Ermənistan üzünü Qərbə, Cənuba, Şimala deyil, məhz Azərbaycana doğru çevirməlidir
Erməni politoloq Qriqor Balasanyan bildirib ki, Azərbaycan Qarabağ məsələsində yavaş-yavaş istədiklərinə nail olur.
O bildirib ki, İrəvan rəsmi Bakının Qarabağ siyasətinə mane ola bilmir.
“Azərbaycan Qarabağ məsələsində “anakonda üsulu”nu tətbiq edir: qurbanını təslim olana qədər sıxır. Əliyev artıq planlaşdırılanın 70%-ni alıb, 30%-i qalıb. Belə davam etsə, 30%-ni də alacaq”.
Q.Balasanyanın qeyd edib ki, Ermənistan hakimiyyəti özünə olan risklərdən qurtulmaq üçün hər şeyi qurban verməyə hazırdır.
Qriqon Balasanyanın fikirlərini "Sherg.az"a şərh edən politoloq Sultan Zahidov bildirib ki, erməni politoloq Azərbaycanın Qarabağ məsələsində "Anakonda" üsülünü tətbiq etdiyini vurğulamaqla Qarabağdakı ermənilərə qarşı amansız olduğunu bildirir:
" Burada ağıla ilk növbədə gələn ermənilərin yalandan propaqanda etdikləri, "hümanitar yardım" və blokada məqamları gəlir. Sözsüz ki, bunlar həqiqəti əks etdirmir. Azərbaycan ikinci Qarabağ müharibəsindən sonra Ermənistana qarşı öz hümanist mövqeyini göstərib. Baxmayaraq ki, həm Azərbaycan Ermənistan şərti sərhədində, həm də Qarabağın rus sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə bizə qarşı daimi təxribatlar törədirlər. Azərbaycan istər Beynəlxalq Qırmızı Xaç cəmiyyətinə aid olan maşınlar, istər də digər hümanitar yüklərin Ermənistandan Laçın yolu ilə Xankəndiyə və əks istiqamətdə gedişinə şərait yaradıb. Bundan əlavə rəsmi Bakı Ermənistana Qarabağdakı erməniəsilli Azərbaycan vətəndaşlarına hümanitar yüklərin Ağdam-Xankəndi yolu ilə daşınmasını təklif etmişdi. Amma Ermənistan və Qarabağdakı separatçılar buna əvvəl razı olsalar da, sonradan etiraz etdilər. Bunların hamısı Azərbaycanın hümanist siyasətinin nəticəsidir. Amma hələ də Ermənistanda bunu anlamayanlar var. Azərbaycan onsuz da 44 günlük müharibədə işğal olunmuş torpağını azad etdi. Bu hərbi zəfər Azərbaycanı siyasi, diplomatik arenada uğurlar qazanmasına yardımcı oldu. Yazılmamış belə bir qayda var. Hərb meydanında qazanılan qələbə masada da avtomatik olaraq zəfərə çevrilir. Danışıqlar prosesinin əsas səbəbi delimitasiyası, demarkasiyası və sülh sazişinin imzalanmasıdır. Azərbaycandan daha çox sülh sazişi Ermənistanın maraqlarına uyğundur. Ermənistan iqtisadiyyatını inkişaf etdirmək, regional qonşuları ilə normal münasibət yaratmaq və düşdüyü bataqlıqdan çıxmaq üçün belə sülh sazişini imzalamalıdır. Ermənistanın hər şeyi qurban vermək məsələsinə gəldikdə isə, nəyi var, nə qurban versin? Hərbisi darmadağın olunub, iqtisadiyatı isə rəzil durumdadır. Günü-gündən daha da vəziyyəti pisləşir. Ölkə əhalisi Ermənistanı tərk etməyə davam edir. Nikol hakimiyyətinin Azərbaycana verəcək heç bir şeyi yoxdur. Bizim əldə etdiklərimiz haqlı olaraq Azərbaycanın olanlardır. Eyni zamanda Azərbaycan tərəfi rus sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazisindən 10 mindən çox erməni silahlısının çıxarılmasını tələb edir. Bunu etməklə Ermənistan Azərbaycana nəsə vermiş olmayacaq. Çünki Ermənistan rəhbərliyi özü dəfələrlə bəyan edib ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır.
Amma burada Azərbaycanın suverenliyi məsələsi də var. Bu məsələ də ərazi bütövlüyü ilə paralel şəkildə tanınmalıdır. Xankəndidə və rus sülhməramlılarının müvəqqəti nəzarəti altında olan digər ərazilərində də Azərbaycanın suverenliyi tam şəkildə Ermənistan tərəfindən tanınmalıdır. Həmçinin oradakı qeyri-qanuni qruplaşmalar çıxarılmadır. Çox təəssüflər olsun ki, bu cür adekvat addımları biz Ermənistan tərəfindən görmürük. Burada Qərbin də rolu az deyil. Xüsusilə də Fransa və İran kimi dövlətlərin Ermənistanı qızışdırması normallaşma prosesinə zərər verir. Ermənistan tərəfi Azərbaycan ilə savaşda məğlub olduqlarını boyunlarına alıblar. 44 günlük müharibədən onlar məğlub olub. Siyasi masada da uduzmağa doğru gedirlər. Çünki siyasi masada keçirmək istədikləri manevrlər nəticə vermədi. Bu o deməkdir ki, Ermənistan üzünü Qərbə, Cənuba, Şimala deyil, məhz Azərbaycana doğru çevirməlidir. Ermənistan tərəfindən kütləvi silahlanma, qeyri-konstruktiv mövqeylər və təxribatlar davam etsə, buna Azərbaycan tərəfindən adekvat cavab veriləcək. Bu da regionda gərginliyin eskalasiyasına gətirib çıxara bilər".