Dağıntılardan xilasediciliyə gedən yol

Həmin gün də qərara alıb ki, xilasedici olacaq

  Dağıdıcı zəlzələlər ürəkləri titrədən həyat hekayələri də ortaya çıxarır. 2020-ci il oktybarn 30-da Türkiyənin İzmir şəhərində baş vermiş dəhşətli zəlzələ Simgə Akbulutun həyatını da dəyişib. “Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, Simgə Akbulutun yaşadığı bina da həmin gün dağıntılara məruz qalıb. Simgə dağıntılar altından sağ çıxarılıb. Həmin gün də qərara alıb ki, xilasedici olacaq. “Dünən onlar məni xilas etdi, bu gün də mən başqalarını xilas edirəm” söyləyən Simgə həyatı barədə danışıb. Hazırda xilasedici işləyən Simgə deyib ki, zəlzələ günü bacısı və anasıyla birlikdə dağıntılar altında qalıblar. 4 saat davam edən xilasetmə işləri sonunda bacılar və ana dağıntılar altından çıxarılıb. Akbulut ailəsinin başçısı Mehmet Akbulut da xilasetmə işlərində iştirak edib. Çünki o da xilasedicidir. Və İzmir zəlzələsində xilasetmə heyətlərindən birinə rəhbərlik edib. Simgənin xilasedici peşəsini seçməsində həm də atasının təsiri olub. Simgə Ədirnə Bələdiyyəsinin xilasedici peşəsinə qəbulu üçün elan etdiyi imtahanlarda iştirak edib və qəbul olunub. Ədirnədə il yarım işləyib, sonra isə İzmir Böyükşəhər Bələdiyyəsi Xilasetmə Dairəsi başqanlığında çalışmağa başlayıb. Simgə deyib ki, zəlzələ onun həyatında dönüş nöqtəsi oldu: “Anam və mən eyni yerdə dağıntılar altında qalmışdıq. Bacım isə bizdən bir mərtəbə aşağıda idi. Anama və bacıma tez-tez səslənirdim, sağ qalıb-qalmadıqlarını yoxlayırdım. 4 saat çəkdi. Bizi xilas etməyə gələnlər arasında atam da vardı, bu gün birlikdə çalışdığım iş yoldaşlarım da. Onlar dağıntı olan yeri qazıb bizi çıxardılar. Məni həyata qaytaran xilasedicilər oldu. Çarəsizliyin nə demək olduğunu bilirəm, bunu yaşamışam. Zəlzələdən zərər çəkənlərin nə yaşadıqları mənə tanışdır. Qərar verdim ki, xilasedici olacağam və insanları xilas edəcəyəm. Peşəmiz müqəddəsdir”. Simge Akbulutun atası Mehmet Akbulut da qızıyla qürur duyduğunu deyib.