İlham Əliyev: "Azərbaycan-Qazaxıstan münasibətlərinin hazırkı yüksək səviyyəsi qardaş xalqlarımızın iradəsini bariz şəkildə təcəssüm etdirir"

Azərbaycan-Qazaxıstan münasibətlərinin hazırkı yüksək səviyyəsi ortaq tarix, mənəvi, mədəni dəyərlərlə bir-birinə sıx bağlı olan qardaş xalqlarımızın iradəsini bariz şəkildə təcəssüm etdirir.

"Report" xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevə ünvanladığı təbrik məktubunda yer alıb.

Qazaxıstan Prezidentinin bu ilin avqustunda Azərbaycana rəsmi səfərinin ölkələrimiz arasında əməkdaşlığın keyfiyyətcə yeni səviyyəyə yüksəlməsi, siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə əlaqələrin daha da inkişafı üçün yaxşı imkanlar açdığının vurğulandığı məktubda daha sonra deyilir: “Eyni zamanda bu yaxınlarda Astanada Sizinlə görüşümü məmnunluqla xatırlayır, əməkdaşlığımızın perspektivləri ətrafında apardığımız ətraflı fikir mübadiləsi və müzakirələrin Azərbaycan-Qazaxıstan münasibətlərinə yeni təkan verəcəyinə inanıram”.

Azərbaycan Prezidenti əmin olduğunu bildirib ki, mövcud imkanlardan yararlanaraq ölkələrimiz arasında strateji tərəfdaşlıq xarakteri daşıyan çoxşaxəli əlaqələrin, həm ikitərəfli qaydada, həm də beynəlxalq təşkilatlar, xüsusilə də Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı səmərəli əməkdaşlığımızın davam etdirilməsi və genişləndirilməsi yolunda bundan sonra da birgə səylər göstəriləcək.