"ABŞ və Fransanın addımlarından müharibə, qan iyi gəlir" - ŞƏRH  

Növbəti savaş ABŞ, yaxud Fransa ərazisində yox, birbaşa indiki Ermənistan ərazilərində baş verəcək. Bu da Ermənistan üçün fəlakət deməkdir

Amerika Birləşmiş Ştatlarının ikiüzlü, riyakar siyasəti davam edir. Bu ölkə rəsmiləri Azərbaycanla təmaslar zamanı belə təsəvvür formalaşdırmağa çalışırlar ki, guya ABŞ-də anti-Azərbaycan mövqe ayrı-ayrı konqresmenlərin lobbiçilik fəaliyyəti ilə məhdudlaşır. Əslində isə ABŞ Dövlət Departamentinin, Konqresin və KİV-lərin mütəmadi olaraq Azərbaycana qarşı qərəzli və riyakar mövqe nümayiş etdirməsinin şahidi oluruq. 


 
30 il ərzində ABŞ tərəfindən Gürcüstan və Ukraynaya ərazi bütövlüyü məsələsində verilən dəstək heç vaxt Azərbaycana verilməyib. Amerikanın əvvəlcə Azərbaycanda, sonra Gürcüstanda səfiri olmuş Ross Uilson Tbilisidə işləyəndə açıq şəkildə Rusiyanı öz qoşunlarını Gürcüstan ərazisindən çıxarmağa çağırırdı, Gürcüstanın ərazi bütövlüyünə dəstək verirdi. Azərbaycanda işlədiyi zaman isə Uilson bir dəfə də olsun Ermənistanı qoşunlarını işğal olunmuş torpaqlardan çıxarmağa çağırmamışdı. Son günlər baş verənlər bir daha göstərir ki, Ağ Evin rəsmi Bakıya münasibəti, yanaşması dəyişməyib. Amerika yenə də ikili standartlarından çıxış etməkdədir. Məlum olduğu kimi, noyabrın 15-də ABŞ-ın Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Avropa və Avrasiya altkomitəsində “Dağlıq Qarabağın gələcəyi” mövzusunda dinləmə keçirildi. Dinləmədə şahid qismində ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayn iştirak etdi. Məruzəçilər Azərbaycanın Qarabağda "güc tətbiq etməsi"ndən məyus olduqlarını vurğulayıblar. Obrayn Ermənistana hər cür dəstəyin veriləcəyini qeyd edib: “Biz Azərbaycana aydın şəkildə çatdırmışıq ki, biz sülh istiqamətində irəliləyişin şahidi olmayana qədər Azərbaycanla münasibət 19 sentyabr hadisələrindən sonra adi qaydada davam etməyəcək”. Obrayn qeyd edib ki, ABŞ bu ölkənin Azərbaycana birbaşa yardımlarını qadağan edən 907 saylı düzəlişdən imtinanın müddətini uzatmayacaq: “Çünki vəziyyətin real yaxşılaşmasını görməmişik”. Məlumat üçün bildirək ki, 907-ci düzəliş 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə qəbul edilib. Erməni lobbisinin təşəbbüsü ilə qəbul edilən və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayan düzəliş 2001-ci ilədək bütün ciddiliyi ilə tətbiq olunub. 2001-ci il sentyabrın 11-də ABŞ-da məşhur ekiz qüllələrin vurulması ilə vəziyyət kökündən dəyişib. 907-ci düzəlişin özü ABŞ-nin Ermənistan və Azərbaycana qarşı yürütdüyü siyasətdə tətbiq olunan ikili standartlara ən bariz misaldır. Konqresdəki dinləmədə Obrayndan sonra çıxış edən Sokolovki USAID-in Ermənistan rəhbərliyi ilə görüşərək ölkənin ehtiyacları ilə bağlı məlumatlar topladığını deyib və USAID rəhbəri Samanta Pauyerin səfərinə diqqət çəkib. Qeyd edib ki, ABŞ Konqresinin səxavətli dəstəyi sayəsində USAID Ermənistanda dəstəyini 2018-ci ildən bəri 50 faiz artıra bilib: "Bu dəstək bizə Ermənistan hökuməti və vətəndaş cəmiyyəti ilə işləmək imkanı verdi". Sirr deyil ki, bu cür təşəbbüslərdə məqsəd ilk növbədə ABŞ-dakı erməni diasporunun səsini almaqdır. Konqresmenlərin səs üçün aşkar ədalətsizlik etmələri adi hadisədir. Səs və maraqlar Amerika siyasətində ədalət və reallıqdan çox üstün komponentdir. ABŞ üçün regional müstəvidə üçüncü digər Ermənistanla bağlıdır. Hazırkı Ermənistan rəhbərliyinin apardığı siyasət nəticəsində bu ölkə böyük güclərin poliqonuna çevrilmək üçün real məkandır. Əslində isə eyni sərhəd boyu İran, Rusiya, Avropa İttifaqı və ABŞ-nin varlığını təmin edən Paşinyanın bu yolla "təhlükəsizlik təminatı" Ermənistan üçün böyük təhlükəyə çevrilməkdədir. 

Millət vəkili Elman Məmmədov "Sherg.az"a açıqlamasında vurğulayıb ki, ABŞ-nin Azərbaycana qarşı addımlarında, Konqresdə ölkəmiz əleyhinə keçirilən dinləmələrdə həmin dövlətdə güclü fəaliyyət göstərən erməni lobbisinin, diasporasının ciddi təsiri danılmazdır. Amma deputat vurğulayıb ki, məsələni dərindən təhlil etmək üçün ABŞ-nin tarixinə nəzər salmaq lazımdır: 

"Amerika vətəndaşlarının 99 faizinin əcdadı, soyu avroplılardan ibarətdir. Ancaq hansı avropalılardan? 2-3 əsr öncə, yəni ABŞ bir dövlət kimi mövcud olmayanda Şimali Amerika qitəsininə gələrək oranı işğal edən, yerli əhaliyə qarşı soyqırım həyata keçirən ingilislər, fransızlar, ispanlar, portuqallar və s. millətlərin nümayəndələri dövlət qurublar. İşğalçılıq onların qanında, genindədir. ABŞ bir dövlət kimi meydana gələndən sonra da işğlaçılıq və təcavüz siyasətini həyata keçirib. Avropanın bir sıra ölkələri ilə birlikdə müstəmləkəçilik siyasət yürüdüblər. İndi də həmin siyasəti həyata keçirirlər, dəyişən heç nə yoxdur". 

Parlament üzvü diqqətə çatdırıb ki, ABŞ, Fransa, Kanada və digər Qərb dövlətləri erməniləri çox istədikləri üçün canfəşanlıq etmirlər. Həmin ölkələr Cənubi Qafqazda öz strateji maraqlarını təmin etmək üçün belə davranırlar: 

"Qərbin regiondakı əsas marağı Rusiyanı bölgədən çıxartmaq və Cənubi Qafqaza nəzarəti ələ almaqdır. Bunu da tarix boyu işğalçı dövlətlərin, böyük güclərin əlində alət olmuş Ermənistanın vasitəsi ilə edirlər. Ermənilər tarix boyu böyük dövlətlərin maşası olublar. Bugün də ermənilərdən alət kimi istifadə edirlər. Azərbaycana qarşı təzyiqlər, təhdid və hədə-qorxular məqsədlidir. Cənubi Qafqazda yerləşmək hədəfini qarşıya qoyublar və öz məqsədlərinə çatmaq üçün ermənilərdən məharətlə faydalanırlar".

E.Məmmədov vurğulayıb ki, Ermənistana rəhbərlik edən siyasətçilərin az da olsa ağılları varsa, tarixə nəzər yetirsinlər: 

"Tarix boyu elə həmin Qərb dövlətləri ermənilərə çoxlu vədlər veriblər, onları təşkilatlandırıb, silahlandırıb, üsyanlara, xəyanətə sövq ediblər. Bu proseslərin sonu hamıya məlumdur. Ziyan görən, aldanan məhz ermənilər oldu. Yaxşı olar ki, ermənilər yaxın keçmişi unutmasınlar. Silahlanma və fitnə-fəsad elə həddə çatar ki, Cənubi Qafqazda Ermənistan adlı dövlət ortadan qalxar. Qərb dövlətləri Ermənistanı hansı məqsədlə silahlandırır? ABŞ və Fransanın hərbi təlimatçıları, kəşfiyyatçıları bölgədədirlər. Məqsəq Ermənistan ordusunu yenidən dirçəltmək, silahla təchiz etmək və Azərbaycanla müharibəyə başlamaqdır. Lakin İrəvan hökuməti anlamalıdır ki, növbəti savaş ABŞ, yaxud Fransa ərazisində yox, birbaşa indiki Ermənistan ərazilərində baş verəcək. Bu da Ermənistan üçün fəlakət deməkdir. Yəni ABŞ və Fransa bölgədə sülhün təsis olunmasına deyil, yeni müharibə ocağının yaranmasına çalışırlar. Artıq hərəkətə keçiblər və onların addımlarından müharibə, qan iyi gəlir".