Zamanın uzanması ziyanımızadır

Separatçıların qurduğu hərbi postlar ləğv edilməlidir

  "Qarabağda separatçı rejimə “humanitar yardım” adı ilə silah daşınması faktı bəllidir. Dövlət Təhlükəsizlik Xidməti rəsmisinin açıqlaması prosesin davam etdiyini yenidən gündəmə gətirdi". Bu barədə siyasi şərhçi Asif Nərimanlı deyib. Analitik vurğulayıb ki, hazırda baş verənlər isə prosesin daha da təhlükəli miqyas aldığını göstərir: "Erməni qoşunların qalıqlarının çıxarılması öhdəliyi icra edilmir və belə görünür ki, xoşluqla icra edilməyəcək. Separatçı-terrorçular davamlı təxribatlar törədir. Vardanyan kartı işə düşəndən sonra qondarma “statusdan” daha çox danışmağa başlayıblar. 

Bölgəyə müvəqqəti nəzarət edən Rusiya sülhməramlıları bütün bunlara nəinki şərait yaradır. Hətta təşkilatçısı rolunda çıxış edir. Sülhməramlılar hərbi yükləri Laçın dəhlizindən keçirir, separatçı-terrorçuların postlar qurmasına şərait yaradır, erməni əhalisinin Bakıya inteqrasiyasının qarşısını bütün yollarla alırlar. Zamanın uzanması Azərbaycanın ziyanınadır. Çünki geosiyasi şərtlərin dəyişməsi regiondakı proseslərə də təsir edə bilər və bu vəziyyət Bakının müəyyən addımlar atması zərurətini artırır". 

  Ekspertə görə, separatçıların qurduğu hərbi postlar ləğv edilməlidir: 

"Qeyri-siyasi və qeyri-hərbi müstəvidə separatçı-terrorçu rejimi erməni əhalisi arasında çətinə sala biləcək addımlar atılmalıdır. Laçın dəhlizinin qeyri-humanitar məqsədlər üçün istifadə edildiyi faktının aktuallaşdırılmalı, Moskva qarşısında bu tələblər qaldırılmalıdır. İndiyə qədərki proseslər diplomatiyanın praktiki nəticələrə gətirib  çıxarmadığına nümunədir".