Aİ Ermənistanı sülhə vadar etməlidir  - Mişelin çağırışı...

Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişel Azərbaycan və Ermənistanı ərazi bütövlüyünü qarşılıqlı tanımağa çağırıb.

Bu barədə xarici media məlumat yayıb.

Mişel qeyd edib ki, AB-nin Ermənistan və Azərbaycan arasında vasitəçiliyi Avropa Birliyinin bu regionda maraqlarını qorumağa yönəlib.

Məsələyə münasibət bildirən  Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov "Sherg.az"a açıqlamasında qeyd edib ki, Şarl Mişel Azərbaycan  Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin tənzimlənməsində moderator qismində çıxış edir:

"Həmçinin, bu proses 2021-ci ilin dekabrından başlayıb. Digər tərəfdən Avropa Siyasi Birliyi çərçivəsində çox mühüm görüşlər keçrilib. Bunlar da sülhə xidmət edən addımlar olub. Lakin Qranada görüşünün baş tutmamasının başlıca səbəbi Fransa-Ermənistan pozucu addımları ilə bağlıdır. İndi isə Şarl Mişel bu cür çağırış edir. Məgər Brüsseldə tərəflər rəqəmlər ifadəsində bir-birinin ərazi bütövlüyünü tanımadı? Yaxud Almatı bəyannaməsinə tərafdar çıxdıqlarını bildirmədilər? Eyni zamanda BMT nizamnaməsi daxilində əməkdaşlığının yaradılmasına dair fikirlər ifadə olunmadı? 
Bütün bunların hamısı baş verib və arxada qalıb. Ona görə də, bu gün əməli praktiki müstəvidə  ərazi bütövlüyünə dair bütün problemlərin aradan qaldırılması önəmlidir. Əgər Ermənistanın vaxtında sülhə məcbur edilməsi baş versə idi, Azərbaycan lokal xarakterli antiterror tədbirləri həyata keçirməzdi.  Buna görə də, Avropa İttifaqı öz mövqeyində qəti və ardıcıl olmalıdır. Həmçinin, verilən vədləri yerinə yetirilməli və Ermənistanın sülhə məcbur edilməsi aktuallıq kəsb etməlidir. Burada Avropa İttifaqı enerji təhlükəsizliyi və Rusiya Ukrayna müharibəsi fonunda yaranan qaz ehtiyaclarını ödəmək maraqlarını güdür. Lakin Azərbaycanın suveren hüquqlarının təmin olunması məsələsində bir problem yaradılmamalıdır. Bizim üçün ərazi bütövlüyü və suverenlik ən ali prinsiplərdir. Avropa İttifaqı öz vasitəçilik missiyasını davam etdirmək niyyətini güdürsə, Ermənistanı mütləq sülhə vadar etməlidir".