Azərbaycan Türk Dövlətləri Təşkilatını daha da gücləndirəcək


Ceyhun Bayramov: "Dost və qardaş dövlətlərimiz qarşıya qoyulan bütün məqsədlərə çatmaq üçün çiyin-çiyinə fəaliyyətlərini davam etdirəcək"

  "Türk Dövlətləri Təşkilatı"nın Strateji Yol Xəritəsinin qəbul edilməsinə xüsusi əhəmiyyət veririk". Bunu Xarici işlər naziri, cənab Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Fövqəladə İclasında çıxışı zamanı deyib. Nazir bildirib ki, Türkiyənin sədrliyi dövlətlərimiz arasında Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinə töhfə verən çoxsaylı tədbir və fəaliyyətlər ilə zəngin olub: "İnanıram ki, bugünkü müzakirələrimiz 11 noyabr 2022-ci ildə Özbəkistanda təşkil ediləcək növbəti Zirvə görüşünə hazırlıq baxımından faydalı olacaq. Qardaş Özbəkistanın Təşkilatımıza üzv olduqdan sonra ilk dəfə belə bir Zirvəyə ev sahibliyi edəcəyi faktı öz-özlüyündə böyük rəmzi əhəmiyyətə malikdir. Bundan əlavə, əminik ki, növbəti Zirvə görüşü təşkilatımızın daha da güclənməsində mühüm bir mərhələ təşkil edəcək. Zirvə Görüşü zamanı bir sıra mühüm sənədlərin, o cümlədən Türk Dövlətləri Təşkilatının 2022-2026-cı illər üzrə Strateji Yol Xəritəsi, Təşkilatın Prosedur Qaydaları və digər sənədlərin qəbul olunması nəzərdə tutulur. Ümid edirəm ki, ekspertlərimiz bu sənədlərin Zirvə görüşünə qədər tamamlanmasına nail olacaqlar. Bu xüsusda konstruktiv əməkdaşlığa görə bütün üzv və müşahidəçi dövlətlərə, eyni zamanda TDT-nin Baş katibi cənab Bağdat Amreyevə və Katibliyin heyətinə gərgin rejimdə səmərəli iş fəaliyyətinə görə təşəkkürümü bildirmək istərdim".

"Katibliyin heyətində bir sıra dəyişikliklərin baş verməsi gündəliyimizdədir"

  Ceyhun Bayramov qeyd edib ki, biz TDT-nin 2022-2026-cı illər üzrə Strateji Yol Xəritəsinin qəbul edilməsinə xüsusi əhəmiyyət veririk. Hesab edirik ki, bu sənəd qısa və hədəf yönümlü olmaqla, qarşıya qoyulan məqsədə çatmağa imkan verəcək: "Bundan əlavə, Katibliyin heyətində bir sıra dəyişikliklərin baş verməsi də bizim gündəliyimizdədir. Azərbaycan davamlı olaraq, Katibliyin gücləndirilməsinin tərəfdarı kimi çıxış edir və bu anlayışla hərəkət edərək üzv və müşahidəçi dövlətlər tərəfindən irəli sürülən namizədlərin hər biri tərəfimizdən dəstəklənib. Eyni zamanda, Azərbaycan tərəfi də Türk Akademiyasının Prezidenti və TDT-nin Baş katibinin müavini vəzifələri üçün öz namizədlərini təqdim etmişdir, həmin namizədlərin dəstəklənəcəyinə ümid edirik. Növbəti Zirvəyə doğru irəlilədiyimiz bir vaxtda təşkilat çərçivəsində, habelə ikitərəfli əsasda əlaqələrimizin inkişaf etdiyini, dialoqun intensivləşdiyini müşahidə etmək məmnunluq doğurur. Bu kontekstdə, Zati-Aliləri cənab Prezident İlham Əliyevin Türkiyə, Özbəkistan və Qırğızıstan və Qazaxıstana son səfərləri dövlətlərimiz arasında əlaqələrin ortaq düşüncə və qarşılıqlı maraqlara söykənən xüsusi xarakterli münasibətlər olmasını bir daha nümayiş etdirib".

"Olduqca faydalı olduğuna inanırıq..."

  Azərbaycanın XİN başçısı Şuşa şəhərinin türk dünyasının 2023-cü ildə mədəniyyət paytaxtı seçilməsinə verilən xüsusi əhəmiyyətdən də söz açıb. Qeyd edib ki, təşkilatın Şuşa şəhərinin təbliğ və təşviq edilməsində xüsusi rol oynadığını, burada təşkilatın himayəsi ilə müxtəlif tədbirlərin təşkil edilməsini məmnunluqla izləyirik: "Bu xüsusda, 16 sentyabr 2022-ci ildə keçirilmiş Şuşa Türk Biznes Forumu Azərbaycanın azad edilmiş Qarabağ bölgəsinin dağıdıcı işğaldan sonra inkişafının dəstəklənməsinin konkret istiqamətlərinin müəyyən edilməsində təşkilatın oynaya biləcəyi rolun və xüsusi istiqamətlərin müəyyən edilməsi baxımından olduqca faydalı olduğuna inanırıq. Eyni qaydada, Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi dövlətlərinin rəsmi beyin mərkəzlərinin bu ilin iyul ayında Şuşada keçirilmiş görüşü də dövlətlərimiz arasında əməkdaşlıq və tərəfdaşlığın inkişaf etdirilməsi ilə bağlı ciddi müzakirələrin aparılması üçün vacib bir platforma olub". 

"Azərbaycan tərəfi TDT-nin fəaliyyətini hər zaman dəstəkləyir"

  Ceyhun Bayramov əlavə edib ki, geniş coğrafiyamızda baş verən sürətli proseslər və regionumuzun, eləcə də ümumilikdə türk coğrafiyasının əhəmiyyətinin artması fonunda, bir tərəfdən ortaya çıxan yeni çağırışlarla mübarizənin səmərəli təşkili, digər tərəfdən isə yeni fürsətlərin xalqlarımızın və dövlətlərimizin mənafeləri naminə reallaşdırılması məqsədilə birgə fəaliyyətimiz gücləndirilməlidir: "Bu məqsədlərə nail olmaq üçün TDT çox əhəmiyyətli platformadır. Azərbaycan tərəfi TDT-nin fəaliyyətini hər zaman dəstəkləyir və bundan sonra da TDT-nin çətiri altında qardaş xalqlarımız arasında münasibətlərin daha da möhkəmləndirilməsi üçün səy göstərəcəkdir. Bu xüsusda, TDT-nin əlaqəli qurumları da fəaliyyətlərinin daha artırması, o cümlədən Koordinasiya Komitəsinin işinin gücləndirilməsi olduqca vacibdir. İnanıram ki, dost və qardaş dövlətlərimiz qarşıya qoyulan bütün məqsədlərə çatmaq üçün çiyin-çiyinə fəaliyyətlərini davam etdirərək, türk dünyasının parlaq gələcəyinə bundan sonra da töhfə verməyə davam edəcəklər. Bir daha iclasın yüksək səviyyədə təşkilinə görə Türkiyə tərəfinə, xüsusilə qardaşım Mövlud Çavuşoğluna təşəkkürlərimi bildirir, gələn ay qardaş Özbəkistanda yenidən görüşmək ümidi ilə çıxışımı bitirirəm".

"Zəngəzur dəhlizi açıldıqdan sonra Orta Dəhlizin səmərəliliyi daha da artacaq"

  TDT-nin Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım deyib ki, nəqliyyat və rabitə təməllərinin inteqrasiyasının artırılması baxımdan Orta Dəhlizin əhəmiyyəti çox yüksəkdir. O qeyd edib ki, bu dəhliz tarixi ticarət yolu olmaqla yanaşı, həm də iqtisadi baxımdan digər ticarət yollarından daha tez və sərfəlidir: "Rusiya-Ukrayna qarşıdurması son dövrdə bu dəhlizin daha təhlükəsiz və işlək olduğunu bir daha göstərdi. Azərbaycan ilə Naxçıvanı birləşdirən Zəngəzur dəhlizi açıldıqdan sonra bu dəhlizin səmərəliliyi daha da artacaq. TDT-yə üzv ölkələr bu dəhlizin üzərində yerləşir və Zəngəzur dəhlizinin tezliklə açılması hər birimizin maraq dairəsi daxilində olmalıdır”. 

Bu il noyabrın 11-də Səmərqənddə keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə Toplantısında müzakirə olunacaq məsələlərə diqqət çəkən Binəli Yıldırım bildirib ki, TDT-nin xarici ölkələrlə ümumilikdə ticarət həcmi 700 milyard ABŞ dollar olduğu halda, TDT ölkələri arasında bu məbləğ 20 milyard dollar təşkil edir. O əlavə edib ki, bu rəqəmin artırılması müzakirə olunmalıdır və Səmərqənddə keçiriləcək Liderlər Zirvəsində sərbəst ticarət anlaşmasının imzalanması gözlənilir.