Türkiyənin xarici işlər naziri Hakan Fidanla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı olub. Bu barədə Türkiyə KİV-ə xəbər verib. Bildirilib ki, görüşdə iki ölkə arasında münasibətlər və regional məsələlər müzakirə olunub.
Telefon danışığının mahiyyətini “Sherg.az”a şərh edən politoloq Samir Hümbətov deyib ki, Hakan Fidan və ermənistanlı həmkarı arasındakı təmasda əsas diqqətçəkən məsələ tərəflər arasındakı diplomatik münasibətlərin qurulması istiqamətindəki atılacaq addımlardır:
"Regional məsələlər dedikdə isə Qarabağ başda olmaqla bölgədə Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan münasibətlərinin tənzimlənməsindən söhbət gedə bilər. Həmçinin PKK-nın tərkibində xeyli sayda erməninin olması fikirləri səsləndirilir. Onlarla bağlı məsələ də müzakirə oluna bilər. Eyni zamanda Ermənistan ərazisində PKK-ya məxsus hərbi şəhərciklərin olması ilə bağlı məlumatlar dolaşır. Hesab edirəm ki, bu dəqiqə üçün tərəflər arasında aparılan danışıqlarda bu məqamlardan daha çox danışıldığını qeyd etmək olar".