Paşinyan Rusiya mediasında manşet oldu: "Biz böyük səhvə yol verdik"

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın Qarabağ və Laçın dəhlizi ilə bağlı verdiyi vədlərə əməl etmədiyini iddia edib. Ölkəsinin Moskvaya güvənərək təhlükəsizlik risklərini artırdığını etiraf edən Paşinyanın açıqlamaları Rusiya mətbuatında manşet olub.

Sherg.az xəbər verir ki, gün ərzində Rusiya mətbuatında yer alan xəbərlərdə Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya ilə bağlı açıqlamaları yer alıb. Ermənistanın Rusiya ilə təhlükəsizlik və hərbi baxımdan əməkdaşlığını böyük səhv kimi qiymətləndirən Paşinyan “Biz təhlükəsizlik məsələsində tək bir nöqtədən aslı qaldıq. Aydındır ki, Rusiyanın sursat və silaha ehtiyacı olduğu bu günlərdə Ermənistanın təhlükəsizliyini təmin edə bilməzdi" deyə qeyd edib.

Paşinyan  əlavə edib ki, guya 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, Rusiya sülhməramlıları öz missiyasını yerinə yetirməyib: “Rusiya Qarabağa aparan Laçın dəhlizinə nəzarət etmir. Bunun iki səbəbi ola bilər; ya Rusiya Federasiyası Laçın dəhlizinə nəzarət edə bilmir, ya da bunu istəmir. Bu, bizim üçün böyük problemdir" .