Regionda sülhün təminatçısı Azərbaycandır

Prezidentin Gürcüstana səfəri iki ölkə arasında siyasi-iqtisadi və mədəni əlaqələri daha da möhkəmləndirəcək


  Oktyabrın 24-də Prezident İlham Əliyev Gürcüstanda işgüzar səfərdə olub. Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin dəvəti ilə həyata keçirilən bu səfər iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə təsadüf edib. Qeyd olunub ki, səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. 

Xatırladaq ki, budəfəki səfər Prezident İlham Əliyevin Gürcüstana sayca 10-cu səfəridir. Bu, sübut edir ki, ölkələrimizi mehriban qonşuluq və tarixi dostluq əlaqələri, siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq əlaqələri birləşdirir. Azərbaycan-Gürcüstan münasibətləri daim yüksək səviyyədə olub. Dövlətlərarası əlaqələrimizin zəngin tarixi var. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il noyabrın 18-də qurulub. Qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-Gürcüstan əlaqələri ötən illər ərzində dinamik şəkildə inkişaf edib və ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, humanitar və digər sahələrdə səmərəli əməkdaşlıq formalaşıb. Ötən dövr ərzində ali və yüksək səviyyədə çoxsaylı qarşılıqlı səfərlər baş tutub, 118-dən çox sənəd imzalanıb. Ölkələrimizin parlamentlərarası əlaqələri də fəal şəkildə davam etdirilir. Hər iki ölkənin qanunverici orqanında dostluq və işçi qrupları fəaliyyət göstərir. Azərbaycanla Gürcüstan arasında beynəlxalq təşkilatlar çərçivəsində də qarşılıqlı dəstək təcrübəsi mövcuddur. Xüsusi qeyd olunmalıdır ki, Azərbaycan ilə Gürcüstan arasında iqtisadi sahədə münasibətlər yüksək səviyyədədir. 

İqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiya 2004-cü ildən etibarən fəaliyyət göstərir. 2021-ci ildə Gürcüstan Azərbaycanın 8-ci xarici ticarət tərəfdaşı olub.

 Həmin ildə iki ölkə arasında ticarət dövriyyəsi 763 milyon dollar təşkil edib. Azərbaycanda 695 Gürcüstan investisiyalı şirkət fəaliyyət göstərir. Ümumilikdə Gürcüstandan Azərbaycana 259 milyon dollar, Azərbaycandan Gürcüstana isə 3,4 milyard dollar məbləğində investisiya yatırılıb. Azərbaycan ilə Gürcüstanın tarixi İpək Yolu üzərində yerləşməsi, ölkələrimiz tərəfindən birgə irimiqyaslı enerji və nəqliyyat layihələrinin icra edilməsi regionumuzdan keçən yük axınının həcmini dəfələrlə artırmağa imkan verib. Həmçinin humanitar sahədə əməkdaşlığı da xüsusi vurğulamaq lazımdır. 

  Gürcüstanın “Geocase” beyin mərkəzinin sədri Viktor Kipiani deyib ki, Azərbaycan Prezidentinin səfəri ölkələrarası əməkdaşlığı və regional sülhü daha da möhkəmləndirəcək. Onun sözlərinə görə, Prezident İlham Əliyevin Gürcüstana işgüzar səfəri və səsləndirdiyi mesajlar vaxtında və doğrudur: 

"Səfər ölkələr arasındakı ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyev Tbilisiyə səfərindən öncə müxtəlif təşəbbüslər səsləndirib. Regionda uzunmüddətli sülh və sabitliklə bağlı bu təşəbbüslər Tbilisi tərəfindən çox xoş və isti qarşılanıb, dəstəklənib. 

Biz, həmçinin Gürcüstanın yüksək vəzifəli rəsmilərinin Bakıya səfərlərini də nəzərə almalıyıq. Düşünürəm ki, Azərbaycan Prezidentinin bu səfəri ölkələr arasında əməkdaşlığın daha da güclənəcəyinə dair çox doğru siqnal və doğru mesajdır. Bu, çox təqdir edilir və alqışlanılır. 

Ümid edirik ki, bu səfərlər vasitəsilə regional sülhün, həmçinin ikitərəfli əlaqələrin təməlləri daha da möhkəmləndiriləcək”. Gürcüstanın “Rondeli” Strateji və Beynəlxalq Elmlər Fondunun nümayəndəsi Zurab Batiaşvilinin fikrincə, ölkələr arasında ticarət dövriyyəsinin 1 milyard dolları ötməsi əlaqələrin müsbət dinamikasını göstərir. Ekspertin sözlərinə görə, Gürcüstan və Azərbaycan mövcud beynəlxalq geosiyasi vəziyyət fonunda Avropanın enerji təminatında böyük rol oynaya bilər: "Gürcüstanla Azərbaycan arasında hər zaman yaxın əlaqələr olub və heç vaxt ikitərəfli əlaqələrdə bir problem olmayıb. Əksinə, ikitərəfli əlaqələr inkişaf edir. Məsələn, ticarət dövriyyəsi 1 milyard dolları ötüb. Əlbəttə, bunun davam etdirilməsi lazımdır. Prezident İlham Əliyevin səfəri bu baxımdan da önəmlidir. Bundan başqa, son zamanlarda Rusiya-Ukrayna müharibəsi səbəbi ilə Avropanın enerji ehtiyacı yaranıb və Azərbaycan bu ehtiyacın böyük bir hissəsini qarşılayacaq. Təbii ki, bu enerji, bu təbii qaz Gürcüstan üzərindən keçəcək. Bu səfər bu baxımdan da önəmlidir. Eyni zamanda, bu il diplomatik əlaqələrimizin 30-cu ildönümüdür. Rəsmi olaraq təbii ki, 30 il keçir. Lakin biz tarixən qonşuyuq, biz əsrlər boyunca bu torpaqlarda yaşamışıq və yaşayacağıq". 

  "Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi"nin rəhbəri Samir Hümbətov deyib ki, Gürcüstan baş nazirinin Ermənistan-Azərbaycan arasında münaqişənin bitməsi ilə bağlı səyləri artırmaq təklifi diqqətçəkən məqamdır. Ekspertin sözlərinə görə, bu, onu deməyə əsas verir ki, növbəti görüşlərin liderlər səviyyəsində və XİN başçıları səviyyəsində Gürcüstanda keçirilməsi mümkündür: 

"Əgər görüş orada baş tutarsa, bu, Azərbaycan üçün daha məqsədəuyğun ola bilər. Həmçinin, Gürcüstan baş naziri ikili əlaqələrə toxundu və bu əlaqələrin inkişafından məmnun olduğunu da bildirdi. Azərbaycan Prezidenti cənab İlham Əliyev də ikili siyasi-iqtisadi əlaqələrdən danışdı. Ölkə başçısı xalqlarımız arasında xoşməramlı əlaqələrin olduğunu da vurğuladı. Azərbaycan Prezidentinin indiki durumda Gürcüstana səfər etməsi və orada bəzi açıqlamalar verməsi xüsusi önəm daşıyır. 

Dövlət başçısı siyasi və iqtisadi əlaqələrə toxunarkən bildirdi ki, Azərbaycan Gürcüstana 3 milyard dollar investisiya qoyub. Bu isə o deməkdir ki, indiki halda Gürcüstan iqtisadiyyatına ən çox investisiya qoyan ölkələr sırasında Azərbaycan ön sıralardadır. Bundan başqa ölkə başçısı region və dünya üçün vacib əhəmiyyəti olan nəqliyyat-kommunikasiya xətləri barədə danışdı. Bəyan etdi ki, bu xətlər həm ikili münasibətlərə, həm də regional və qlobal münasibətlərə ciddi təsir mexanizmlərinə malikdir". 

  Analitik vurğulayıb ki, görüşdə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətinə də diqqət çəkilib:

 "Ölkə başçısı bu məsələyə toxunmaqla onu demək istədi ki, Azərbaycan Gürcüstanın iqtisadiyyatına vəsait qoyduğu kimi nəqliyyatına da vəsait qoyur. 

Bu da Azərbaycanın maraqlarına xidmət edir. Beləliklə, İranın Hindistan-İran-Ermənistan-Gürcüstan nəqliyyat dəhlizi planı suya düşmüş oldu. 

Ölkə başçısı Azərbaycandakı və Gürcüstandakı dəniz limanlarına da toxundu. Prezident Azərbaycan və Gürcüstan vasitəsi ilə beynəlxalq yükdaşımaların artmasını vurğulayaraq bildirdi ki, bu tendensiya gələcəkdə də davam etdiriləcək. 

Yəni dəniz limanları vasitəsilə yükdaşımaların həcminin artacağı mümkündür ki, bu da ölkələrin iqtisadiyyatına ciddi təsir edəcək.

 Bu limanların və nəqliyyat dəhlizlərinin fəaliyyətinin daha da gücləndirilməsi isə o deməkdir ki, Azərbaycan İranı, Ermənistanı və onlara dəstək verən qüvvələri oyundan kənar vəziyyətdə qoymuş olur. 

Ölkə başçısı İlham Əliyevin Gürcüstan səfəri Azərbaycan-Gürcüstan-Türkiyə üçbucağını gücləndirməklə yanaşı, Hindistan-İran-Ermənistan ittifaqını zərbə altına qoymuş oldu".