Şahbaz Xuduoğlu: "Çingiz Abdullayev gedib Əlisa Nicatla maraqlansa kostyumunun üstünə tozmu qonar!?"
"Kim nə istəyir desin, əsas odur ki, Əlisa Nicatın üzü gülür"
"Başqalarının halına canı yanmayan, yardım etmək, paylaşmaq duyğularından məhrum olan insanlar bu hissi anlamaz"
“Qanun” Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu “Şərq” qəzetinə müsahibəsində yazıçı Əlisa Nicatın durumu ilə bağlı vəziyyətə aydınlıq gətirib: “Xırda yazı böyük dönüşə səbəb oldu. Gecə boyu onun kartına pul köçürüldü. Yardım edənlər bəzi halda qəbzlərini də mənə atırdılar. 1, 10, 20, 50, 100, hətta 200 manat yardım edən də vardı. Oğlu Üzeyirlə yardımların məbləğini öyrənmək üçün atasının kartını bankomata saldıq. Üzeyir gözlərinə inanmadı, "vay dədə, bu nədi ədə" dedi. 6987 manat yazılmışdı. Bu, yalnız bir gecədə toplanan məbləğdir. Mən bir anlıq qanadlandım”.
- Şahbaz bəy, ictimaiyyətin bir qismi hesab edir ki, diqqət çəkdiyiniz məsələ reklam məqsədi ilə paylaşılan bir kampaniyadır. “Qoymadılar qalan ömrünü təmənnasız-töhmətsiz başa vursun” kimi fikirlər paylaşılır...
- Hər kəs istədiyi kimi düşünmək və yazmaq azadlığına sahibdir. Biz insanların düşüncələrinə müdaxilə edə bilmərik. Mənim üçün önəmli olan Əlisa Nicatla bağlı problemin bu qədər qısa vaxtda öz həllini tapmasıdır. Çox sevincliyəm. Az, ya çox - heç fərq etməz. Əsas odur ki, Əlisa Nicat faktoru minlərlə insanı bir araya gətirdi. Əlisa Nicatın dərdinə şərik çıxan, ona kömək edən insanların sayəsində biz bir daha buna əmin olduq. Bir daha əmin oldum; bu xalq möhtəşəmdir!
Biz birlikdə güclüyük!
Əlisa Nicata yardım kampaniyası davam edir. Yardım təklifləri, yardımların ardı-arası kəsilmir.
Səhər ustalar Əlisa bəyin evinə gedib istilik sistemi üçün büdcə çıxardılar. Artıq istilik sistemi quraşdırılır. Qat-qat geyinmədən, rahat geyimdə evində oturacaq. Hətta evi təmir olunub, yeni mebellər, yataq dəsti alınacaq, kitab rəfi yığılacaq. Bunu edən isə nə dövlət, nə də hansısa məmurdur.
Biz bütün bunlara Azərbaycan xalqının sayəsində nail olduq. Qoy, kim nə istəyir desin. Əsas odur ki, Əlisa Nicatın üzü gülür, o özünü çox xoşbəxt hiss edir. Əlisa bəylə danışdım, deyir, kiminin əvvəli, kiminin sonu. Gec də olsa, bu günləri gördüyüm üçün xoşbəxtliyimin həddi-hüdudu yoxdur. Həmçinin də insanlarımız yardım etmək xoşbəxtliyini yaşayır. İnsanlar yardım etmək fürsətindən yararlandıqları üçün məmnun qalıb. Həm yardım, həm də təşəkkür edirlər. Başqalarının halına canı yanmayan, yardım etmək, paylaşmaq duyğularından məhrum olan insanlar bu hissi anlamaz. Mənim tək istəyim Əlisa Nicatın yaşadığı həyata, üzləşdiyi problemlərə diqqət çəkmək idi. Yaşlı bir yazıçının halından nə reklam, nə də piar məqsədi güdürəm. Hamının yanaşması öz səviyyəsinə uyğundur. Kimisinin “ayağı isti yerdədir”. Kimisi də rahat kabinetində oturub çirkli pulları yuya-yuya fikirləşir ki, əsl yazıçı acından ölməli, soyuqdan donmalıdır. Onların gözündə ədəbiyyat adamının obrazı dişləri tökülmüş, üst-başı nimdaş, cibində qara qəpiyi olmayan insandır. Xeyr, əsl yazıçı belə olmamalıdır. Azərbaycan kimi bir dövlətin, xalqın ziyalısı şah kimi yaşamalıdır. Bizim buna həm maddi, həm mənəvi haqqımız çatır axı?!
- Siz xalqın böyüklüyündən bəhs etdiniz, amma yazıçıların, şairlərin bu cür ehtiyac içərisində yaşamasına görə xalqı ittiham edənlər də var. Hesab edirlər ki, cəmiyyət dövlətdən ev alan şairə “saray şairi” damğası vurur, hansısa vəzifəli şəxsin maddi yardım etdiyi yazarı sıxışdırırlar ki, ölərdin, amma məmurun yardımını qəbul etməzdin...
- Bu düşüncədə olan insanlar var. Amma anlamıram. Bu təfəkkür haradan yaranır ki, yazıçı mütləq ac olmalıdır ki, insanlar onu müdafiə edib, qəhrəmana çevirsin. Bu cür düşünən adamların özləri də bilmir ki, nə istəyirlər.
Yazıçıların qiyməti onların yaratdığı mətndədir. Onlar nə ictimai, nə siyasi fəaliyyətlə məşğul olurlar.
- Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev yazıçı Əlisa Nicatın durumu ilə bağlı vəziyyətə münasibət bildirib. Deyib ki, Anar 84 yaşında gedib bir-bir evləri gəzməlidir? Kim müraciət edirsə, kömək etməyə çalışırıq...
- Heç kim Anardan bir-bir evləri gəzməyi gözləmir. Niyə Anarın adını hallandırır ki? Çingiz Abdullayev özü gedib maraqlana bilməz? Nə olar? Çingiz müəllimin kostyumunun üstünə tozmu qonar!? Arada bir qocaman yazıçıların vəziyyəti ilə maraqlansın, onların yaşadığı evə baş çəksin, maddi durumları ilə maraqlansın. Azərbaycanın ədəbiyyat xadimlərinin hamısı Çingiz Abdullayev kimi imkanlı deyil axı? Yazıçılar Birliyinin üzvlərinin də elə böyük əksəriyyəti kasıb ailədə böyüyən insanlar olub. Anar gedə bilmir, katiblərdən, məsul şəxslərdən biri gedib Əlisa Nicatın halını soruşardı.
- Əlisa Nicatın “270 manat pensiya alıram, 200 manat da tərcümələrimə görə Şahbaz Xuduoğlu verir” açıqlamasından sonra tənqid hədəfinə çevrildiniz ki, Əlisa kimi yazıçı tərcüməçiyə 200 manat yox, daha çox qonorar verilməlidir...
- Əlisa Nicat yaşlı adamdır. Onun əvvəlki kimi tərcümə etmək potensialı yoxdur axı. Nəşriyyat işlədiyi tərcüməçilərlə əvvəldən razılaşır və qonorar müəyyənləşdirir. Əlisa Nicat isə sabit olaraq "Qanun" Nəşriyyatı üçün tərcümələr etmir. Biz elə bu məbləği bir növ ona yardım məqsədi ilə ayırırıq. Uzaqdan böyük görünməklə deyil. “Qanun” Nəşriyyatının o qədər yüksək gəliri yoxdur ki, imkanı zəif olan bütün yazıçı və şairlərə maddi yardım etsin. Məni tənqid edən adamlar sanki kosmosda yaşayır. Guya bilmirlər ki, Azərbaycanda kitab bazarı hansı vəziyyətdədir. Kitab satışından verilən qonorar mövcud şərtlərə uyğunlaşdırılır. Yenə də pis- yaxşı, yazıçılara gün ağlayan “Qanun” Nəşriyyatıdır. Bizə irad bildirənlər çoxmu böyük yardımlar edirlər!?