Səfir Sübhani Zəngəzur dəhlizinin mahiyyətini təhrif edir-Politoloq

İran hakimiyyətinin daxilində müəyyən qruplaşmalar var və onlar Azərbaycanla münasibətlərin pozulmasında maraqlıdır


 Məlum olduğu kimi, İranın Ermənistandakı səfiri Mehdi Sübhani Azərbaycan əleyhinə fikirlər səsləndirmişdi. Səfir bildirmişdi ki, Azərbaycanın ərazi bütövlüyünün tanınması o demək deyil ki, Qarabağdakı ermənilərin hüquqları pozulmalıdır. Sübhani vurğulamışdı ki, İran nəqliyyat əlaqələrinin bərpasının əleyhinə deyil, lakin Ermənistanın nəzarətindən kənarda yolların mövcudluğunu qəbuledilməz hesab edir. Qeyd edək ki, məkrli surətdə erməni əhalini “Qarabağ xalqı” adlandıran və onların guya həyatlarına təhlükə olduğu üçün Qarabağdan getdiyini deməklə, təxribat törədən, Zəngəzur dəhlizinin məntiqini təhrif edən Sübhaninin açıqlamalarına Azərbaycan XİN artıq cavab verib və İranın buna reaksiyasını gözlədiyini vurğulanıb. 
 
Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a deyib ki, son günlər Tehran hökumətinin Azərbaycanla münasibətləri normallaşdırma cəhdlərini müşahidə edirdik. İran tərəfi əlaqələrin düzəlməsi üçün minnət və xahişlər edirdi. 
Ekspert bildirib ki, həmçinin Zəngəzur dəhlizinin İran ərazisindən keçməsi ilə Tehran-Bakı arasında memorandum da imzalanıb: 

"Ancaq İranın Ermənistandakı səfirinin "Qarabağ xalqı"nın hüquqlarından danışması münasibətlərin normala dönməsinə imkan vermir. Ermənistan hökuməti belə Qarabağ məsələsini arxa plana keçirib. İranlı səfir öz açıqlaması ilə Zəngəzur dəhlizinin mahiyyətini də təhrif edir. Tehran hökuməti dəhlizin İran ərazisindən keçməsinə özü razılıq verib. Diplomatın bu tipli açıqlaması göstərir ki, İran hakimiyyətinin daxilində müəyyən qruplaşmalar var və onlar Azərbaycanla münasibətlərin pozulmasında maraqlıdır. Xüsusən, SEPAH İran-Azərbaycan əlaqələrinin normallaşmasını qətiyyən istəmir. SEPAH, ümumiyyətlə, terror təşkilatıdır və Azərbaycana qarşı hibrid savaşı davam etdirir. Səfirin ifadələrinə görə, Bakı Tehrandan izahat tələb etməlidir. Çünki belə yanaşmalar İranın mövqeyində səmimi olmadığını göstərir".