Zaporojye AES  təhlükəsi: Region ikinci Çernobıl faciəsini yaşaya bilər 

Necə ki, Qərb və Türkiyə Rusiya-Ukrayna arasında “taxıl razılaşması”nın imzalanmasına nail 
oldu, eləcə də AES məsələsində də anlaşma zəruridir

  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zaporojye Atom Elektrik Stansiyasındakı vəziyyət 
barədə rusiyalı həmkarı Vladimir Putinlə danışacağına söz verib. Ərdoğan bildirib ki, Zaporojye 
təsadüfi məsələ deyil. Hazırda ərazidə ukraynalı mütəxəssislər var. Türkiyə liderinin sözlərinə 
görə, Ukrayna Prezidenti V.Zelenskinin Ankaradan istədiyi Zaporojyenin Rusiya minalarından 
təmizlənməsi və mövcud durumda təhdidin azalmasıdır: “Çernobılın təkrarlanmasını istəmirik” 
deyəndə də bunu nəzərdə tutmuşdum. Bu mövzuda Rusiya Prezidenti Vladimir Putinlə 
danışacağam. Rusiya dünyadakı sabitlik naminə bu addımı atmalıdır. Ərdoğan həmçinin 
Zelenskiyə Putinlə Türkiyədə görüş keçirməyi təklif etdiyini bildirib. Məlumat üçün bildirək ki, 
Ərdoğan Rusiya-Ukrayna müharibəsi başlayandan sonra ilk dəfə, ötən həftə Ukraynaya səfər 
edib. O, Lvov şəhərində BMT baş katibi Antonio Quterreş və həmkarı Vladimir Zelenski ilə 
ikitərəfli və üçtərəfli görüşlər keçirib. Liderlər Ukraynadakı durumu, o cümlədən taxıl ixracı 
prosesini müzakirə ediblər. 
  Ərdoğanın açıqlamasını “Şərq”ə təhlil edən politoloq Əhəd Məmmədli bildirib ki, Zaporojye 
AES təkcə Türkiyə, Rusiya və Ukraynanın deyil, bütün dünyanın gündəmindədir. Analitik qeyd 
edib ki, BMT-nin baş katibi A.Quterreş də Ərdoğanla görüşündə atom elektrik stansiyası 
haqqında narahatlığını xüsusilə dilə gətirib: “Zaporojye AES qeyri-ciddi məsələ deyil və kifayət 
qədər təhlükəlidir. Region ikinci Çernobıl faciəsini yaşaya bilər və miqyası daha geniş olar. Ona 
görə də bu məsələdə ortaq məxrəcə gəlmək olduqca vacibdir. Necə ki, Qərb və Türkiyə Rusiya-
Ukrayna arasında “taxıl razılaşması”nın imzalanmasına nail oldu, eləcə də AES məsələsində də 
anlaşma zəruridir. Düşünürəm ki, Ərdoğan bununla bağlı Putini yola gətirə biləcək. Vurğulamaq 
lazımdır ki, hazırda Rusiya rəhbəri V.Putinə təsir göstərə bilən yeganə lider Ərdoğandır. Qərb 
Kreml rəhbəri ilə hansısa məsələni müzakirə etmək istədikdə Türkiyə lideri vasitəçi rolunda çıxış 
edir. Rusiya rəhbərinin kifayət qədər təhlükəli olan məsələyə biganə yanaşacağını zənn 
etmirəm”.