Ekoloji fəlakətin miqyası çox böyükdür

Ermənilər Qarabağda torpağı da məhv ediblər, havanı, suyu, gölləri, çayları da

“Bioloji Müxtəliflik Mərkəzi” İctimai Birliyi azad edilmiş ərazilərdə minaya düşən heyvanlarla əlaqədar heyvanların müdafiəsi üzrə beynəlxalq təşkilatlara müraciət edib. Müraciətdə deyilir: “Biz – Azərbaycanın vətəndaş cəmiyyətinin təmsilçiləri Ermənistanın Cənubi Qafqazın təbiətinə, bioloji müxtəlifliyinə, heyvanlar aləminə qarşı mina terrorunu qəti şəkildə pisləyirik. İlkin məlumatlara görə, 2020-ci ildə Ermənistan Respublikasının işğalından azad edilmiş və 2023-cü ildə Ermənistan silahlı qüvvələrinin qalıqlarından, qeyri-qanuni dəstələrdən təmizlənməklə Azərbaycan Respublikasının suverenliyinin və Konstitusiya quruluşunun bərpa olunduğu ərazilərdə - Qarabağ və Şərqi Zəngəzurda 1.5 milyondan çox mina və partlamamış hərbi sursatın mövcudluğu ehtimal olunur. Təəssüf ki, Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş ölkələrdən biridir. Bu günlərdə azad edilmiş ərazilərdə mina qurbanları olan 2 ayının (Ursus arctos) video və fotoları ictimailəşib. Biz bu təsvirlərdən hədsiz dərəcədə sarsılmışıq. Ayılardan birinin minaya düşərək şikəst qalması, digər ayı balasının isə minanı tapdalamaqla ölməsi aydın müşahidə edilib. Təəssüflə qeyd etmək lazımdır, ayı balasının ölümünə səbəb olan mina 2021-ci ildə Ermənistanda istehsal olunub. Bu isə o deməkdir ki, Ermənistan 2020-ci ildə 44 günlük müharibədən sonra da Laçın yolundan sui-istifadə edərək Azərbaycan ərazilərini minalamada davam edib. Yalnız 2023-cü ilin sentyabrında Azərbaycan Ordusunun icra etdiyi lokal xarakterli antiterror tədbirləri ilə Ermənistanın Azərbaycanın suveren ərazilərini minalamasının qarşısını alınıb. Ümumdünya Təbiəti Mühafizə Fondu bir neçə il əvvəl (WWF) Ermənistanla Azərbaycan sərhədində ayaqları sikəst qalmış 2 bəbirin (Panthera pardus) təsvirini də yaymışdı. Qarabağ və Şərqi Zəngəzurda mina qurbanı olan heyvanlar içərisində nəsli kəsilməkdə olan Beynəlxalq Qırmızı Siyahıya düşmüş növlər də var. Ermənistan Respublikası tərəfindən heyvanlara, vəhşi faunaya qarşı sərgilənən bu cür qəddar münasibət yolverilməzdir. Cənubi Qafqaz kimi biomüxtəliflik cəhətdən zəngin bir regionun nadir təbiət inciləri, heyvanları bu cür rəftara məruz qalmamalıdır. Ermənistan həm də heyvanlardan sui-qəsdçi kimi istifadə edib. 2023-cü il sentyabrın 11-ində Ermənistanın Azərbaycan ərazisindəki qeyri-qanuni silahlı dəstələri itin üzərinə uzaqdan idarə olunan əldəqayırma partlayıcı qurğu bağlayaraq onu Azərbaycan Ordusunun mövqeləri istiqamətində hərəkət etməyə məcbur ediblər. Azərbaycan Ordusunun hərbi qulluqçuların sayıqlığı nəticəsində terror aktının qarşısı alınıb. Bu təxribat Adi silahların müəyyən növlərinin istifadəsinə qadağa və məhdudiyyətlərə dair Konvensiyanın Minaların, mina-tələlərinin və digər qurğuların tətbiqinə qoyulan qadağalar və ya məhdudiyyətlər haqqında protokoluna zidd olan əməldir. Heyvanlardan sui-qəsd məqsədilə istifadə olunması heç bir mənəviyyata sığmır… Canlı aləm Ermənistanın hərbi-siyasi təxribatlarının qurbanı olmamalıdır. Vəhşi təbiət, heyvanlar bizdən kömək istəyir”. Qeyd edək ki, müraciət 10-dan artıq beynəlxalq təşkilata ünvanlanıb. 
 

Təkcə insanlara deyil, torpağa, təbiətə, heyvanlara, ümumilikdə ekologiyaya qarşı da terroru lənətləyən ekoloq, “Sağlan Həyata doğru” İctimai Birliyinin üzvü Rövşən Abbasov “Sherg.az”a açıqlamasında bildirdi ki, Ermənistanın vaxtilə işğal altında saxladığı Azərbaycana məxsus ərazilərdə törətdiyi eko-terror çoxşaxəli olub: 

- Azad edilmiş ərazilərdə ekoloji fəlakətin miqyası çox böyükdür. Hansı tərəfə baxsan, eko-terror faktları görünür. Torpağı da məhv ediblər, havanı, suyu, gölləri, çayları da. Qarabağda, Zəngilanda nə qədər meşələri qırıblar. Zəngilanda xan çinarlar qoruğu vardı. Məhv etdilər. Meşələri yandırdılar, bitki aləmini məhv etdilər. Nə qədər əraziləri kimyəvi çirklənməyə məruz qoydular. Təbiət darnadağın edildikcə fauna da məhv oldu. İndi də heyvanlar erməni separatçılarının basdırdığı minalara düşərək qırılır, şikəst qalırlar. Bu vəhşiliyin önünü Azərbaycan ordusu öz gücüylə, qüdrətiylə aldı. Amma torpağa basdırılmış minalar hələ çox canlını məhv edə bilər. Hesab edirəm ki, təbiətin mühafizəsini – təbiətin hüquqlarını qorumalı olan büynəlxalq təşkilatlar bu vəziyyətə etinasız qalmamalıdır. İlk növbədə, ərazilərmizin minalardan təmizlənməsinə beynəlxalq dəstək verilməlidir. Eyni zamanda Ermənistanın siyasi-hərbi rəhbərliyi eko-terrora görə də məsuliyyət daşımalı və beynəlxalq məhkəmə qarşısında cavab verməlidir. 

R.Abbasov qeyd etdi ki, işğal müddətində biomüxtəlifliyə dəymiş ziyanla bağlı Azərbaycan tərəfinin qaldırdığı iddiaya bu son hadisə - ayıların məhv olması da daxil edilməlidir:

 - Bildiyim qədər Ermənistanın ətraf mühitə vurduğu ziyanla bağlı Azərbaycan tərəfinin məhkəmə iddiası var. Ermənistan terrorçu hərəkətlərinə görə cavab verməli və kompensasiya ödəməlidir. Biz bu barədə beynəlxalq aləmi məlumatlandırmalıyıq. Qoy dünya görsün ki Ermənistan Cənubi Qafqaz regionunda necə eko-terror törədib. 
Məlahət Rzayeva