“İrəvan Bakı ilə sülh müqaviləsi imzalamağa hazırdır”.
“Caliber” teleqram kanalının məlumatına görə, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərin suallarını cavablandırarkən bildirib.
O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında keçiriləcək görüşdə sülh sazişinin imzalanması mümkündür.
Spikerin sözlərinə görə, rəsmi İrəvan çox istəyir ki, bu məsələdə irəliyə doğru addım atılsın.
“Biz bu tarixi şansdan istifadə etmək istəyirik. Əbədi müharibə heç kimə lazım deyil. Biz buna hazırıq”, - deyə Alen Simonyan İctimai Televiziyada bildirib.
Sülh sazişi layihəsinin üzərində işin getməli olduğunu deyən sabiq xarici işlər naziri Elmar Məmmədyarov "Sherg.az"a qeyd edib ki, internet vasitəsilə ciddi müzakirələrin olacağına inanmır:
"Ümumiyyətlə sülhün əldə olunması üçün görüş keçirilməli və hansı bəndlərin qəbul edilib-edilməyəcəyi masaya yatırılmalıdır. Çünki lokal xarakterli antiterror tədbirlərindən sonra vəziyyət dəyişib. İndiki məqamda sülh müqaviləsinin imzalanacağını güman etmirəm. Amma bu istiqamətdə ciddi işlər görüləcək. Digər tərəfdən oktyabrın əvvəlində Azərbaycan Prezidenti ilə Ermənistan Baş naziri arasında görüş baş tutacaq. Bu görüşdən sonra hər şey bəlli ola bilər. Ermənistan parlamentinin spikeri Simonyan isə yəqin ki, bu sözləri öz auditoriyası üçün deyib. Ona görə ki, sülh müqaviləsi üçün öncədən hazırlıq görülməlidir".