Kartdakı əmək haqqları dərhal ödənməlidir: Mərkəzi Bank yaxasını kənara çəkə bilməz!

“Bəxtiyar” filmindəki kontrabas çalanın vəziyyətindəyik: Pulumu verin!.. Halal əmək haqqımızı istəyirik. Dövlətimizin ödədiyi əmək haqqını! 
Bu, əmanət deyil, kredit deyil. Əmək haqqıdır! Amma Azərbaycan Mərkəzi Bankı – Milli Bank vətəndaşların “Muğan Bank”da ilişib qalmış əmək haqqlaarının qaytarılması üçün heç bir addım atmır. 

“Muğan Bank”da olan əmək haqqı kartlarındakı pulların nə zaman qaytarılacağı bəlli deyil. “Muğan Bank”ın lisenziyası oktyabrın 19-da Mərkəzi Bank tərəfindən ləğv edilib. Oktyabr ayı başa çatmaq üzrədir, amma Mərkəzi Bank vətəndaşların əmək haqqlarının ödənməsi üçün tədbir görmür. 
Yaranmış situasiyaya millət vəkili, iqtisadçı Vüqar Bayramov aydınlıq gətirməyə çalışıb. Sosial şəbəkədə paylaşım edən millət vəkili məsələni belə izah edib:


 
 “Mərkəzi Bankın qərarı ilə lisenziyası ləğv edilən “Muğan Bank"da olan əmək haqqı və plastik kartlardakı pulların taleyi ilə bağlı ünvanlanan çoxsaylı suallar ilə əlaqədar qeyd etmək istərdik ki, o vəsaitlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən kompensasiya edilməlidir. Qanunvericiliyə əsasən, həmin kartlarda olan pullar dövlət tərəfindən vətəndaşlara ödənilməlidir. Fiziki şəxslərin cari hesablarındakı vəsaitlər də qorunan pullardır. Bu zaman da faizli əmanətlər də olduğu kimi 100 min manat maksimum kompensasiya ediləcək məbləğdir. Fiziki şəxslərin kartlarında olan vəsaitlər ləğvedici təyin edildikdən sonra qanunvericiliyə uyğun olaraq qorunan əmanət kimi vətəndaşlara ödənilir. Bunun üçün ləğvedici tərəfindən agent bank seçilir və həmin vəsaitlərin qaytarılması müəyyən edilmiş qaydada həyata keçirilir. Kompensasiyaların ödənilməsi prosesinə növbəti ayın sonlarında start veriləcəyi gözlənilir”.
İqtisadçı Fuad İbrahimov isə “Sherg.az”a açıqlamasında qeyd etd ki, əmək haqqları əmanətlər kateqoriyasına aid edilməməlidir: 

- Hələ də təəccüb və heyrət içindəyəm ki, Mərkəzi Bank vətəndaşların bank kartında qalmış əmək haqlarının ödənməsi üçün niyə operativ addım atmır? Bunun adı diletantizmdir! Birincisi, əgər hər hansı maliyyə mənbəyinin lisenziyası ləğv edilirsə, bununla bağlı rəsmi qərar ictimaiyyətə, vətəndaşa elan edilməli, ətraflı məlumat verilməlidir.  Bir var, bank özünü müflis elan edir, bir də var, Mərkəzi Bank tərəfindən lisenziyası ləğv edilir. Bunlar fərqli situasiyalardır. Bir halda ki “Muğan Bank”ın lisenziyasını Mərkəzi Bank ləğv edib, vətəndaşın pulunu qaytarmaq vəzifəsi də onun üzərinə düşür. Bu o qədər sadə, asan bir məsələdir ki, izah verməyə belə adam utanır; yəni mənim indi deyəcəklərimi Mərkəzi Bankın İdarə Heyətində əyləşənlər bilmir? Bankın ləğvinə dair qərarda xüsusi bir bənd olmalıdır ki, “Muğan Bank”ın səlahiyyətləri müvəqqəti olaraq hansısa digər – bufer bank səlahiyyətini yerinə yetirəcək banka həvalə edilir. Əmək haqqı kartlarında pulu qalan vətəndaşlar 3 gün müddətində yaxınlaşsın həmin banka. Ölkədə nə qədər banklar var. Mərkəzi Bank bu məsələni operativ həll edə bilər. Əmək haqqı dövlətin vətəndaşa ödədəyi puldur. Bu, bankın pulu deyil, vətəndaşındır. Bank sadəcə, əmək haqqının vətəndaşa ödənməsində vasitəçi rolunu oynayıb. Əmək haqlarının ödənməsini hansısa bufer banka həvalə etməklə bu məsələni 2 gün ərzində icra etmək olar. Vətəndaşın əmək haqqı kartının hesab nömrəsi başqa bankda dublyaj olunsun və ödənsin. Ya da vətəndaş şəxsiyyət vəsiqəsi ilə yaxınlaşın təyin olunan hansısa bufer banka və əmək haqqını alsın. Burada çətin nə var ki artıq 10 gün keçir, amma vətəndaş əmək haqqını ala bilmir? 

F.İbrahimov Mərkəzi Bankın yaxasını kənara çəkməsini doğru saymadığını dedi: 

- Bankın lisenzisiyası Mərkəzi Bank tərəfindən ləğv edilib. Necə yəni, “bizlik bir iş yoxdu”? Bəs kimin işidi? Bankı ləğv edən məsuliyyət daşıyır, vətəndaşın da hüququnu təmin etməlidir. Mərkəzi Bank adi bir məsləni həll edə bilmirsə,orada niyə əyləşiblər? Gərək hər məsələyə cənab Prezident müdaxilə etsin? Ağıllı, məntiqli qərar verə bilmirlər. Qanunvericlikdə boşluq varsa, Mərkəzi Bank daxili qərarla məsələni həll etməlidir. 
F.İbrahimov bildirdi ki, ölkədə nağdsız ödəmələrə təşviq var və təbliğat aparılır. Belə olan halda vətəndaşın əmək haqqından istifadə edə bilməməsi gülüncdür: 
- Əmək haqqı kartları mütləq, təcili surətdə aktivləşməlidir. Vətəndaş cibinə daxil olan pulu xərcləyə bilmir. Bu insanların adi məişət ehtiyacları var. İşıq pulu ödəməlidirlər, su pulu ödəməlidirlər. Biri müalicə xərclərini,birisi təhsil haqqını ödəməlidir, kiminsə harasa ödəməli olduğu vəsait var. Hazırda dünyada onlayn alış-veriş ticarət aparılır. Sahibkar indi neyləsin, tərəfdaşına desin ki, gözlə, görək bankın məsələsi necə həll olunur. Bu, sadəcə, biabırçılıqdı.