Mesaj verildi: Cənubi Qafqaz ölkələri problemlərini regionda özləri həll edə bilər 

"Prezident İlham Əliyevin Gürcüstana səfəri zamanı Azərbaycan və Gürcüsan arasında  əlaqələrinin tarixi və indiki dövrü ilə bağlı bir sıra məsələlər müzakirə olunub. Xüsusilə də, SSRİ-nin dağılmasından sonra Heydər Əliyev və  Eduard Şevardnadzenin hakimiyyəti  zamanı gürcü və Azərbaycan xalqları arasında münasibətlərin inkişafına  verdikləri təstəklərə toxunulub".

Bu fikirləri Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri, politoloq Samir Hümbətov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu gün  Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin dəvəti ilə Gürcüstana işgüzar səfəri  ilə bağlı "Sherg.az"a açıqlaması zamanı deyib. 


O bildirib ki,  Azərbaycanın Gürcüstan ilə iqtisadi, regional və iki tərəfli əməkdaşlığa xüsusi diqqət yetirməsi də gündəm mövzusu olub:

"Eyni zamanda Azərbaycanın Gürcüstana qoyduğu investisiyaların həcmi ilə bağlı məsələlərə də toxunulub. Görüş zamanı Azərbaycanın iştirak etdiyi böyük  qlobal   və regional səviyyəli layihələrdə Gürcüstanın da olmasına diqqət yetirilib. Azərbaycanın  Gürcüstan ərazisindən keçən enerji və nəqliyyat kommunikasiya xətləri ilə bağlı məsələlər geniş müzakirə edilib. Bunların  hamısı çox önəmli mesajlar idi. Həmçinin,  Prezident İlham Əliyevin Ermənistan ilə sülh məsələsini vurğulayarkən Gürcüstanda ikili, üçlü görüşlərin keçrilməsi imkanlarına toxunması yaxın gələcəkdə iki ölkənin bir-birinə əhəmiyyətli dəstək verməsindən  xəbər verir. Yəni bununla Cənubi Qafqaz ölkələri öz problemlərini regionda həll edə bilər mesajı verildi. Bu görüşlərin  perspektivləri çoxdur. Sadəcə olaraq ağıllı diplomatiyanın yürüdülməsi nəticə yönümlü proseslərə gətirə bilər. Bu isə nəticə etibarilə ikili, regional və qlobal səviyyədə hər iki dövlətə fayda verə bilər. Səmimi danışıqlar göstərir ki, Gürcüstan və Azərbaycan arasında olan dostluq, qonşuluq münasibətlərinə  tək  sözdə deyil, həmçinin, əməldə də riayət edilir. Bundan sonra da bu proseslər uğurla davam etdiriləcək".

Qeyd edək ki, bugünkü səfər Prezident İlham Əliyevin Gürcüstana sayca 11-ci səfəridir. Bundan əvvəl ötən il oktyabrın 24-də dövlətimizin başçısı Gürcüstanda (Mçxetada) işgüzar səfərdə olub.

Eyni zamanda, bu il aprelin 7-də Gürcüstanın Baş naziri İ.Qaribaşvili ölkəmizə (Qəbələyə) işgüzar səfər edib.