İlin sonuna barış gözlənilir

Ermənistanın manipulyasiya imkanları tamam zəifləyib

"Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması Brüsselin vasitəçiliyi ilə reallaşacaq"

  Azərbaycanla Ermənistan arasında sülh sazişi ilin sonuna qədər imzalana bilər. Bu sözləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ Dövlət katibi Entoni Blinken və prezidentin təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın vasitəçiliyi ilə baş tutan görüşlər haqda danışarkən deyib. 

Onun sözlərinə görə, görüşlərdə sülh sazişi ilə bağlı da fikir bölüşülüb: 

“Yəni sülh sazişinin tezləşdirilməsi və ilin sonuna qədər bağlanması ilə bağlı müzakirələr aparıldı. Həmçinin delimitasiya məsələsi də gündəmdə oldu”. Qriqoryan qeyd edib ki, sülh müqaviləsi və delimitasiya bir-biri ilə bağlıdır və ilin sonuna kimi delimitasiya prosesinin aparılması üçün razılıq var: “Deyə bilərik ki, Ermənistanla Azərbaycan arasında delimitasiya prosesi başa çatıb. Qalır qarşılıqlı razılığa gəlmək ki, iki ölkə arasında sərhədlə bağlı görülən işləri əsas götürək”.

  Xarici işlər naziri Ceyhun Bayramov da deyib ki, Azərbaycan tərəfinin ilkin təqdim etdiyi 5 baza prinsipi əsasında daha genişlənmiş elementlər Ermənistan tərəfinə təqdim edilib. Qarşı tərəf isə bununla bağlı vaxt verilməsini xahiş edib. Nazir bildirib ki, hələ ki, Ermənistan tərəfindən bununla bağlı reaksiyası yoxdur: "Bizdə tam məlumat yoxdur ki, növbəti görüş əsnasında onunla bağlı Ermənistanın hər hansı bir reaksiyası olacaq, yoxsa onlara əlavə vaxt lazımdır. Ancaq ümumilikdə bir neçə istiqamət var ki, onların hər birinin irəli aparılması bizim üçün önəmlidir. İlk növbədə ikitərəfli əsasda olan sülh müqaviləsi mövzusu, kommunikasiyaların açılması, delimitasiya mövzuları hər dəfə görüş əsnasında müzakirə edilir. Azərbaycan öz məlum prinsiplərini çatdırır və bu istiqamətdə işləri irəli aparır”.

  Politoloq Məhəmməd Əsədullazadə deyib ki, Ermənistan 12-14 sentyabr döyüşlərindən nəticə çıxarıb və Nikol Paşinyan Qarabağı Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tanıyıb. Analitik vurğulayıb ki, Avropa İttifaqının vasitəçiliyi ilə yekun Bəyannamədə Azərbaycanın beş təməl prinsipi, ölkəmizin ərazi bütövlüyü Ermənistan tərəfindən rəsmən tanınıb:

 "Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa, deməli, Qarabağ daxil olmaqla bəyannaməyə imza atıb. Paşinyan bir neçə gün bundan əvvəl Qarabağla bağlı verdiyi açıqlamada onun beynəlxalq birlik tərəfindən Azərbaycan ərazisi kimi tanıdığını vurğulamışdı. Bundan əvvəl Ermənistanın baş naziri Qarabağ məsələsini ərazi bütövlüyü çərçivəsindən çıxarırdı. O da məlumdur ki, Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında iki bəyannamə imzalanıb. Amma Ermənistan bu bəyannamələrə əməl etmir. 

Lakin mövcud vəziyyətdə Ermənistan tərəfinin manipulyasiya imkanları zəifləyib". İrəvanın Kremldən uzaqlaşmaq kursu götürdüyünü deyən ekspertin fikrincə, hazırda Rusiyanın Ermənistana ciddi təzyiqlər etməsi onun imkanları xaricindədir: 

"Paşinyanın Zəngəzur dəhlizinin açılması ilə bağlı mövqeyində isə rəsmi dəyişiklik olmayıb. Ermənistanın baş naziri Zəngəzur dəhlizində Rusiya hərbçilərinin yerləşdirilməsinə qarşıdır. Düşünürəm ki, Praqada imzalanan bəyannamədən sonra rəsmi Bakının Ermənistanın Qarabağı Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tanıdığını rəsmən elan etməsi lazımdır. 

Ermənistan tərəfi də bu barədə ictimaiyyətinə açıqlama verməlidir. Bütün bunları nəzərə alaraq, deyə bilərəm ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması Brüsselin vasitəçiliyi ilə reallaşacaq".