"Elmira Süleymanovanın yaşı rol oynamayıb"


Sahib Məmmədov: "BMT kimi təşkilatda yaşa və cinsə görə diskriminasiyalar qadağandır"
  Milli Məclisin dünən keçirilən plenar iclasında Ali Məhkəmə və bir sıra digər məhkəmlərin hakimlərinin təyinatı məsələsi müzakirəyə çıxarılıb.
  Müzakirələrdə çıxış edən deputatlar Qüdrət Həsənquliyev və Tahir Kərimli İnsan Hüquqları üzrə sabiq müvəkkil Elmira Süleymanova ilə bağlı tənqidi fikirlər səsləndiriblər. Qüdrət Həsənquliyev Elmira Süleymanovanın əvvəlcədən təsbit olunan müddətdən daha artıq fəaliyyət göstərməsinin Azərbaycanın beynəlxalq reytinqini aşağı saldığını bildirib.
  Tahir Kərimli də BAXCP sədrinin fikirləri ilə razılaşıb: “Həqiqətən BMT-nin İnsan hüquqları komissiyası Elmira Süleymanovanın yaşının çoxluğuna görə Azərbaycan Ombudsman İnstitutunun reytinqini A-dan B-yə salıb”.
  Spiker Sahibə Qafarova isə Elmira Süleymanovanın fəaliyyətinin hər zaman Azərbaycan üçün çox böyük əhəmiyyətə malik olduğunu vurğulayıb.
  Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov isə “Şərq” ə açıqlamasında BMT-nin Ombudsmanın statusunun “A”dan “B”-yə salmasının konkret səbəblərini açıqlayıb:
“Səhv etmirəmsə, 2016-cı il idi. Ermənilər Azərbaycana qarşı üç istiqamətdə qlobal kampaniya aparırdı. Bu kampaniyalar Azərbaycanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündə (MSŞT) fəaliyyətinin dayandırılması, “Açıq hökumət”dən çıxarılması və bir də Azərbaycan Ombudsmanının BMT-dəki “A” statusunun ləğv edilməsi ilə bağlı idi. Hətta bununla bağlı azərbaycanlı “hüquq müdafiəçi”lərinin də iştirakı ilə Varşavada, Praqada toplantılar keçirilib xüsusi tapşırıqlar verilmişdi.
  Nəticədə Azərbaycan Ombudsmanının BMT-dəki “A” statusunun ləğv edilərək “B” statusuna keçirilməsinə qərar verildi. Sözsüz ki, burada bir sıra daxili amillər də vardı. Azərbaycanda fəaliyyət göstərən Qeyri Hökumət Təşkilatlarının fəaliyyətinə dair məhdudlaşdırıcı qanunların qəbul olunması obyektiv səbəblərdən biri idi. Bu məsələ birbaşa Ombudsmanın fəaliyyətinə aid olmasa da, vətəndaş cəmiyyətlərinin fəaliyyəti ilə bağlı məhdudlaşdırıcı qanunun qəbulu BMT-nin əlində bir əsas idi.
  Amma bu məsələdə Elmira xanımın yaşının çoxluğu rol oynamayıb. Bu cür təşkilatlarda yaşa və cinsə görə diskriminasiyalar qadağandır. Yaşı çox olsa da Elmira xanım aktiv fəaliyyətdə idi. Ekspert qrupunun üvzü olduğum üçün xarici səfərlərdə də şahidi olmuşam, səlahiyyətinin sonuna kimi aktiv olub”.