belə Azərbaycanın Böyük Britaniyadakı səfirliyindəki fəaliyyətlərini davam etdirirlər”.
“Londondakı səfirliyimizə hücum dinə yaraşan hadisə deyil”
  Qafqaz Müsəlmanları İdarəsi Qazilər Şurasının üzvü Hacı Surxay Məmmədli deyib ki, Londondakı səfirliyimizə hücum dinə yaraşan hadisə deyil: “Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə edilən hücum insanların dini inancına zərbədir”. O bildirib ki, diplomatik nümayəndəliyə qarşı vandalizm insanların narazılığına səbəb olub: “Sözsüz ki, bu hallar hansısa bir təxribatçı qrupun din adından yalan şüarlar səsləndirməsinin nəticəsidir. Baş verənlər qəbuledilməzdir. Bu cür fikirlərin, şüarların ifadə edilməsi insanlığa böyük zərbədir. Mən bu hadisəni qətiyyətlə pisləyirəm və bunu yolverilməz sayıram”. Din xadimi qeyd edib ki, Azərbaycan bayrağının yerə atılması heç bir dini əqidəyə yaraşan hadisə deyil: “Çünki Azərbaycan bayrağının uğrunda on minlərlə vətən oğlu qəhrəmancasına vuruşub, qan töküb, şəhid olub. Belə bir addım heç bir dinə, əqidəyə yaraşan hadisə deyil. Bu hadisə eyni zamanda, bizim dövlətçiliyimizlə, insani dəyərlərimizlə ziddiyət təşkil edir”.
“Hər kəs Azərbaycan səfirliyinə hücumu qəti şəkildə pisləməlidir”
  Məşədi Dadaş məscidinin imamı, ilahiyyatçı Hacı Şahin Həsənli deyib ki, özünü müsəlman sayan hər kəs Azərbaycan səfirliyinə hücumu qəti şəkildə pisləməlidir: “Hər zaman müsəlman dünyasında birliyə və əməkdaşlığa yönəlik müsbət tendensiya yarananda dini radikalizm meydana çıxıb. Müsəlman ölkələrində özlərinə xalq dəstəyi tapa bilməyən, fəaliyyətlərinə qadağa qoyulan bu marginal və radikal dəstələr xaricdə məskunlaşıblar. Onlar xarici xüsusi xidmət orqanlarının əlində oyuncağa çevrilib destruktiv fəaliyyətlərinə orada davam ediblər. Belə dəstələrdən biri Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə hücum edib. Dini şüarlarla bir səfirliyə hücum etmək, uğrunda minlərlə müsəlman gəncin canını fəda etmiş bayrağa hörmətsizlik etmək elə islam dəyərlərinə sayğısızlıqdır. Hədəf nədir? Ölkəmizə, xalqımıza qarşı mənfi rəy formalaşdırmaq, dini zəmində dözümsüzlük və münaqişə alovlandırmaqdır. Vaxtı ilə bu dəstələr müxtəlif qulaq oxşayan şüarlarla Azərbaycanda da kök salmaq istəsələr də, sosial baza toplaya bilmədilər. İndi isə əsl simalarını ortaya qoydular. Radikallığın dini olmur, bu bir mənəvi mərəzdir”.
“Səfirliyə hücum zamanı polis öz vəzifələrini yerinə yetirməyib”
  Böyük Britaniyalı jurnalist Neil Vatson deyib ki, Londonda Azərbaycan səfirliyinə radikalların hücumu zamanı polisin reaksiyası çox gec və qeyri-kafi olub. O bildirib ki, polis bir dövlət orqanı olaraq, Böyük Britaniyada yaşayan və işləyən hər kəsə qayğı göstərməyə borcludur: “Polis, həmçinin bütün səfirlikləri və diplomatları qorumaq məsuliyyəti daşıyır. Bu, faktiki olaraq Azərbaycana hücum idi. Fikrimcə, polisin reaksiyası çox gec və qeyri-kafi olub və onlar öz vəzifələrini yerinə yetirməyiblər”. Vatson qeyd edib ki, radikal qrupun üçüncü şəxslər tərəfindən təhrik olunma ehtimalı var və bu həm də kəşfiyyat xidmətlərinin islam terrorizmi ilə bağlı uğursuzluğa düçar olduğunu göstərir.
“Radikallara bütün fitvaları Şirazi verir”
  Kriminalist İlqar Altay "Sherg.az"a deyib ki, Londonda səfirliyimizə “hüseynçi” radikalların basqınının eynisi 2011-ci il 28 noyabr tarixdə Tehrandakı Britaniya səfirliyinə qarşı törədilib. O bildirib ki, təsadüfən, İranda, yazar Rafiq Tağının qətlini araşdırarkən bu hadisənin canlı şahidi olub: “Tehranda ayrı-ayrı zamanlar İran qəzəbləndiyi müxtəlif ölkələrin səfirliklərinə qarşı edilib. İndiki hadisə ilə bağlı suallar yaranır. Britaniyada fəaliyyət göstərən, Küveytdə qurulan, İran hüseynçilərindən fərqli bir radikal qrupun tanımadığı və heç vaxt problemi, əlaqəsi olmadığı Azərbaycanla nə işi? Bu, “İmam Mehdinin mücahidləri Birliyi" təşkilatının bizim ölkədə bir nəfər üzvü varmı? Bu dini təşkilatın qurucusu ayətullah Sadiq Şirazidir. Bu şəxs, Xamenei ilə birgə 1979-cu il İran inqilabında Xomeyninin xidmətində olublar, dost olublar. Şirazi indi də İranda, Qumda oturur və Britaniyadakı bu tip ardıcıllarını, radikal ekstremistləri idarə edir. Təbii ki, onlara bütün fətvaları Şirazi verir. Adətən, təxribat, ya terroru üzərinə götürən istənilən radikal təşkilat dərhal etdiyinin motiv, məqsədi və tələbini də yerindəcə deyir. Bunlar isə təxribatı üzərinə götürəndən saatlarca sonra motivi deyiblər ki, guya, Azərbaycanda hüseynçiliyə qarşı nəsə problem yaradılıb. Demək, bu təşkilat aksiyanı törədən an ideya motiv, məqsədsiz olub. Yəni sadəcə, icraçılıq edib, sifarişlə və hadisədən də xeyli sonra oturub fikirləşiblər ki, nə motiv desinlər”.
“Bakıda hansısa qrup hansısa səfirliyə belə hücum edə bilərdimi?
Siyasi şərhçi Azər Həsrət də deyib ki, Londondakı səfirliyimizə bir qrup beynipozuq şəxsin dini təəssübkeşlik adı altında etdiyi hücum Azərbaycanı içəridən qarışdırmaq istəyənlərə fürsət verməməlidir. Ekspert vurğulayıb ki, baxırıq ki, bəziləri bu olayı bəhanə edərək islama, özəlliklə də şiəliyə qarşı təhqir kampaniyası aparırlar: “Elə bu da bizi içəridən qarışdırmaq istəyən İrana, dünən səfirliyimizə hücum edənlərə lazımdır. Belə etmək olmaz. Əgər kimsə haradasa imam Mehdinin adı altında cinayət törədirsə, buna məzhəb nə etsin, din nə etsin? Azərbaycan bütün dinlərə və məzhəblərə tolerant yanaşan, onların ardıcılları üçün hər cür şərait yaradan dünyəvi dövlətdir. Kiminsə cinayət əməlinə görə bir dini, yaxud məzhəbi hədəfə almaq doğru bir şey deyil. O baxımdan diqqətli və həssas olmalıyıq. Özəlliklə də bu dönəmdə. Bir tərəfdə İran, bir tərəfdə Rusiya, bir tərəfdə Ermənistan Azərbaycanı həm də bu yöndən vurmaq üçün durmadan çalışırkən, niyə onlara bəhanə verək? Hadisənin Londonda olması da kimsəni çaşdırmasın. İran fars-molla rejiminin təkcə Londonda deyil, dünyanın hər yerində belə ehtiyat bombaları var. Hə, səfirliyə hücum edən qrupun İran hakimiyyətinə müxalif olduğunu deyirsiniz? O da gözdən pərdə asmaq üçündür, aldanmayaq. Amma öz aramızdır, Bakıda hansısa qrup hansısa səfirliyə belə hücum edə bilərdimi? Əsla mümkün deyil. Nə Azərbaycan dövləti, nə də Azərbaycan polisi və xüsusi xidmət orqanları belə bir şeyə yol verməzlər. Hey, ingilislər, sayıqlığınıza kölgə düşürdünüz bu olaya gec qalmaqla”.