Aynur Camal: "Pensiya yaşı mütləq aşağı salınmaldır, qadınlar üçün bu xüsusi önəm daşıyır"
Məlahət İbrahimqızı: "Pensiya üçün yaş həddinin dəyişdirilməsi, yenidən baxılması məsələsi parlamentin hazırda gündəmdə deyil”
Millət vəkili Qüdrət Həsənquliyev parlamentdə çıxışı zamanı ölkədə qadınlar üçün tətbiq edilən pensiya yaş həddindən danışıb. Deputat bildirib ki, Azərbaycanda qadınların pensiya yaşı aşağı salınmalıdır ki, gənc xanımlar üçün də iş imkanları genişlənsin:
“Bizdə çox zaman pensiya yaşını Avropa ölkələri ilə müqayisə edirlər. Amma nəzərə almaq lazımdır ki, orada ömür uzunluğu da yüksəkdir. Eyni zamanda bizdə minimum pensiyanın məbləği 240 manatdır. Mən hesab edirəm ki, bunu artırmaq lazımdır”.
Deputat qeyd edib ki, Rusiyada 3 və daha çox uşağı olanlar çoxuşaqlı ailələr sayılır və belə ailələr 4 otaqlı mənzillə təmin olunurlar:
“Bizdə cəmi bir xanım icra başçısı var. Biz şərqdə ilk dəfə qadınlara səs vermək hüququ verən xalqıq. Məncə kvorum olmalıdır. Qadınlar cəmiyyətin bütün institutlarında işləməlidir. Çox yaxşı haldır ki, Azərbaycanda Birinci vitse-prezident, eləcə də Milli Məclisin sədri xanımdır. Hesab edirəm ki, biz bu sahəyə xüsusi diqqət ayırmalı, xanımlarımız üçün iş imkanlarını genişləndirməliyik”.
“Teleqraf Holdinq”in direktoru, keçmiş xanım deputat Aynur Camal “Sherg.az”-a ölkədəki mövcud olan pensiya yaş həddindən danışarkən qeyd edib ki, millət vəkilinin fikirləri ilə razıdır. Onun sözlərinə görə, ölkədə həqiqətən də pensiya yaşının azaldılmasına böyük ehtiyac var:
“Ümumiyyətlə, pensiya yaşının artırılması öncədən yanlış verilmiş qərar idi. Əmək və Əhalinin Sosial Müdafiəsinin sabiq naziri Səlim Müslümovun atdığı bu addımla ölkədə orta təbəqəyə böyük zərbə vuruldu. Bildiyimə görə, bu ideya ona aiddir. Azərbaycanda pensiya yaşı artırılan zaman Skandinav ölkələri nümünə kimi götürüldü. Lakin həmin ölkələrdə orta yaş həddi olduqca yüksəkdir, insanlar uzun ömür sürür. Bu orada yaşan insanların stressiz həyat sürməsi ilə bağlıdır. Azərbaycanda isə vəziyyət fərqlidir. Bizim 20 faizdən artıq torpaqlarımızda 30 il erməni işğalı hökm sürüb. Müharibə və işğal faktorunun insanlarda yaratdığı gərginliyi sözlə ifadə etmək mümkün deyil. Bütün bu amillər insanların yaşına, ömrünə təsir göstərir. Təəssüflər olsun ki, bu baxımdan Azərbaycanı uzunömürlülər ölkəsi adlandıra bilmərik”.
A.Camalın qənaətincə, ölkənin bütün ziyalıları Q.Həsənquliyevin bu təklifini dəstəkləməlidir:
“Media olaraq bu məsələni xüsusi şəkildə qabartmalıyıq ki, Milli Məclis bu qanuna yenidən baxsın. Azərbaycanda pensiya yaşı mütləq aşağı salınmaldır. Qadınlar üçün isə bu xüsusi önəm daşıyır. Eyni zamanda çox uşaqlı analar üçün güzəştlər tətbiq olunmalıdır. Əvvəllər üç və daha çox uşağı olan qadınlar 52 yaşında pensiyaya çıxa bilirdilər. Düşünürəm ki, indi heç olmasa bunu 55 yaşlı qadınlar üçün tətbiq edə bilərik. Deputatın da dediyi kimi, pensiya yaşını aşağı salmaqla gənc qadınlar üçün də iş imkanlarını artıra bilərik. Bununla insanlar uzun illər dövlət büdcəsinə ödədiyi verginin qarşılığını almış olar. Bu baxımdan məsələ mütləq diqqət mərkəzində saxlanılmalıdır”.
Azərbaycanda qadınların işlə təminatının səviyyəsinə münasibət bildirən deputat Məlahət İbrahimqızı isə vurğulayıb ki, ölkəmizdə məşğulluqla bağlı çox ciddi proqram və layihələr həyata keçirilir:
“Milli Məclisin qəbul ediyi Məşğulluq haqqında Azərbaycan Respublikasının Qanununda qadınlara məşğulluq siyasətinin gender baxımından yanaşılması çox vacib prioritetdir. Bu qanunda Vətən müharibəsində ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canından keçmiş şəxslərə və ailələrinə, həmçinin qazilərimizə xüsusi imtiyazlar verilir. Həmçinin qeyd etmək lazımdır ki, qanun gender nöqteyi-nəzərindən ekspertizadan keçirilib. Ölkəmizdə qadınlarla bağlı kvota sistemi olmasa da, bütün iş sahələrində qadınlar təmsil olunur. İcra hamiyyət orqanlarında birinci şəxs olmadığı halda, ikinci şəxs qadınlardır. Bu yalnız dövlət məmuru statusu daşınyanlara aid deyil. Digər sahələrdə də qadınlarımızın iştiarkı yüksək səviyyədədir. Humanitar sahələrdə - mədəniyyət, səhiyyə, təhsil kimi sahələrdə qadınların təmsilçiliyi 70-80 faizdir. Bu gün ölkədə yaradılan yeni iş yerlərində, Qarabağda aparılan quruculuq işlərində, regionların sosial-iqtisadi inkişaf proqramlarında qadınlar işlə təmin olunur. Pensiya üçün yaş həddinin dəyişdirilməsi, yenidən baxılması məsələsi isə parlament üçün hazırda gündəmdə deyil”.