QMİ sədri: "Ərdoğanın Zəngilan aeroportunun açılışında iştirakı bizlərə qürur bəxş edir"

“Bugünkü Şuşa görüşümüz əlamətdar hadisə - işğaldan azad olunmuş Zəngilanda aeroportun açılışı ilə eyni günə təsadüf edir. Füzuli aeroportunun ardınca Qarabağın daha bir hava limanının açılış mərasimində Azərbaycan Prezidenti ilə bərabər, qardaşı - Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak etməsi bizlərə qürur bəxş edir”.
“Report”un Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin müsəlman dini liderlərinin Şuşada keçirilən üçüncü görüşündə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, yenidən qurulan yollar, abad kənd və şəhərlər, hava limanları Azərbaycanın və ümumən türk birliyinin rifah və gələcəyinə xidmət edəcək: “İslam və türk dünyasının tolerantlıq və multikulturalizm ənənələrinə sadiq Azərbaycan dövlətinin məscidlərlə yanaşı, kilsə və məbədlərə himayə və qayğısı türk mentalitetinin yüksək mənəvi statusunu dünya miqyasında əyani təsdiq edir. Bu gün azad Qarabağda dini-mənəvi abidələrin, məscidlərimizin nəfis şəkildə bərpası və yenidən qurulması sahəsində həyata keçirilən yüksək səviyyəli işlər möhtərəm Prezidentimizin qətiyyətli siyasi iradəsinin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın zəhmətlərinin nəticəsidir”.