Ölkədə özünüməşğulluq proqramları genişlənməlidir

Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi;

Bu proqram ölkədə işsizliyin və yoxsulluğun azalmasına və iqtisadiyyatın daha da dayanıqlı olmasına yol açır

  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramına cəlb olunmuş şəxslərin biznes planlarına uyğun mal və materiallar formasında aktivlərlə təminatı davam edir.
  Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, son bir ay ərzində daha 2581 nəfər özünüməşğulluq proqramı iştirakçısı aktivlərlə təmin olunub. Proqram iştirakçıları onlara verilmiş aktivlər üzrə öz kiçik biznes sahələrini yaradıblar. Proqram iştirakçıları üçün əvvəlcə kiçik biznesin təşkili üzrə bilik və bacarıqlara malik olmaları məqsədilə təlimlər təşkil edilir, sonra aktivlərlə təmin olunurlar.
  Qeyd edək ki, Azərbaycan Prezidentinin 7 aprel 2016-cı il tarixli “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı ilə əsası qoyulan özünüməşğulluq proqramı hazırda ölkəmizdə uğurla həyata keçirilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi bu proqram çərçivəsində aztəminatlı ailələrə fərdi təsərrüfatlarının təməlini qoymaq və ya inkişaf etdirmək üçün dövlət vəsaiti hesabına ailəyə birbaşa natura şəklində mal, material və digər əmlakın verilməsi ilə (nağd vəsait olmamaq şərti ilə) dəstək göstərir. Təqdim etdiyi biznes plana uyğun olaraq istehsal və ya xidmət avadanlıqları ilə təmin edilir. Ölkəmizdə həyata keçirilən özünüməşğulluq proqramı mikro və kiçik sahibkarlığın inkişafını və ailə büdcəsinin dayanıqlı gəlir mənbələri hesabına formalaşmasını hədəfləyir.
  Əhalinin sosial cəhətdən həssas kəsimindən olan insanlara verilən müavinət və yardımların onların əmək bazarında məşğulluğunun təmin edilməsinə yönləndirilməsidir.
  Burada vacib nüanslardan biri də odur ki, dövlətin dəstəyi ilə əsasən sosial cəhətdən həssas şəxslərə və aztəminatlı ailələrə aktivlər ayıraraq onlar biznes mühitində daha dayanıqlı və gəlir gətirən sahələrə yönəldilir. Özünüməşğulluğun təşviqi ilə həmin şəxsləri yardım asılılığından azad edib uzun müddətdə maliyyə dayanıqlığını təmin etmək qarşıya qoyulan əsas məqsəddir. Özünüməşğulluq proqramı çərçivəsində aktivlərin paylanılmasında üstünlük verilən şəxslər vardır ki, bunlar da əsasən əhalinin həssas və sosial cəhətdən aztəminatlı qruplarıdır. Belə ki, qanunvericiliyə əsasən, işsiz şəxslərin özünüməşğulluğunun təşkili zamanı ünvanlı dövlət sosial yardımı alan şəxslərə, əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, bir ildən artıq işsiz kimi qeydiyyatda olanlara, pensiya yaşına iki ildən az qalmış şəxslərə və cəzaçəkmə yerlərindən azad edilmiş işsiz şəxslərə üstünlük verilir. Bu qrupdan olan insanların özünüməşğulluq proqramı çərçivəsində şəxsi bizneslərinə start verərək maliyyə azadlığını təmin etməkləri layihə çərçivəsində nəzərdə tutulan hədəflərdən biridir. Bununla belə özünüməşğulluq proqramına işsiz kimi qeydiyyata alınmış şəxslər, eyni zamanda mülkiyyətində kənd təsərrüfatına yararlı pay torpağı olub, digər məşğulluğu olmayan, işaxtaran kimi qeydiyyata alınmış şəxslər müraciət edə bilər. Özünüməşğulluq proqramı çərçivəsində vətəndaşlara kənd təsərrüfatı üzrə (iribuynuzlu, xırdabuynuzlu heyvandarlıq və arıçılıq) istehsal və xidmət istiqamətləri üzrə aktivlər təqdim edilir.
  Proqram həmçinin alternativ sosial müdafiə tədbirləri ilə müqayisədə əhəmiyyətli üstünlükləri ilə fərqlənir. Belə ki, proqram eyni vaxta bir neçə makro məqsədlər istiqamətində paralel nəticələrin əldə edilməsinə imkan yaradır. Özünüməşğulluq proqramının əsas üstünlüklərindən biri ailə büdcəsinin dayanıqlı gəlir mənbələri hesabına formalaşması, mikro və kiçik sahibkarlığın inkişafı, yeni iş yerlərinin yaradılması və işsizlik səviyyəsinin və yoxsulluq səviyyəsinin azaldılması və iqtisadiyyatda inklüzivliyin gücləndirilməsidir.
  Millət vəkili Azər Badamov isə deyib ki, özünüməşğulluq proqramı əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsi və işsizliyin aradan qaldırılmasında mühüm əhəmiyyətə malikdir: 

“İşaxtaran işsiz şəxslərə dövlət dəstək göstərir. Bu dəstək həmin şəxsləri kurslara cəlb etməklə maarifləndirməklə, biznes planlarının hazırlanmasına kömək etməklə və aktivlərlə təmin etməklə həyata keçirilir. Beləliklə, nəticədə işsiz və dövlətin əlinə baxan şəxslər sahibkarlara çevrilir. Nəticədə, müstəqil öz büdcəsini formalaşdıra və hətta əlavə iş yerlərini yarada bilir. Təcrübədə belə hallar çox olub. Məsələn, əvvəl işsiz və dövlətdən sosial yardım alan şəxs özünüməşğulluq proqramından yararlanaraq bir neçə ildən sonra biznesini genişləndirir və özü bir neçə nəfəri işlə təmin edir. Bu da yeni iş yerlərinin yaradılmasına töhfə deməkdir. Özünüməşğulluq proqramına qoşulmağa o şəxslərə üstünlük verilir ki, həmin kateqoriyadan olanlar üçün iş tapmaq çətindir. Dövlət də iş axtarmaq imkanları aşağı olan bu şəxsləri özünüməşğulluq proqramlarına cəlb etməklə onlara ailə biznesinin yaradılmasına və özlərini cəmiyyətin dəyərli bir üzvü olduqlarını hiss etmələrinə imkan verir”.
  Deputatın sözlərinə görə, 2016-cı ildən etibarən Azərbaycanda icrasına başlanılan dövlət özünüməşğulluq proqramını beynəlxalq praktika ilə fərqləndirən müəyyən elementlər var: “Azərbaycanda keçirilən özünüməşğulluq proqramı digər ölkələr ilə müqayisədə uğur faizi yüksək olan layihələrdəndir. Şübhəsiz ki, bunun əsas səbəblərindən biri də dövlətin birbaşa dəstəyinin və özünüməşğulluq proqramının davamlı maliyyə dayanıqlığının olmasıdır. Həmçinin proqram istehsal, emal, xidmət və kənd təsərrüfatı olmaqla geniş sahələri əhatə etməkdədir. Bu da öz növbəsində geniş kəsimdən olan insanların maraqlarını cəlb etməkdədir. Bütün bunlar isə Azərbaycanda keçirilən özünüməşğulluq proqramının gələcəkdə əhatə dairəsini genişləndirərək daha da inkişaf edəcəyini deməyə əsas verir.
  Özünüməşğulluq proqramları eyni zamanda ölkə iqtisadiyyatının güclənməsinə töhfə verir. Əgər dövlətin yardımında gözü olan bir ailənin büdcəsini özünün gəlirləri hesabına müstəqil formalaşdıra bilirsə, təbii ki, bunun çoxtərəfli əhəmiyyəti vardır. Özünüməşğulluq proqramlarına cəlb olunaraq düzgün qurulmuş ailə biznesini yaradan şəxslər mikro və kiçik sahibkarlıq subyektlərinə çevrilir. Təbii ki, sahibkarlıq subyektlərinin çoxalması ölkə iqtisadiyyatının güclənməsinə gətirib çıxarır. Məsələn, əvvəllər dövlətdən alacağı sosial yardımı gözləyən şəxsin özü dövlətin dəstəyi ilə sahibkara çevrilir və dövlət büdcəsinə vergi ödəməyə başlayır. Vergi ödəyicilərin sayının artması büdcəyə daxilolmaların artması deməkdir. Ona görə də özünüməşğulluq proqramının genişləndirilməsini vacib hesab edirəm”.
  A.Badamov deyib ki, ölkədə özünüməşğulluq proqramları genişlənməli, bu proqrama qoşulmaq üçün edilmiş müraciətlər sürətlə təmin olunmalı və dövlətdən alınan aktivlərdən səmərəli istifadə olunması üçün nəzarət mexanizmi güclənməlidir: “Özünüməğşulluq proqramı ölkədə işsizliyin və yoxsulluğun azalmasına və iqtisadiyyatın daha da dayanıqlı olmasına yol açır”.