Bütün Türkiyənin günlərlə ümidlə xəbər gözlədiyi, ancaq 19 gün sonra sarsıdıcı xəbəri alınan balaca Narin Güranın istintaqı çərçivəsində əmisinin bu cinayətdə birbaşa əli olduğu üzə çıxıb.
"Sabah" qəzeti istintaq çərçivəsində alınan ifadələrə istinadla belə bir xəbər yayıb.
Bildirilir ki, çay kənarına maşını ilə getdiyi müəyyən edildikdən sonra saxlanılan şübhəli etiraf edib ki, icra nümayəndəsi (Narinin əmisi - red.) cəsədi çuval içərisində ona verib.
"Çuvalı götürüb çaya atdım", - deyə o əlavə edib.
Cinayətlə bağlı bu önəmli etirafdan sonra istintaq dərinləşdirilib. Aparılan ekspertiza zamanı Narinin çuvalda sol ayağının diz hissəsinin qopuq olduğu öyrənilib.
Qeyd edək ki, dünən Diyarbəkir valisi Murat Zorluoğlu Narin Güranın Eğertutmaz çayı kənarında çuval içərisində, üstü daşla gizlədilmiş vəziyyətdə ölü tapıldığını açıqlayıb.
"İlk məlumatlara görə uşaq öldürüldükdən sonra bir çuvalın içinə qoyulub çay kənarına gətirilib, çuvalla birlikdə çayın kənarında suyun içinə yerləşdirilib. Üstü də ağac budaqları və daşlarla şübhə oyatmayacaq şəkildə, təbii görüntü yaradılaraq örtülüb", - deyə o vurğulayıb.
Qeyd edək ki, istintaq çərçivəsində Narin Güranın anası, atası, iki qardaşı, dörd əmisi və həbs olunan əmisi S.G.-nin arvadı da daxil olmaqla 24 nəfər saxlanılıb.
Bildiyiniz kimi, belə bir hadisə Azərbaycanda da baş verib. Beləki Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyeva 46 gündən sonra, öldürülmüş və yandırılmış vəziyyətdə tapıldı. Ona görə də bir çoxları belə qatillərə qarrşı edam cəzasınn yenidən bərpa edilməsini tələb edirlər. Sual ortaya çıxır. Edam cəzasının bərpası doğru yanaşmadırmı?
Mövzu ətrafında fikrilərini "Sherg.az"la bölüşən sosioloq Elçin Bayramlı bildirib ki, bunun kimi vəhşilikləri törədənlərə qarşı edam cəzasının bərpa olunmasının tərafdarıdır:
''Təəssüf ki, qanunvericilik Avropa Şurasının tələbi ilə maksimum dərəcədə yumşaldılıb. Bu isə çox səhv addımdır. Belə yanaşma dəhşətli hadisələri stimullaşdırır. Azərbaycanda son 30 ildə əhaliyə qarşı açıq psixotrop terror gedir. Prosses televiziya, kriminal verlişlər, filmlər, şoular, aqressiv kompüter oyunları vasitəsi ilə aparılır. Bir sözlə, insanlar belə bir mühitdə formalaşırlar. Yəni, ətrafdan daim mənfi enerji alırlar. Ona görə də belə hadisələrin baş verməsi təbii haldır. Bu problemin qarşısı dövlət tərəfindən alınmalıdır. Televiziya, radyo və mətbuat vasitələri ciddi senzura tətbiq edilməlidir. İnternet məkanlarına bloklamanın köməyi ilə məhdudiyyətlər tətbiq olunmalıdır. Günümüzdəki gənclər internetdə qorxunc işlərlə məşğuldur. Apardığım araşdırmaya görə, qorxu, təcavüz filmlərinə baxış 90 faiz təşkil edir. Əhalinin 10 faizi isə normal filmləri izləyir. Hətta, vətəndaşlar normal filmlərin içərisində ölüm, zorlama olmadıqda onu maraqsız hesab edirlər. Bu nüans insanların psixologiyasının hansı həddə olduğunu göstərir. Fikrimcə, bu yöndə gec də olsa, tədbirlər görmək vacibdir''.
Eksapert vurğulayıb ki, Avropa təşkilatlarının tələblərinə tüpürərək milli-mənəvi dəyərlərimizi qorumalıyıq:
''Əslində, burada qidaların, dərmanların, ekoloji mühitin də rolu var. Beləki indiki süni qidalar, psixotrop dərmanlar insan orqanizmini məhv edir. Bir növ adamı zombiləşdirir, şürunu korlayır və dəyərlərini öldürür. Zənnimcə, problemi yalnız dövlət həll edə bilər. Əks halda, bu tip tükürpədici hadisələrin sayı durmadan artacaq".