Ölkəmizin beynəlxalq nüfuzu artır
Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin doğum günüdür, Dövlət başçısının 61 yaşı tamam olur. 1961-ci il dekabrın 24-də Bakıda anadan olan İlham Əliyev 6 saylı orta məktəbdə təhsil alıb. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirəndən sonra 1985-1990-cı illərdə bu İnstitutda müəllim kimi çalışıb. 1994-cü ildən 2003-cü ilədək Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti olub, Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal iştirak edib. 1995-ci və 2000-ci illərdə Milli Məclisin deputatı seçilib. 2003-cü ildə Azərbaycanın Baş naziri vəzifəsinə təyin edilməsi ilə əlaqədar deputat səlahiyyətlərinə xitam verilib. O, 1999-cü ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib. 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev 2013-cü ildə üçüncü müddətə prezident seçilib və hazırda prezident vəzifəsini icra edir.
YAP Saatlı rayon təşkilatının məsul işçisi Kənan İslamovun sözlərinə görə, cənab Prezidentin ad günü yalnız bir şəxsin tərcümeyi-halının hadisəsi deyil. Bütövlükdə Azərbaycan xalqının tarixi üçün önəmli hadisədir: “Cənab İlham Əliyev Azərbaycan dövlətinin başçısıdır və xalqımızın son illərdə tərəqqisi üçün çox böyük işlər görüb, qəhrəmanlıqlar göstərib. Ölkə Prezidentinin gördüyü işləri bir-bir sadalamaq istəmirəm. Onsuz da bütün ictimaiyyətə bəlli olan bu əməlləri sadalayıb qurtarmaq da, demək olar, mümkün deyil. Cənab Prezident İlham Əliyevin Azərbaycan xalqı qarşısındakı ən böyük xidməti, şübhəsiz ki, 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsidir. Cənab Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra, hər bir azərbaycanlının prezidenti olub və hər bir azərbaycanlının ən müqəddəs, ən ali arzularının həyata keçməsi – Qarabağımızın işğaldan azad edilməsi üçün səbr, qətiyyət, diplomatik məharət, fədakarlıq, cəsarət nümayiş etdirib. Bu gün geridə qalan 19 illik zaman kəsiyində görülən işlərin miqyasına, ardıcıllığına diqqət yetirəndə Cənab Prezident İlham Əliyevin strateji, nəticəyə hesablanmış siyasətinin izləri görünür.
Digər mühüm məsələ - İlham Əliyevin hakimiyyəti illəri Azərbaycan xalqının taleyində və Azərbaycançılıq düşüncəsinin inkişafında ayrıca bir dövrdür. Bu da ondan ibarətdir ki, onun gördüyü böyük işlər nəticəsində Azərbaycan xalqının bütün dünyada nüfuzu yüksəlir. Cənab Prezidentin Azərbaycan Respiblikasının Prezidenti seçildiyi vaxtdan 19 ildən bir az artıq vaxt keçir və onun fəaliyyətdə olduğu bu 19 ilin hər günü öz xalqına sədaqətlə xidmət etməyin, xalqın arzularının gerçəkləşməsi uğrunda yorulmadan mübarizə aparmaq əzminin təkrarolunmaz nümunələridir. Cənab Prezident İlham Əliyevin liderliyi ilə yeni uğurların şahidi olacağıq”.
K.İslamovun sözlərinə görə, Cənab Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” şüarı xalqın qalib ruhunun güzgüsüdür. Xalqın orduya inamı və dəstəyi, həmçinin ölkədə yaşanan milli və siyasi həmrəylik yaşadığımız Zəfər tarixinin ideoloji əsasıdır: “Vətəndaşlarımızı milli birliyə dəvət edən Prezident xalqın dəmir yumruq kimi birləşməsinin əsas səbəbkarıdır. Fəxr edirik ki, Ümummilli Liderimiz, müasir Azərbaycanın memarı, əbədi rəhbərimiz Heydər Əliyevin misilsiz, alternativi olmayan siyasətini və ideyalarını möhtərəm Prezident cənab İlham Əliyev hazırda çox böyük uğurla davam etdirir. Bu uğurları davamlı olaraq biz həyatımızın bütün sahələrində görürük və hərbi sahə də istisna deyil. 44 günlük İkinci Qarabağ müharibəsini şanlı qələbə ilə başa vurmağımız və Ermənistanın faktiki təslim olması bunun bariz nümunəsidir”.
Gənc fəal deyib ki, ölkə başçısının doğum günü ilin son ayına düşdüyündən sanki insanlar ilk növbədə onu ölkə rəhbərinin həyata keçirdiyi siyasi işlərin kontekstində qiymətləndirir və öz ürək sözlərini söyləyirlər: "Bu ənənəyə sadiq qalaraq demək istərdim ki, cənab İlham Əliyevin ötən illər ərzində Azərbaycanın birinci şəxsi kimi gerçəkləşdirdiyi işlər milli maraqlarımıza uyğun oldu. Faktiki olaraq beynəlxalq münasibətlər sistemi daha da gərginləşib. Çoxları düşünürdü ki, SSRİ mövcud olduğu üçün ikiqütblü dünya sistemi dövründə beynəlxalq savaşlar daha çox olub. Halbuki hətta Sovetlər Birliyindən sonrakı dövrdə də mənafelər uğrunda savaş, bloklaşma və daha çox ölkələri öz təsir dairəsinə qatmaq yönündə mübarizələrin şiddəti artıb. Belə olan şəraitdə istənilən lider çox ağır siyasi döyüşlərə qatlaşmalı oldu, öz ölkəsinin mənafe yolunu müəyyənləşdirməyə çalışdı. Tam əminliklə demək olar ki, Azərbaycan cənab İlham Əliyevin liderliyi altında öz müstəqilliyini daha da möhkəmləndirmiş oldu.
Cənab Prezident İlham Əliyevin şəxsiyyəti Azərbaycanla bərabər yüksəlir və dünya miqyasında nüfuz qazanır. Dövləti layiqincə idarə etmək məharətinə sahib olmaq, bu fəaliyyəti yalnız millətin və dövlətin maraqlarının ödənməsinə yönəltmək, siyasi sələflərdən miras olaraq əldə olunan dövlətçilik potensialını dəfələrlə artırmaq kimi xüsusiyyətlər isə yalnız həqiqi liderlərə xasdır: "Buna görə də tam əminliklə söyləmək olar ki, bu gün cənab Prezident İlham Əliyevin şəxsiyyəti Azərbaycanla bərabər yüksəlir və dünya miqyasında nüfuz qazanır. Beləliklə də öz tərcümeyi-halını Azərbaycanın inkişaf və quruculuq tarixinə həkk etdirir. Allah hörmətli Prezidentimizə can sağlığı versin! Uzun ömür, xoşbəxtlik arzulayıram. Həm iqtisadi, həm siyasi böhranlar içərisində çarpışan dünyamızda hər tərəfdən idarəedicilərin, dövlət başçılarının, siyasətçilərin gözü Azərbaycana dikilir, bizim nümunəmizi götürürlər, bizdən öyrənmək istəyirlər. Bütün bunların hamısının səbəbkarı hörmətli Prezidentimiz cənab İlham Əliyevdir. Bu mübarək gündə xalqımızın səadəti, ölkəmizdə elmin, mədəniyyətin, incəsənətin, milli varlığımızın daha yüksək sürətdə davam etməsi, iqtisadiyyatımızın yüksəlməsi, Azərbaycan insanının maddi rifah halının yaxşılaşması üçün çox keşməkeşli, əzablı, çətin yolda ona uğurlar olsun!”.