Cənubi Qafqazın iki ölkəsi artıq Qərbin orbitindədir - Şərh

"Dekabrda biz genişlənmə məsələsini Avropa Şurasının gündəliyinə qoyacağıq və bunu liderlər səviyyəsində müzakirə edəcəyik".


Bu sözləri Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Avropa Siyasi Birliyinin sammitində deyib.

Onun sözlərinə görə, dekabrda genişlənmə məsələsində Gürcüstanla bağlı da mühüm müzakirələr olacaq:

“Bilirsiniz ki, noyabrda Avropa Komissiyası genişlənmə ilə bağlı hesabat dərc edəcək və bu gün mən təsdiq edə bilərəm ki, biz genişlənmə məsələsini dekabrda Avropa Şurasının gündəliyinə qoyacağıq. Genişlənmə ilə bağlı bütün məsələləri üzv dövlətlərin liderləri səviyyəsində, o cümlədən Gürcüstan da daxil olmaqla müzakirə edəcəyik".

Avropa Şurasının prezidenti Gürcüstan xalqına mesaj da verib:

“Mən artıq bu suala cavab vermişəm, amma gürcü xalqına yenə demək istəyirəm - İslahatlar həyata keçirin və islahatlarınızın Avropa standartlarına uyğun olduğundan əmin olun. İqtisadi islahatlar, antikorrupsiya islahatları, məhkəmə müstəqilliyi və s. bunlar hər birimiz üçün prioritet məsələdir”, - deyə Mişel vurğulayıb.

Şarl Mişelin fikirlərinə münasibət bildirən politoloq Azər Rəşidoğlu "Sherg.az"a açıqlamasında deyib ki, Gürcüstan Qərbin təsir dairəsindən uzaqlaşa bilməz: 


"Nəzərə alaq ki, Rusiyanın xüsusi təsir imkanlarının çox olduğu ölkələrin hamısı ondan uzaqlaşma yolu seçib. Gürcüstan artıq öz seçimini edib və Tiflis avrointeqrasiya yolu ilə gedir. Rusiya hər vəchlə Tiflisi öz təsir dairəsinə qaytarmaq istəyir. Lakin Moskvanın təzyiqləri heç bir nəticə vermir, üstəlik, Ermənistan da artıq Moskvadan uzaqlaşır. Bu o deməkdir ki, Cənubi Qafqazın iki ölkəsi artıq Qərbin orbitindədir. Bu baxımdan, Rusiyanın qıcığını anlamaq mümkündür. Bakı isə müstəqil və balanslı siyasət aparır. Lakin unutmaq olmaz ki, Azərbaycanın öz iqtisadi maraqları var və bu maraqlar da Avropa ilə əlaqələri gücləndirmək tələb edir. Proseslərin bu cür gedişi Türkiyəni də Rusiyadan uzaqlaşdıra bilər.Yaxınlarda Türkiyə də digər bu qəbildən olan dövlətlər kimi Rusiyadan ayrılmaq yolunu tutacaq. NATO üzvü olan Türkiyə Rusiya ilə münasibətlərinə yaxın zamanlarda yenidən baxacaq. Bütün bunlar İran-ABŞ münasibətlərinin gərginləşdiyi bir zamanda edilir.
Kreml Kiyev, Tiflis, İrəvan, Vaşinqtonla soyuq savaş müstəvisinə qədəm basıb. 

Moskva bilir ki, Xəzər dənizinə, İranla sərhədə, Orta Asiyaya çıxış əldə etmək üçün Bakının rolu böyükdür. Ancaq təzyiqlə bölgədə möhkəmlənmək mümkün deyil. Bu baxımdan, ehtimal edirəm ki, Rusiya qısa zamanda bölgədə nüfuzunu itirəcək. Ukrayanada dərsi verilən Rusiya ilə əməkdaşlığı heç kəs arzulamır".