Yanvardan quru sərhədlər açılırmı?  - Həkim-infeksionist vəziyyəti dəyərləndirdi

Quru sərhədlərin qapalıqalma müddətinin hər dəfə uzadılması ictimaiyyətdə haqlı narazılıqlara səbəb olur. Məsələ burasındadır ki, quru sərhədlərin bağlı saxlanmasıyla bağlı açıqlanan səbəblər də əsassız görünür artıq. Azərbaycan ərazi bütövlüyünü tamailə bərpa edib, erməni separatçı qruplaşması tam zərərsizləşdirilib, ölkəmiz regionda təkcə söz yox, həm əməl sahibidir. Güclü, qüdrətli dövlətdir.

 Qonşu ölkələrlə də balanslaşdırılmış siyasət aparılır. Siyasi, iqtisadi, mədəni əlaqələrimiz kifayət qədər möhkəmdir.  Pandemiya da çoxdan bitib. Dünya ölkələrinin demək olar əksəriyyətində karantin rejimi də ləğv edilib, gediş-gəliş sərbəstliyi təmin edlilib, həm də təkcə hava yoluyla deyil, eyni zamanda quru yollarla – sərhəd-keçid məntəqələrindən keçilməklə. Bəs səbəb nədir, bizim quru sərhədlər açılmır? Millət vəkili Ceyhun Məmmədov Globalinfo.az-a açıqlamasında quru sərhədlərin bağlı qalmasının müxtəlif səbəblərinin olduğunu bildirib: 

“Yeniden pandemiya dövrünə qədəm qoyula biləcəyi, virusun təkrar yayılacağı mümkündür. Ona görə də, bu gün pandemiyanın bitdiyini, təhlükənin yenidən olmayacağını söyləmək mümkün deyil. Qeyd etdiyim kimi, bu problem hələ də dünyanı narahat etməkdədir və bununla bağlı müxtəlif müzakirələr aparılır. Biz yenidən o günlərə qayıtmayacağımızı ümid edirik, amma bu, yalnız bizdən asılı olan məsələ deyil”.Deputat qeyd edib ki, quru sərhədlərin bağlı qalmasına həm də təhlükəsizlik aspektindən baxmağı bacarmalıyıq:“Söhbət ondan gedir ki, bu gün həm regionumuzda, həm qonşu dövlətlərdə hələ də müəyyən problemlər yaşanır. Bu baxımdan da quru sərhədlərin tam açılması ölkəmizə müəyyən problemlər və çətinliklər yarada bilər. Hesab edirəm ki, biz hələ gözləməliyik. Hər şey nə vaxt öz qaydasına düşərsə, virusun yayılması haqda verilən proqnozlar aradan qalxarsa, problemlərin arxada qaldığı bildirilərsə, təhlükəsizliklə bağlı məsələlər öz həllini taparsa, o zaman biz addım ata bilərik. Hələ ki, səbir edib gözləməliyik. İnanıram ki, bir müddət sonra hər şey qaydasına düşəcək”.

Həkim-infeksionist Mərdan  Əliyev “Sherg.az”a açıqlamasında virusun yayılmasının pandemiya həddinə çatacağının real olmadığını dedi: 

- Yoluxma sayında artım ola bilər, amma bu, pandemiya həddinə çata bilməz. Çünki əhalidə immunitet formalaşıb artıq. Peyvəndləmə  də aparıldı. Peyvəndlər də öz müsbət təsirini göstərir. Vurulan peyvədlər yeni ştamlara qarşı da qoruyucu xüsusiyyətə malikdir. Virus xəstəliklərində əsas göstərici insanlarda immunitetin yaranmasıdır. Bu da yoluxma sayından bəlli olur. Ölkəmizdə demək olar hamı koronavirusa yoluxub. Çox az sayda bəlkə də insan olar ki, bu virusa yoluxmadı. Hətta bu da ola bilər ki, xəstələniblər, amma analiz vermdikləri üçün, test olunmadıqları üçün koronavirusa yoluxub-yoluxmadıqları bilinmir. Məlumdur ki, koronavirusun əlamətləri mövsümi qrip əlamətləri ilə oxşardır. Bir çox insan koronavirusa yoluxurdu, amma bunu “qrip” hesab edirdi, bir neçə gündən sonra sağalırdı, əhəmiyyət vermirdi, virusa yoluxub, yoxsa xəstəliyi adi qripdir. Yəni, pandemiyanın yenidən alovlanacağı təhlükəsi yoxdur. Yoluxma sayı arta bilər, yeni ştamlar ortaya çıxa bilər. Lakin bu, COVİD-19-un ilkin variantı kimi olmaycaq. 

M.Əliyev qeyd etdi ki, karantin rejimi o zaman tətbiq edilir ki, xəstəlik pandemiya şəklini alır: 

- Pandemiya o deməkdir ki, yoluxma sayı artır, bu zamn səhiyyə sistemi yüklənir, ağırlaşma halları, ölüm halları baş verir. Hazırda belə bir təhlükə yoxdur, olacağıl ehtimalı da sıfırdır. Zatən, xüsusi reyslərlə uçuşlar həyata keçirilir, ölkəyə gəliş-gediş hava yoluyla davam edir. Sərnişinlərdən COVİD pasportu hətta istənilmir. Bu halda quru sərhədlərinb bağlıl saxlanması üçün tibbi baxımdan real əsaslar görünmür.