Ya inteqrasiya olacaqlar, ya da ərazini tərk edəcəklər  - RƏY 

Ermənistanəsilli Rusiya vətəndaşları Qarabağı tərk edirlər.

Sosial şəbəkələrdə yayılan videokadrlardakı görüntülər də Ermənistanəsilli Rusiya vətəndaşlarının Qarabağı tərk etməsi əks olunub.

Müşahidələrə görə, Rusiya sülhməramlı kontingentinin müvəqqəti məsuliyyət zonasında regiondan miqrasiya əhvali-ruhiyyəsi hökm sürür.

Məsələ ilə bağlı "Sherg.az"a açıqlamasında politoloq Sultan Zahidov qeyd edib ki, son dönəmlər Qarabağın sülhməramlıların nəzarəti altında olan ərazilərindən müəyyən köçlərin şahidi oluruq:
 
"Bu belə təəssürat yaradır ki, Qarabağdan Azərbaycana inteqrasiya olmaq istəməyən erməni sakinlər ərazini tərk edirlər.  Onların iki seçimi var. Ya Azərbaycana inteqrasiya olacaq və digər milli azlıqlara da təmin olunan  hüquq və azadlıqlardan yararlanacaqlar, ya da həmin əraziləri tərk edəcəklər. Bu baxımdan erməni sakinlərin müəyyən qisminin ikinci seçimi istisna olunmamalıdır. Lakin bir məsələdə nəzərə alınmalıdır ki, Rusiya sülhməramlılarının oradakı mövcudluğu hələ də davam edir. Biz bilirik ki, bu, ən azı 2025-ci ilə qədər olacaq. Bu vəziyyətdə ermənilərin kütləvi halda köç etməsi şübhə doğurur. Burada söhbət  10-15 nəfər ailənin bölgəni tərk etməsindən gedir. Kütləvi şəkildə köçün baş verməsi dəqiq deyil".

Ekspert onu da qeyd edib ki, digər tərəfdən bu qondarma rejimin Ermənistan rəhbərliyi ilə bərabər şəkildə düşünülmüş bir addımı da ola bilər: 

"Çünki köçün BMT təhlükəsizlik Şurasında Qarabağdakı vəziyyət ilə bağlı müzakirənin baş verəcəyi ərəfədə olması şübhə doğurur. Ermənistan rəhbərliyi BMT təhlükəsizlik Şurasına müraciət ünvanlayıb. Məğzi Laçın dəhlizindəki sözdə blokadanı  və dırnaq içindəki böhranı müzakirə etməkdən ibarətdir. Görüş ərəfəsində  Ermənistan rəhbərliyi Qondarma rejimlə birlikdə Qarabağdan ermənilərin köçünün imitasiyasını realizə edə bilərlər ki, dünya birliyi, o cümlədən BMT həqiqətən də Qarabağda humanitar böhranın olduğunun şahidi olsunlar. Əvvəllər də ermənilərin bu cür məkirli planlarını görmüşük. Ona görə də belə bir planın olması ilə bağlı fikir istisna olunmamalıdır. Amma istənilən halda onlar ya inteqrasiya olunacaq, ya da çıxıb gedəcəklər. Onlar üçün 3-cü bir seçim yoxdur".