İrana gözdağı...

Azərbaycan Xəzər dənizində Türkiyə ilə birlikdə hərbi təlim keçirə bilər

  SEPAH-a bağlı Teleqram kanalları İranın Xəzər dənizindən Bakı buxtasına hücum edəcəyinə dair xəbərlər paylaşır. Paylaşılan xəbərlərdə İranın Bakını vurmaq, buxtanı qısa zamanda ələ keçirərək işğal ssenarisini tətbiq edəcəyi mesajları verilir. Ekspertlərə görə, SEPAH-ın indiki məqamda ona bağlı sosial şəbəkə kanalları vasitəsilə provokativ mesajlar verməsi səbəbsiz deyil. İran Azərbaycanla sərhəddə, Araz çayı boyunca keçirdiyi “Qüdrətli İran” təlimlərindən istənilən nəticəni ala bilmədi. Təlimlər rəsmi Bakının gözünü qorxutmağı hədəfləsə də, Azərbaycan tərəfi təlimlərə cənub sərhədlərinə yaxın ərazilərdə Xüsusi Təyinatlı Qüvvələrin təlimi ilə cavab verdi. İran başa düşdü ki, qurudan edilə biləcək ehtimal bir hücum ssenarisi gözlənilən effekti verməyəcək və rəsmi Bakı belə bir hücuma uzun müddətdir ki, hazırdır. Buna görə də Tehran özünü daha "güclü" zənn etdiyi Xəzər dənizindən hücum edə biləcəyi mesajlarını verir.  
  Siyasi şərhçi Turan Rzayev "Şərq"ə bildirib ki, İran hazırda hər nə qədər Azərbaycanla mövcud gərginliyi yumşaltmağa çalışdığını göstərsə də, reallıq ondan ibarətdir ki, dəyişən heç nə yoxdur. Analitikə görə, görünür, Prezidentin çıxışından sonra Tehran öz mövqeyini bu yolla göstərməyə çalışır: "İran Xəzər dənizində özünü Azərbaycandan üstün görür. SEPAH-a bağlı Teleqram kanallarında İranın Azərbaycana dənizdən hücumu əks etdirən provokativ xəbər və yazıların yayılması da bunu deməyə əsas verir. Tehran Bakının dəniz gücünü zəif hesab etsə də, əslində, vəziyyət tamam fərqlidir. Ümumiyyətlə, Xəzərdə ən böyük güc Rusiya olsa da, son illərdə digər 4 ölkə - Azərbaycan, Qazaxıstan, Türkmənistan da dənizdəki hərbi güclərini xeyli artırıblar. İranın Xəzər donanması Azərbaycanla eyni dövrdə yaranıb. SSRİ dönəmində İranın Xəzərdə hərbi gücü olmayıb. Tehran SSRİ-nin dağılmasını fürsət bilərək Xəzərdə sürətli donanma yaratmağa başladı. Azərbaycan Hərbi Dəniz Donanması isə 1992-ci ildə Xəzər Donanması bölüşdürüldükdən sonra yaradılıb. Azərbaycan müstəqillik əldə etdikdən sonra Rusiya Xəzər Donanmasını şimala daşıyıb, Azərbaycana isə 25 faiz pay verilib. Bölgü nəticəsində Azərbaycana 18 ədəd müxtəlif təyinatlı hərbi gəmi çatıb. Yəni hər iki ölkənin Xəzər donanması qısa zaman fərqi ilə eyni dövrdə yaradılıb. İlkin olaraq Rusiyadan bir neçə hərbi gəmi alan İran daha sonra cənubdan bir neçə gəmini Xəzərə gətirib. Son illərdə isə İran özü Xəzərdə yeni gəmilər inşa edir. Azərbaycan Hərbi Dəniz Donanması isə son illərdə gücünü yeni və ya xaricdən alınıb yenilənmiş gəmi və katerlər hesabına daha da artırıb. Bundan əlavə, bir 205 U layihəli raket kateri də modernizasiya olunub. Çox yer tutan köhnə raket qurğuları çıxarılandan sonra S-008 nömrəsi ilə bu qüvvələrə verilib. ABŞ-dan S-201 bort nişanlı patrul katerlər, S-11 və S-12 nömrəli “48 futluq Silver şip” kiçik patrul katerləri, RİB-36 tipli metal karkaslı hava ilə doldurulmuş rezin katerlər alınıb. 2014-cü ildə istifadəyə verilmiş DSX Sahil Mühafizəsinin “Gəmi İnşası və Təmiri Mərkəzi”ndə indiyədək 6 ədəd “Şahdağ” və 6 ədəd “Tufan” layihəli sərhəd-gözətçi gəmisi inşa olunub. Azərbaycanın Türkiyə və İsrail ilə imzalanan hərbi müqavilələr əsasında donanmanın silahları və texniki qurğuları müntəzəm yenilənir. Göründüyü kimi, Azərbaycanın Xəzər donanması İran donanmasından geri qalmadığı kimi modern imkanlar baxımından özünü müntəzəm yeniləyir".
  Ekspertin qənaətincə, Azərbaycan Xəzər dənizində də İrana təlimlərlə cavab verməlidir: "Hətta təlimlər ötən il olduğu kimi Türkiyə dənizçiləri ilə birlikdə keçirilə bilər. Həmin təlimlərdən ən çox İran narahat olmuş və rəsmi Bakıya etirazını bildirmişdi. Bakının indiki məqamda Xəzər dənizində Türkiyə ilə birlikdə keçirəcəyi hərbi təlimlər İrana effektiv gözdağı olacaq".