Erkən evliliklərə qarşı mübarizə: Nə etməli? 

Sosioloq istisnaların aradan qaldırılmasının ümumi nəticəyə təsir etməyəcəyini bildirib

“Cəzalar da sərtləşməlidir, cərimələrin də miqdarı artırılmalıdır. Təhsildən yayınma hallarının səbəbləri təhsil ocaqları, Regional təhsil idarələri, komitənin səlahiyyətli nümayəndələri və hüquq-mühafizə orqanları ilə birgə operativ araşdırılmalıdır”

  Azərbaycanda qanuni nikahın minimum yaş senzi – 18 yaşla bağlı bütün istisnaların aradan qaldırılması təklif edilir. Bu, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il hesabatında qeyd olunub. Hesabatda, Ailə Məcəlləsinə yenidən baxaraq həm kişilər, həm də qadınlar üçün minimum qanuni nikah yaşı (18 yaş) ilə bağlı bütün istisnaların aradan qaldırılması və xüsusilə də kənd yerlərində uşaq nikahı və məcburi nikahla mübarizə tədbirlərinin gücləndirilməsi, bu zərərli təcrübənin təməlində dayanan səbəblərin aradan qaldırılması, bu işdə rolu olan ailə üzvlərinin, dini və icma liderlərinin və ya hüquq-mühafizə əməkdaşlarının cəzalandırılması, bu istiqamətdə işlərin aşkarlanması üçün mexanizmlərin yaradılması təklif edilib. Komitənin hesabatında erkən nikaha səbəb olan digər amillər də qeyd edilib. Hesabatda qeyd olunur ki, 2022-ci ildə respublikada erkən evlilik hallarının göstəricilərində artım müşahidə edilib. Bu nəticə Statistika Komitəsinin məlumatlarına əsasəndir. Bakı şəhərinin 12 rayonu üzrə şəhər icra hakimiyyətlərinə erkən evliliklə bağlı 34 müraciət daxil olub. Nikah yaşının 1 il azaldılmasına görə 12 rayon üzrə 23 müraciətə baxılıb, hamiləlik, uşağın doğulması və digər üzrlü hesab oluna biləcək səbəblər araşdırılıb, müvafiq sənədlər tələb olunub. Araşdırmaların nəticəsi olaraq paytaxtın Qaradağ, Suraxanı, Sabunçu, Binəqədi rayonlarından daxil olmuş müraciətlərə baxılaraq nikah yaşının 1 il azaldılmasına sərəncam verilib. 2022-ci ildə 18 yaşadək analar tərəfindən 2011 uşaq dünyaya gətirilib. Və bu göstərici ötən illə müqayisədə 361 nəfər çoxdur. Ən yüksək göstəricilər Qazax-Tovuz, Mərkəzi Aran və Qarabağ iqtisadi rayonlarına məxsusdur. Yerli rayon icra hakimiyyətlərinin məlumatına görə, ölkənin 12 iqtisadi rayonu üzrə 269 erkən evliliyin qarşısı alınıb. Erkən evlilik faktları daha çox Qazax-Tovuz və Lənkəran-Astara bölgələrində müəyyən edilib. Bununla bərabər 12 iqtisadi rayon üzrə nikah yaşının 1 il azaldılması ilə bağlı daxil olan məlumatlar araşdırılıb, üzrlü səbəblər müəyyən edildikdən sonra 271 yetkinlik yaşına çatmayan şəxsə icra orqanları tərəfindən icazə verilib. Qazax-Tovuz və Mərkəzi Aran rayonları üzrə göstəricilər bu ərazilərdə erkən evliliyə daha çox meyl olduğunu göstərir.
  Hesabatdan da göründüyü kimi, erkən nikah, erkən evlilik, nikah yaşına çatmayanların dünyaya övlad gətirməsi faktları azalmayıb, əksinə, çoxalıb. Və bu, Dövlət Komitəsinin hesabatına baxsaq, aparılan tədbirlərə rəğməndir. Komitə maarifləndirici tədbirlər aparıldığını bildirir. Görünənsə budur ki, tədbirlərlə problemi həll etmək, qanun pozuntularının qarşısını almaq mümkün olmur. Nikah yaşına çatmayan qızlar evliliyə məcbur edilir, erkən yaşda da ana olurlar. Baş verən faciələr də acı faktlardır.
  Problemlə bağlı fikirlərini “Sherg.az"la bölüşən sosioloq Lalə Mehralı istisnaların aradan qaldırılmasının ümumi nəticəyə təsir etməyəcəyini bildirdi:

- Hesab edirəm ki, istisnalar aradan qaldırılsa da, bu, nəticəni dəyişməyəcək. Bunun bir nəticəsi olmayacaq. Çünki ölkədə erkən nikah yalnız istisna hallara bağlı deyil. Ailələr bunu öz istəkləri ilə edir. Və buna görə qanun qarşısında cavab da vermirlər. Erkən nikah halları gizli qalır, gizlədilir, min-bir bəhanə ilə, min cür don geyindirilərək həyata keçirilir. Və o yeniyetmə qızlar taleyin ümidinə buraxılır. Neçə ildir mediadayıq, mən və ya siz indiyədək eşitmişik ki, övladını erkən nikaha məcbur etmiş, yaxud, erkən nikaha razılıq vermiş bir valideyn məsuliyyətə cəlb edilib, cəzalanıb? Yox, eşitməmişik, belə bir fakt varsa, buyursunlar, bildirsinlər. Valideynlər istədikləri kimi, onlara necə sərf edirsə, o cür də hərəkət edirlər. Çünki cəza mexanizmi yumşaqdır. Hardasa məlum olanda ki, erkən nikaha cəhd var, yerli orqanlar guya ki, müdaxilə edir, toyu saxlayır, araşdırma aparır, valideyni çağırıb profilaktik söhbət aparırlar. Bununla da iş bitir. Valideyn uzaq başı evliliyi qısa bir müddətə təxirə salır, ya da heç salmır. Toy da davam edir, nişan da. Yalandan deyirlər ki, nişanlamışıq, “söz kəsmişik”, toy sonra olacaq... 269 erkən evliliyə cəhdin qarşısı alınır, 271 nəfərə hansısa üzrlü səbəblərdən icazə verilir. Yəni başa-başdı. Qarşısı alınanla, baş tutanlar. Amma erkən yaşda ana olanların sayı bunu göstərir ki, erkən nikah, erkən evlilik baş verir: 2011 uşaq dünyaya gəlib, məhz erkən evlilikdən. Deməli, hüquq-mühafizə orqanları da, yerli icra hakimiyyəti də, təhsil şöbələri də, həmçinin Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi və onun yerli şöbələri də lazımi səviyyədə çalışmır. Erkən evliliyin önünü böyük ölçüdə ala bilmirlər. 1-2 fakt var, ailələrlə söhbət aparıldı, toy dayandırıldı. Amma dediyim kimi, nəzərdə tutulan evlilik qısa zamandan sonra, ya da valideynlər tərəfindən müxtəlif qanunsuz yollara baş vurulmaqla keçirilir onsuz da.
  L.Mehralı erkən nikahlara səbəb olan amillərdən birinin və ən əhəmiyyətlisinin təhsildən yayınma olduğunu dedi:
- Təhsildən yayınma hallarının artdığı da Komitənin hesabatında qeyd olunub. Ölkənin 12 iqtisadi rayonu üzrə 605, paytaxt üzrə isə 29 təhsildən yayınma halı qeydə alınıb. Gözlənildiyi kimi, cənub bölgəsinin məktəblərində təhsil davamiyyəti aşağı olub. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova etiraf edir ki, hələ də ölkədə təhsildən yayınan uşaqlar, o cümlədən, qızlar var, onlar bir çox hallarda erkən nikaha məcbur olunurlar. Hesab edirəm ki, cəzalar sərtləşməyincə, bu problem aradan qalxmayacaq, erkən evliliklərin sayı azalmayacaq. Cəzalar da sərtləşməlidir, cərimələrin də miqdarı artırılmalıdır. Təhsildən yayınma hallarının səbəbləri təhsil ocaqları, Regional təhsil idarələri, komitənin səlahiyyətli nümayəndələri və hüquq-mühafizə orqanları ilə birgə operativ araşdırılmalıdr. Yoxsa ki şagird aylarla dərsə gəlmir, İX sinifdən sonra təhsilini dayandırır, amma onunla maraqlanan yoxdur, bu uşaq hardadır, nə işlə məşğuldur, ailəsində vəziyyət necədir. Bir gün də xəbər yayılır ki, filankəsin qızının toyudur. Bu cür fəaliyyətlə erkən evlliklərin qarşısını almaq mümkün olmayacaq.