Sən AZADsan, Azərbaycan! – Şəhidimizə rekviyem...- Ayyət Əhməd yazır 

Olduqca dərin məna  yükü olan məşhur bir deyim var: “Torpağa su qatsan palçıq, qan qatsan Vətən olar”. Əlbəttə, əsrlər, qərinələr və illər boyu hər parçası bir “qonşu”da əsir qalan odlar yurdu Azərbaycanın adi qara torpağına qan qatıb onu Vətənə çevirən şücayətli vətən oğullarımız olub, var və olacaqlar. Hələ Birinci və İkinci Qarabağ savaşı zamanı bu cür yenilməz, mərd oğullarımızın göstərdikləri, yazdıqları qəhrəmanlıq dastanları barədə çox eşitdik, çox oxuduq. “Vətəndən pay olmayır”, “Qarabağsız Azərbaycan başsız bədəndir” şüarını illərdir, az qala ana laylasına, dövlət himninə çevirən Azərbaycan gəncliyi artıq bu işğalla barışmırdı. 

Nəhayət vədə yetişdi və Ali Baş Komandan İlham Əliyev “İrəli!” əmrini verdi. 30 illik işğala 44 gündə son qoyduq. Bu zəfər tarixi bizə asan başa gəlmədi. Şübhəsiz, illərdir, düşmən tapdağı altında inləyən, bağrı çatlayan torpaqlarımız azadlığına qovuşdu. Buna hamılıqla sevindik. Amma şəhidlərimiz, qazilərimiz də oldu. Yəni Azərbaycan xalqı elegiya yaşadı. Bir gözü güldü, biri də ağladı. Düşmən kapitulyasiya sənədinə imza atsa da, sonralar bu sənədə, öhdəliklərinə məhəl qoymadı. Sentyabrın 12-dən 13-ə geçən gecə geniş miqyaslı təxribata əl atdı. 

Azərbaycan oğlu, Azərbaycan əsgəri bu təxribata tutarlı cavab verərək, düşməni geri oturtdu, hətta bir neçə strateji əhəmiyyətli mövqe və yüksəkliyi ələ keçirdi. Heç kimə sirr deyil ki, hərbi əməliyyatlar, savaş tarixləri itkisiz, şəhidsiz, qazisiz olmur, yazılmır. Təəssüf ki, bu, belədir. Sentyabr savaşında böyük döyüş rəşadəti göstərərək şəhadətə ucalan şəhidlərimizdən biri də Qazax rayon Daş Salahlı kənd sakini, Silahlı Qüvvələrin komandosu Kərimov Azad Zakir oğludur. 

Azad azad etməyə doğulmuşdu

Azad mənim ocaq qonşumdu, yurddaşımdı, göz, qəlb, beyin yaddaşımdır. Yaxşı xatırlayıram, Azad hələ uşaqkən seçilmiş körpə idi. İlahi, necə yarışıqlı bala idi. Ağ bənizli, qırmızı yanaqlı, dəniz gözlü, gülərüz, mehriban, həm də olduqca mərd... Qazax pəhləvanlar diyarı olduğu üçün, bir neçə gənc, uşaq bir araya gələn kimi onları güləşdirərdilər. Kimsə kimdənsə boyuna, əzələsinə görə çəkinərdi, güləşməzdi. Azada “Sən güləşirsənmi?” soruşanda himə bənd olmuş kimi dərhal “hə” deyərdi. Yıxdı, yıxıldı fərq etməzdi. Azad güləşərdi, o güləşin ardını savaşa çevirərdi. Barışmazdı məğlubiyyətlə. Bilirəm, Azad indi də barışmır o namərd düşmən gülləsi ilə... Sizi əmin edirəm, Azad həmin mərminin onun üzərinə gəldiyini görsə idi, onu əli ilə tutardı. 

Azad uşaqlıqdan fərqli idi, özəl və gözəl idi. Bütün şəhidlərimizə baxın, diqqətlə baxın, hamısını sanki qələmlə çəkiblər. Allahın ən seçilmiş, sevilmiş, yaraşıqlı bəndələridirlər. İlahi, necə yarışıqlı balalar, qardaşlardı?! Hamısı bir-birindən qorxmaz, igid və gözəl. Azad da Allahın seçilmiş bəndəsi olduğu üçün, uca yaradan onu dərgahına tez apardı. Baxın, belə bir deyim var: “Ad özünə çəkir”. Axı qəhrəmanımızın adı da Azaddır. Azad təkcə adı ilə deyil, əməli ilə də Azad olduğunu sübut etdi. Azadın dəfn xəbərini yazmışdım. 

Başlıq belə idi: “Qazax Şəhidini dəfn etdi”. Azad, sonra “dəfn etdi” sözünü sənə yapışdıra, şayan edə bilmədim. Ağır gəldi, hətta estetik cəhətdən vulqar səsləndi. O xəbərin başlığını dəyişib belə yazdım:“Qazax şəhidini torpağa tapşırdı”. İllərdir, bu torpağın azadlığı Azada və onun timsalında Azad kimi oğullara tapşırıblar. İndi də biz Azadı bu azad torpağa tapşırdıq. Qəti əminəm ki, ona Azad adının verilməsi də təsadüfi olmayıb. Azad azad etməyə doğulmuşdu və missiyasını başa vurub uğrunda qan töküb, can alıb, can verdiyi doğma torpağının qoynuna yollandı. Şəhadətin mübarək, əziz Şəhidim! 

Xüsusi qeyd: Azad Kərimov İkinci Qarabağ savaşında könüllü olaraq Xüsusi Təyinatlı Qüvvələrin tərkibinə qoşularaq ən qaynar nöqtələrdə döyüşüb və "İgidliyə görə " , "Döyüşdə fərqlənməyə görə", "Xocavəndin alınmasına görə " , "Şuşanın alınmasına görə ", "Kəlbəcərin alınmasına görə " medalları ilə təltif olunub.

Ailəsi barədə...

Azadgil 4 qardaş (Azad, Fərhad, Yolçu, Rüstəm,) bir bacıdırlar(Rəqsanə). Azad ailəlidir, iki igid oğul balası, ciyar parələri - Yusif və Murad - böyüyür. Atalarının səs və nəfəsinin nisgilini çox yaşayacaq bu balalar. Azadın ata və anasını da yaxşı tanıyıram. Dediyim kimi, yurd qonşusuyuq. Əməksevər, minbir zəhmətə qatlanan, övladlarını sözün həqiqi mənasında alın təri ilə qazandıqları bir parça çörəklə böyüdən halal adamlardırlar. Onlar haqqında, uzun-uzun danışa bilərəm, amma görünən dağa nə bələdçi?! Azad kimi əfsanəvi döyüşcü, vətənpərvər oğul yetişdirən ana və ata necə olar bilər ki? Əziz-xələf qonşularıma yalnız təsəlli verməkdən başqa əlimdən nə gəlir ki?! 

Qazaxımızın şairi oğlu Məmməd İlqar yazır: 

Vətən başa çox iş gələr,
Baş əymə, başın sağ olsun.
Biz ölməyə doğuluruq,
Torpağın-daşın sağ olsun.

Neçə cəfakeşin qalır,
Bir evdən bir qoşun qalır,
Beşin ölsə, beşin qalır,
O qalan beşin sağ olsun.

Çat verir, çatlayır dözüm,
Sən çatlama, canım-gözüm.
Bizi ağlamağa gözün,
Bir də göz yaşın sağ olsun!

Bu təsəlli misralarında çox dərin həqiqət payı gizlənir. 

O həqiqət gizlənir ki, məşhur şeirdə deyildiyi kimi “Torpaq uğrunda ölən varsa, vətəndir”.  Söz yox ki, azadlıq və qəhrəmanlıq dastanları quru sözlərlə deyil, qanla alınır, yazılır. Amma Azad itkisinin təsəllisi yoxdur. Bu itkinin çəkilməz sancısı var. Atalar deyir: “Od düşən yeri yandırar”. Amma Azadın itkisi hamımızın evinə od salıb yandırdı. Axı Azad tək öz evindən deyil, elindən, obasından, məmləkətindən, qohum, qonşu, dost və bir də ən sonuncu dəfə dəmir biləkləri, gül əlləri, kurşun barmaqları ilə mesaj yazdığı yarından getdi . 

Şəhid (Atası Azər Hüseynov Birinci Qarabağ Müharibəsində Şəhid olub) qızı kimi böyüyən yarından, Ayşə xanımından getdi. O xanımı ki, Azadın “Sən mərd qadınsan, sənə çox güvənirəm” mesajını “Sənsiz məni ölmüş bil” deyə cavablayıb, lakin dəfn günündə çiyinlərini cənazənin altına verib, onu ölümsüzlük mənzilinə yola saldı. Bəli, ölümsüzlük mənzilinə... Axı şəhidlərin ölüm tarixi olmur, onların yalnız doğum tarixi olur. Həm də bilirik axı: - Şəhidlər vurulanda deyil, unudulanda ölürlər. Gəlin, şəhidlərimizi, Azadımızı unutmayaq, daim onu yazılarımızda, məclislərimizdə, hətta toylarımızda belə yaşadaq. Necə? Azadın toylarda oynadığı mahnını “zakaz” edək.  

Azadın “Ana şəhid oldum” ifasını dinləyib, dərin-dərin, uzun-uzun, uzaq-uzaq xəyallara daldığı, göz, beyin işlədikdə dərinə gedən düşüncəsinə baxıb, köks ötürmüşəm, ağlamışam. Azyaşlı qızlarım göz yaşımı görməsin deyə bəzən həyətə düşmüşəm, bəzən işdə kövrəlmişəm, gözlərimdən süzülər damlalar klaviaturanın düymələrini döyəcləyib.  Amma nə edə bilərəm ki...?! Mən də səngiməz ağır diş ağrısı kimi bağrımı qana döndərən bu hadisə ilə bağlı- Azadın itkisi, şəhadəti ilə bağlı yazıb, təsəlli tapıram, amma sakitləşə bilmirəm. Çünki Azad mənim Vətən boyda ağrımdır. Bu ağrı dinməyəcək. Heyhat! Bizə qalan Azadın adını yaşatmaq, onun həyat kredosu və hərbi xidmət yolunu ictimaiyyətə tam təfsilatı ilə çatdırmaqdır. 

 “Əsgər mundirini geyinib şərəflə xidmət etmək onun uşaqlıq arzusu idi”

Bu məqsədlə Şəhidimizin yas mərasimində onunla bir küçədə böyüyən, eyni sinfi, partanı bölüşən, uşaqlıq dostu, Daxili İşlər Nazirliyinin əməkdaşı  Ziyaddın Mehdiyevlə söhbətləşdik:

“Azad mənim həm uşaqlıq dostum, həm də sinif yoldaşım olub. Biz 11 il eyni masa arxasında oturmuşuq. Onunla bağlı xatirələrimi aylarla- illərlə danışsam, bitməz. O çox  tərbiyəli bir dost, insan idi. Uşaq vaxtı biz onunla Avey dağına çıxıb "quzu qulağı" yeyərdik. Dağın ən uca nöqtəsində Alban kilsəsi var. Bu kilsənin yanına gedib, orada xidmət aparan  əsgərlərə tamaşa edərdik. Həmin hərbçilərimizə sual verərdik. 

Onlar da bizə sərhədlərimizi necə qoruduqlarını izah edərdilər. Azadın hərbiyə olan marağı bu proseslərdən sonra formalaşmağa başlamışdı.Vətəni qorumaq və əsgər mundirini əyninə geyinib şərəflə xidmət etmək onun uşaqlıq xəyalı idi. Hərbi xidmət zamanı da onun görüşünə tez-tez gedirdim. Əsgərlikdə olduğu zaman da ordunun sıralarında qalmaq və dövlətimizə qulluq etmək istədiyindən danışırdı. Azad hərbi xidməti bitirdikdən sonra silahlı qüvvələrimizin sıralarında MAXE kimi qaldı”.

“Şəhid olmazdan 2 gün öncə telefonla danışdıq, dedi ki...”

Z.Mehdiyev vurğuladı ki, İkinci Qarabağ savaşında Azadın böyük qəhrəmanlıqları olub:
“O Ali Baş Komandanımız tərəfindən 5 medalla təltif olunub. Azad müharibə ərəfəsində 5-6 saatlıq istirahətə gəlirdi və mənə zəng edirdi ki, qabağıma çıx. Mən də maşınla onu qarşılayıb, evə gətirirdim. Sonunca dəfə Şuşanın azad edilməsindən sonra yenə gəldi. Gecə saat 2-də məni yığıb bildirdi:

- Ağstafaya yeni marketin qabağına çatıram, gəlib, məni götürərsən. 

1 saatdan sonra onu götürüb evə gəldim. Evə çatanda hərbi çantanın balaca gözündən qolbaq və silah üçün dizlik kabro çıxarıb, mənə verdi. Azadın şəhid olmazdan 2 gün öncə telefonla danışdıq”. 

“Azad həm də çox savadlı idi”

Z. Mehdiyev qeyd edir ki, o Azadla birgə həm də riyaziyyat fənni üzrə hazırlığa gedib:
“O vətənpərvər, qorxmaz, şücaətli olmaqla yanaşı, həm də çox savadlı idi. Orta məktəbdə müəllimlər Azadı həmişə tərifləyirdilər. O mənə doğma qardaş kimi idi. Onun haqqında danışanda qəhər məni boğur, kövrəlirəm.(kövrəlir) Çünki mən  bir qəhrəman vətən oğlu, sədaqətli dost, vəfalı şəxsiyyət  itirmişəm. Nəqədər ki, nəfəs alıram, bu ağrı kəsməyəcək. Ruhun şad olsun, əziz dost”.

İkinci Qarabağ savaşında Azad Kərimovla birgə çiyin-çiyinə döyüşən kəşfiyyatçı qazi Bəhruz Hacıyev də Şəhidimizlə bağlı xatirələrini bölüşüb:  

“Azadla ilk tanışlığım “N” saylı hərbi hissədən başlayıb. O bu hərbi hissənin müşahidə bölüyündə MAXE,  mən isə kəşfiyyat bölüyündə olmuşam. Gizirlik kursunu keçəndən sonra Azad da kəşfiyyat bölüyünə gəlib və birlikdə xidmət etmişik”. 
Qumbaranı əlinə alaraq dedi ki, əsir düşməkdənsə...

B.Hacıyev İkinci Qarabağ savaşında Şəhidimizlə birgə keçdikləri döyüş yolundan söz açdı:

“Döyüşlərə ilk dəfə Kəlbəcər rayonunda başlamışıq. Bundan sonra isə “052” nömrəli hərbi hissənin tərkibinə könüllü qoşularaq  Xocavənd və Şuşada döyüşmüşük. Noyabr ayının 5-i  axşam saat 7-də isə Şuşaya daxil olmuşuq. Keçdiyimiz döyüş yolunda Azadın qəhrəmanlıqları çox olub. O mərdcəsinə və qorxmazcasına döyüşürdü. Onun tək fikri torpaqlarımızı düşmən tapdağından azad etmək idi. Azad 44 günlük müharibədə sona qədər döyüşmüşdü. Biz işğalda olan hər rayonu, kəndi geri qaytardıqca o daha da qürurlanır və sevinirdi. Onunla bağlı ən yadda qalan xatirəm isə Şuşa muzeyinin içində düşmən muhasirəsinə düşməyimiz olub. O üstündəki qumbaranı əlinə alaraq dedi ki, əsir düşməkdənsə, özünü öldürmək yaxşıdır. Ancaq biz onu fikirindən daşındırdıq. Bundan sonra isə mühasirədən qurtularaq sağ-salamat geri döndük.    Bizim hər birimizin  gözümüzün önünə o vaxtı soydaşlarımıza qarşı törədilmiş vəhşiliklər gəlirdi. Bizi ayaq üstə saxlayan bu amal idi. Torpaqlarımızı azad etdikdə sanki Azad da azad olurdu, ürəyinə  su səpilirdi”.

"Hərbiyə dair bizə bircə kəlmə belə demirdi"

Şəhidmizin kiçik qardaşı Rüstəm Kərimov da Azadın xarakteri, onun ailəsinə bağlılığı və vətənpərvərliyi barədə danışdı: 

“Hərbi xidməti başa vurub geri döndükdən sonra hərbiyə qayıtmaq istədiyini bildirdi. Evdən razılıq verdilər. Əvvəlcə N saylı hərbi hissədə kəşfiyyat  bölüyündə MAXE idi. Sonra gizirlik kursuna getdi.  Hərb işini çox sevirdi. Hərbiyə dair bizə bircə kəlmə belə demirdi. Soruşanda cavab verirdi ki, heç nə  bilmirəm, başqa şey danışın”. 

R.Kərimov deyir ki, qardaşının onlarla münasibəti çox yaxşı olub:

“Azad bizim valideynlərimizdən sonra  məsləhət verənimiz idi. Fərhad və mən Azadın  kiçik qardaşlarıyıq. Biz onun sözündən çıxmırdıq. Azad  ailə canlı adam idi. Bütün ailə üzvlərini çox,istəyirdi,  övladlarını isə lap çox istəyirdi. Uşaqlarına çox bağlı idi. Hər zəng vuranda övladlarını soruşurdu. Elə bil, beynim pozulub,  yaddaşımda heç nə qalmayıb sanki. Azadın şəhidliyini hələ dərk etmirəm. Onun yoxluğuna inana bilmirəm”. 

Qardaşı bildirir ki, Azadın ən böyük arzusu hazırda tikilməkdə olan evinə köçmək idi: 

“Gələn ilin Novruz bayramı ərəfəsində mənzilinə köçməli idi. Ən çox bunu düşünürdü. Bir də deyirdi ki, evimə köçüm, sonra qardaşım Fərhadı evləndirək. Vəzifəyə də yüksəlmək də istəyirdi. Bizi də işə düzəlməyə çalışırdı. Yenə qeyd edirəm, ailəmizi çox fikirləşirdi, balalarını, yoldaşını düşünürdü. O istəyirdi ki, hər işimiz yaxşı olsun, kimdənsə geri qalmayaq.  Planları, arzuları çox idi, amma yarıda qaldı”.

R.Kərimov sonda onu da əlavə etdi ki, Azadın adına bulaq tikmək istəyirlər:

“İndi işləyirəm, çalışırıq qardaşımın adına bir bulaq tikək. Onun adını yaşatmalıyıq”.

P.S. Yazını bitirdikdən sonra düşündüm ki, ailəsinə, yaxınlarına baş sağlığı verməyi unutdum.  Amma onu da fikirləşdim ki, Şəhid olan mənim də qardaşımdır. Kimdən kimə baş sağlığı verim! Torpağın yumşaq olsun, əziz AZAD!   


Hazırladı: Ayyət Əhməd