"Nikosayağı" həbs olunacaq?  - AÇIQLAMA

Dünən gecə “Nikosayağı” adı ilə tanınan bloger Nicat Şakirli idarəetməni itirərək "Porsche" markalı avtomobili yük maşınına çırpıb.
Sosial şəbəkələrdə yayılan video görüntülərdə  avtomobil sürətlə idarə olunduğu nəzərə çarpır.
Hadisəni "Sherg.az"a şərh edən vəkil Fariz Namazlı bildirib ki, məsələ ilə bağlı araşdırma gedir:

" Ekspertiza təyin olunur. Ekspert rəyi nəticəsində yol hərəkəti qaydalarının pozuntusunun olub-olmadığını müəyyənləşməlidir. Sürət həddinin aşıldığını  şifahi olaraq deyə bilərik. Konkret sürətin hansı həddə olduğunu bilmirik. Həmin şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququ yoxdusa və  spirtli içki qəbul edibsə, əməl ağırlaşdırılır. Cinayət Məcəlləsinin 263-1.3-cü (nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda)  maddəsi tərtib olunur. Burada cinayət 5 ildən 8 ilə qədər nəzərdə tutulur. Əsk halda isə yəni sürücülük vəsiqəsi, nəqliyyat vasitəsini idarə etmək hüququ varsa və spirtli içki qəbul etməyibsə, 1 nəfər şəxsin ölümünə görə Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi  ilə ittiham verilir. Burada isə 2 ildən 6 ilə qədər azadlıqdan məhkum oluna bilər. Əgər 5 ilə qədər cəza verilirsə, cəza Məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilir. 5 ildən artıq  veriləndə isə Ümumi rejimli cəzaçəkmə müəssisəsində cəza verilir. Bu cəzanın verilməsi zərərçəkmiş şəxsin şikayətinin olub-olmamasından asılıdır. Zərərçəkmiş şəxs dünyasını dəyişdiyi halda isə hüququ varisi işə qatılır".

Qeyd edək ki, TƏBİB-dən verilən məlumata əsasən xəsarət alanlar-29 yaşlı Nicat Şakirli sağ yuxarı ətrafın dirsəkdən amputasiyası, 23 yaşlı Fəxri Rüstəmov isə sağ əlin kəsilmiş yarası diaqnozu ilə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə təxliyə olunublar.