Qarabağda yaşayan separatçılardan biri silahı təhvil verib Ermənistana köçməzdən əvvəl yaşadığı evə qumbara yerləşdirib.
Bu barədə sosial şəbəkələrin erməni seqmentində görüntülər yayılıb.
Ermənilərin bu addımını "Sherg.az"a şərh edən hərbi ekspert Ədalət Verdiyev söyləyib ki, Qarabağda mina sürprizləri ilə qarşılaşmaq təəccüblü deyil:
"Ermənistan XXI əsrin mina terrorunun memarı olaraq tanınan bir ölkədir.
Birgə bəyanatın (red.10 noyabr sazişi) imzalanmasından sonra ermənilərin, seperatçı tərəfdarlarının Qarabağ bölgəsində xüsusilə də, Laçın, Xankəndi, Xocalı, Ağdərə və Əsgəran istiqamətində minlərlə minanın basdırmasının şahidi olmuşuq. Artıq belə sürprizlərin aşkarlanması üçün mühəndis-istehkam bölmələrinin kifayət qədər ciddi təcrübəsi mövcuddur. Eyni zamanda ANAMA-nın bu istiqamətdə təcrübəsini qeyd etmək lazımdır. Həmin məsələlər ilə Silahlı Qüvvələrin müvafiq strukturlarında da xeyli təlimat və təbliğat işləri aparılır. Ümid edirik ki, gələcək zamanda heç bir əsgər, zabitimiz və mülki şəxslərimiz mina terrorundan xəsarət almaz. Buna görə də, təhlükəsizlik qaydalarına riayət etmək çox vacibdir.
Ermənilər əvvəl nə edirdilərsə, indi də onu həyata keçirirdilər. Amma Qarabağda erməni separatçıları təmizləndikdən sonra gələcəkdə insanlığa sığmayan hərəkətləri icra edə bilməyəcək. Çünki bunun üçün Ermənistan tərəfinin nə maddi, hərbi, nə də digər imkanı olacaq".