Prezident: İtaliya şirkətlərinin gördüyü işlər Türkiyə şirkətlərindən sonra ikinci yerdədir

“İtaliya şirkətləri işğaldan azad olunan ərazilərdə aktiv fəaliyyət göstərirlər”.

APA xəbər verir ki, bunu Prezident İlham Əliyev sentyabrın 2-də Çernobbio şəhərində İtaliyanın “İl Sole 24 Ore” qəzetinin müxbiri Roberto Boncorniyə müsahibəsində deyib.

“İtaliya şirkətlərinin gördüyü işlər miqyasına görə Türkiyə şirkətlərindən sonra ikinci yerdədir. Türkiyə şirkətlərinin birinci yerdə olması təbiidir. Çünki Türkiyə bizim müttəfiqimiz, yaxın dostumuz və qonşumuzdur. Onların məşhur tikinti şirkətləri var. İkinci yerdə isə İtaliya şirkətləridir. Mən sizə misal göstərə bilərəm. Məsələn, bizim Memorial və Zəfər muzeylərimiz təkcə Bakıda deyil, işğaldan azad olunmuş şəhərlərdə də İtaliya şirkətləri tərəfindən dizayn olunub və tikiləcək. İtaliya şirkətləri işğaldan azad olunmuş dörd rayonda - Ağdam, Füzuli, Qubadlı və Kəlbəcərdə elektrik stansiyalarını avadanlıqlarla təchiz edib”, - Prezident İlham Əliyev bildirib.