Uşaqlıq arzusu idi: İndi güzgüyə baxa bilmir

 Antalyada yaşayan 17 yaşlı Beyzanur Hatmorioğlu uşaq yaşlarından arzuladığı yerdə çalışsa da, başına gələnlər həyatını cəhənnəmə çevirib.
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, gənc qız 15 dəfə əməliyyat olunub. Beyzanur uşaq yaşlarından avtomobillərlə maraqlanıb. Bu maraqla da sənaye müəssisəsində işləməyə başlayıb. Üstəlik, Murad Paşa Texniki Peşə Məktəbində elektromexanik ixtisası üzrə təhsil alır. Təhsil aldığı zaman Ağ dəniz sənaye məhəlləsində avtomobil servisində təmirçi olaraq çalışıb. Təmirə gətirilmiş bir avtomobilin arxa oturacağın altında yerləşmiş yanacaq bakında yaranmış problemi aradan qaldırmaq istəyərkən benzin buxarı qalxıb və bu zaman avtomobilin içində olan Beyzanur alovların əhatəsində qalıb. İddiaya görə, Beyzanur yanacaq bakını yoxlayarkən usta səhvən elektrik enerjisini işə salıb. Benzin buxarı bu səbəbdən qalxıb. Qızın bədənində güclü yanıqlar əmələ gəlib, həmçinin üzündə də. Beyzanur 2 ay müalicə olunub. Yanıqlardan qurtulmaq üçünsə əməliyyat keçirməli olub. Və nə az, nə çox – tam 15 dəfə əməliyyat masasına yatırılıb. Məktəbə gedə bilməyən Beyzanur xaric edilməmək üçün xəstəxananın tibbi arayışını təqdim etməlidir. Gənc qız hazırda bu sənədi əldə etmək üçün çalışır. Beyzanur iş yerindən təzminat da tələb edir. Amma sağaldıqdan sonra yenə də sevimli peşəsinə geri dönəcəyini deyib. Beyzanur “Xəstəxanadan çıxandan sonra güzgüyə baxmıram. Çünki özümü tanıya bilmirəm. Bu, mənim üçün ağır bir dövrdür. Amma yenə öz peşəmə, sənətimə dönəcəyəm. “Avtomobil ustası qadın işi deyil”, söyləyənlərə qadının hər işi görə biləcəyini sübut edəcəm”.