TDT-yə üzv ölkələrin müsəlman dini liderləri Prezident İlham Əliyevə müraciət ünvanlayıblar - YENİLƏNİB

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin müsəlman dini liderləri Qarabağ zəfərinin ikinci ildönümü münasibətilə Prezident İlham Əliyevə müraciət ünvanlayıblar.

“Report”un Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, müraciətdə deyilir:

“Cənab Prezident, biz, TDT üzv ölkələrin müsəlman dini liderləri sizə səmimi arzularımızı Şuşadan yetirməkdə şərəf duyuruq. Qardaş Azərbaycan xalqı tarixinin ən möhtəşəm günlərini yaşadığı günlərdə Şuşada olmaq hər birimiz üçün böyük fəxarətdir. Bu qələbənin müəllifi, Qarabağ Fatehi İlham Əliyevi səmimi qəlbdən təbrik edirik”.

12:17

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Müsəlman Dini İdarələrinin Rəhbərləri Şurasının Əsasnaməsi imzalanıb.

“Report”un Şuşaya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, sənədi TDT-nin Baş katibi Bağdad Amreyev, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Türkiyə Diyanət İşləri Başkanı Əli Erbaş, Özbəkistan müftisi Nuriddin Xoliknazarov, Qazaxıstanın baş müftisi Naurızbay Taqanulı, Qırğızıstan müftisi Zamir Rakiyev, Türkmənistan müftisi Yalkab Xocaquliyev imzalayıblar.

11:26

Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini liderləri işğaldan azad olunmuş Şuşa şəhərindədir.

“Report”un Şuşaya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bu gün Azərbaycanın mədəniyyət paytaxtında TDT Müsəlman Dini İdarə rəhbərləri Şurasının Əsasnaməsi imzalanacaq, birgə bəyanat qəbul ediləcək.

Daha sonra dini liderlər Şuşanın Yuxarı Gövhərağa məscidində birgə namaz qılacaqlar.

Nümayəndə heyəti Şuşada tarixi məkanlarla, həmçinin burada aparılan bərpa-quruculuq işləri ilə də tanış olacaqlar.

09:51

Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini liderlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfəri başlayıb.

“Report”un Füzuliyə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, nümayəndə heyəti əvvəlcə Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olublar.

Onlar erməni işğalından azad edilən Füzuli şəhərində dağıntılara baxıblar.

Daha sonra dini liderlər Füzulidən Şuşaya yola düşüblər.