Azərbaycan Vaşinqton görüşündən imtina etdi
“Brüssel və Vaşinqton Cənubi Qafqaz siyasətini “Azərbaycan təhlükəsi” üzərində qurduqca, bölgədə möhkəmlənmək imkanlarına zərbə vururlar”
ABŞ-nin birtərəfli yanaşması Vaşinqtonun vasitəçilik rolunu itirməsinə gətirib çıxara bilər. Bu şərtlər altında 20 noyabr 2023-cü ildə Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində keçirilməsi təklif olunan görüşün baş tutmasını mümkün hesab etmədiyimizi qeyd etmək vacibdir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) ABŞ dövlət katibinin köməkçisi Ceyms Obrayenin Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində verdiyi əsassız açıqlamalarına dair şərhində əksini tapıb. Bildirilib ki, beynəlxalq hüququn norma və prinsipləri Azərbaycan xarici siyasətində həmişə prioritet olub. Azərbaycan həmişə beynəlxalq öhdəliklərinə uyğun hərəkət edəcək. Eyni zamanda Azərbaycan öz milli maraqlarına zidd olan bütün mənfi addımları qətiyyətlə və adekvat şəkildə cavablandıracaq.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu "Sherg.az"a bildirib ki, ABŞ Dövlət Departamenti ermənipərəst konqresmenlərin yedəyində süründüyünə görə Azərbaycanla Ermənistan arasında vasitəçi statusunu itirmək üzrədir.
Analitikin sözlərinə görə, görüşdən imtina o deməkdir ki, rəsmi Bakı Vaşinqtonun vasitəçiliyindən imtina edə bilər:
"Amerikalı rəsmilər və diplomatlar Cənubi Qafqazla bağlı Konqresin komitələrinin dinləmələrində çıxış edərkən adətən Azərbaycanın siyasətini tənqid edirlər. Çünki Konqresdə dinləmələri təşkil edənlər erməni lobbisinə yaxın konqresmenlərdir. Onlar isə dinləmələrdə Azərbaycan haqqında yalnız tənqidi fikirlər dinləmək istəyirlər. Bu baxımdan Dövlət Departamentinin rəsmiləri problemlə üzləşməmək üçün konqresmenlərin istəklərinə zidd fikirlər söyləmirlər. ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi Ceyms Obrayn Konqresdəki çıxışında amerikalı diplomatların Bakıya səfərlərinin təxirə salındığını desə də, ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono noyabrın 8-də Bakıda olub. O, il ərzində bir neçə dəfə Bakıda olub, Prezident İlham Əliyevlə və xarici işlər naziri Ceyhun Bayramovla müzakirələr aparıb".
Ekspert diqqətə çatdırıb ki, Vaşinqtonun məqsədi Ermənistanı Rusiyadan uzaqlaşdırmaqdır:
"Buna baxmayaraq, Brüssel kimi Vaşinqton da “Azərbaycan Ermənistana təhlükə yaradır” bəhanəsi ilə Ermənistana dəstəyi artırmağı qərar verib. Halbuki Brüsselin və Vaşinqtonun məqsədi Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmasını və Rusiyanın hərbi bazasından imtinasını təmin etməkdir. Brüssel və Vaşinqton Cənubi Qafqaz siyasətini “Azərbaycan təhlükəsi” üzərində qurduqca, bölgədə möhkəmlənmək imkanlarına zərbə vururlar. Yəni Rusiyanı sıxışdırmaq siyasətində Azərbaycanı itirirlər".