Çingiz müəllim, mən utanıram! - Turan Etibaroğlu yazır...


  “Mən hesab edirəm ki, cavanlara yol verilməlidir. Vəzifədə nə qədər çox cavan kadrlar olarsa, o qədər yaxşıdır. Bu proses bütün dünyada gedir, həmçinin bizdə də. Baxın Rusiyaya, orada nazirlərin çoxsu cavandırlar. Mən düşünürəm ki, yalnız Azərbaycanda deyil, bütün dünya ölkələrində bu proses gedir. Və təbii ki, bu həyatdır, istəsən də, istəməsən də yaşlılar gedir, cavanlar gəlir. Bu, hər zaman olub və olacaq da.”
Çingiz Abdullayev (2019-cu il)
  Əslində, bu yazı barədə fikirləşəndə çox utandım. Özü də dəhşət çox utandım. Niyə utandım? Onu da deyim.
  Görkəmli “yazıçu” Çingiz Abdullayev Xalq yazıçısıdır, mən də xalqın bir nümayəndəsi olduğum üçün o, mənim də yazıçım sayılır və bu fakta görə çox utanıram. Çingiz Abdullayev detektiv yazıçısı kimi dünyanı dolaşır, Allahsızlıq etməyib deyim ki, maraqlı əsərləri var. “Yazıçunun” 27 milyon nüsxədə olan bir çox kitabı dünyada yayılıb, elə sovet yazarlarının təbirincə desək, əl-əl dolaşıb. 200-dən çox kitabın müəllifidir. Kitabları dünyanın 32 dilinə tərcümə olunaraq nəşr edilib. Buna görə də sağlığına qismət, ömrü boyu yaxşı yaşayıb, kef çəkib, titullar, adlar alıb. 1991-ci ildən isə Azərbaycan Yazıçılar Birliyinin birinci katibidir, hətta ürəyi dözməyib bir ara "Neftçi" PFK-nın Müşahidə Şurasının sədri də oldu. Məhz sadaladıqlarıma görə “yazıçu” Çingiz müəllimin gözü ayağının altını görmür, göylərdə uçur. İstədiyi insanları rahatca azarlaya, hətta rahat tənqid edə bilir.
  Ötən gün AYB-nin XIII qurultayı üçün ayrılan 203 min manatın çoxluğu ilə bağlı birliyin yeni və əvəzolunmaz sədri Anara sual veriləndə o da “Çingizə sual verin” deyib jurnalistləri dostu, “yazıçu” Çingiz Abdullayevə yönləndirdi. O isə ədəb-ərkanla iddialara cavab verdi: "Bu qədər adama bilet almışıq. Buranın icarə haqqını ödəmişik. Onları mehmanxanaya yerləşdirmişik, kitab çap eləmişik. Bəs siz bilmirsiniz? Xalq yazıçusundan bu sözü soruşmağa utanmırsınız? Ölmürsən?".
  Xalq yazıçısını dünyanı fəth edən bir şəxsin məhəllə qadınları kimi danışmağa nə vadar edir? O sualda nə pislik var idi ki? Çingiz Abdullayevin suala verdiyi cavab həqiqətən də bir ziyalıya, məşhur yazıçıya əsla yaraşmır. Jurnalistin qurultaya xərclənən vəsaitlə bağlı sual verməsi niyə bu işə məsul olan şəxsi əsəbiləşdirməlidir?
  Yaxşı, tutalım, jurnalist utandı, lap tutalım da öldü. Ay qadasın aldığım “yazıçu” Çingiz müəllim, siz utanmadınız bir gəncin üstünə əl-qol açıb cavab verəndə? Bir “yazıçu” kimi 2 namizədə danışmağa şərait yaratmayanda utanmadınız? Yazıçı haqsızlığa necə susa bilərmiş? Hələ bu azmış kimi yenidən açıqlama verib dediniz ki: “Dediklərimdən peşman deyiləm. Bəli, o sualı verən jurnalist utanmalı idi. Mən sözümün üstündə dayanıram”. Yəni doğrudanmı heç olmasa az da olsa bu hərəkətə görə utanmadınız? Siz peşman olub utanmayanda biz jurnalistlər niyə utanmalıyıq ki?
  Siz ötən illərdə “Birinci Qarabağ müharibəsi deməyin! Bu müharibə olmayıb, yalandır” fikrini deyəndə utanmadınız? Birinci Qarabağ müharibəsində 18.500 nəfər şəhidi, 3700 itkini inkar edəndə utanmadınız? Məncə, yox, utanmadınız, heç vaxt utanmayacaqsınız. Əslində günahlar bizlərdədir. Çünki biz sizləri zirvəyə qaldırmışıq. Ona görə də siz bu gün bizləri belə “əzirsiniz”, hətta lazım olanda döyməyə də hazır olursuz.
  Mən şəxsən AYB-nin ötəngünkü qurultayından çox razıyam. İdeal və möhtəşəm saydığımız insanların kim olduqları üzə çıxdı. Ümumiyyətlə, hamının əsl niyyəti bəlli oldu.
  Və sonda bir şey deyim: “Yazıçu” Çingiz müəllim, siz həmişə məmurları tənqid edirsiz, özbaşınalıqda ittiham edirsiz. Gənclərin qabağa getməsini tələb edirsiz. Amma dünən özünüz 35 illik sədri yenidən seçib, sərt və hikkəli danışmaqla o məmurlardan heç də geri qalmadınız...