Əmr Vaşinqtondandır! - Plaforma aləti olan Ermənistan

ABŞ və Qərb Cənubi Qafqazda yerləşmək istəyir

Azərbaycana qarşı cəbhə açılmasının əsas səbəbi budur

  ABŞ Konqresi ikinci dəfə Ermənistan-Azərbaycan münasibətləri və Qarabağla bağlı “dinləmələr” keçirdi. Dövlət Departamentinin diplomatı Ceyms Obrayn Konqresdəki dinləmələrdə Azərbaycana qarşı ittihamlar səsləndirdi. Aydın şəkildə bəyan edildi ki, Azərbaycanla münasibətlər əvvəlki səviyyədə olmayacaq. Diplomat Azərbaycanın sentyabrın 19-da Qarabağda keçirdiyi antiterror tədbirlərindən sonra Vaşinqtonun Azərbaycana hərbi yardımı dayandırdığını və bir neçə yüksək səviyyəli görüşləri ləğv etdiyini diqqətə çatdırdı. Xatırladaq ki, bundan öncə Senatın Xarici Əlaqələr Komitəsi “dinləmələr” keçirmişdi və o zaman senator Pat Riketts Ermənistanı dəstəkləməyin səbəblərini açıq şəkildə ortaya qoymuşdu. Bununla yanaşı, ABŞ Konqresinin yuxarı palatası Azərbaycana yardımla bağlı səlahiyyətlərdən imtinanı nəzərdə tutan qanun layihəsini də təsdiqləyib. Qanun Azərbaycanla bağlı 907-ci düzəlişi dayandırmaq istəməməyi nəzərdə tutur. Yekdilliklə qərara alınıb ki, prezident 2025-ci ilə qədər 907-ci maddəyə istisnalar edə bilməz və Bakı bundan sonra Vaşinqtondan təhlükəsizlik yardımı almayacaq. Şübhəsiz, rəsmi Bakı dinləmələri və səsləndirilən çıxışları Azərbaycan-ABŞ arasında ikitərəfli və çoxtərəfli formatlarda münasibətlərə zərbə kimi qiymətləndirir. Azərbaycana qarşı səslənən ittihamlar əsassız olmaqla yanaşı, regionda sülh və təhlükəsizliyi də sarsıdır. Amerikalı rəsmilər üçtərəfli bəyanata zidd olaraq ərazilərimizdə 10 mindən çox erməni silahlı qüvvələrinin qanunsuz mövcudluğuna etinasız yanaşıb. Vaşinqton sülh prosesinin irəliləməsinin vacibliyindən bəhs edir. Lakin Ermənistanın iki aydan çoxdur Azərbaycanın sülh sazişi ilə bağlı təkliflərinə cavab verməyərək prosesi ləngitdiyini unudur. Ağ Ev 3 il ərzində bu istiqamətlər üzrə göstərilən səylərin Ermənistan tərəfindən sarsıldığını və maneə törədildiyini qeyd etməkdən çəkinir. Azərbaycan nəinki 44 günlük müharibəsindən sonra, ərazilərinin işğalda qaldığı 30 ilə yaxın müddət ərzində də beynəlxalq hüququn norma və prinsiplərinə sadiq olub. Vasitəçilərdən biri olan ABŞ isə təcavüzkar Ermənistana beynəlxalq hüquqa uyğun davranması ilə bağlı heç vaxt çağırış etməyib. Bundan əlavə, Amerika keçmiş separatçı rejimi dəstəkləyən tərəf olub. Region ölkəsi olmayan ABŞ öz addımları və bəyanatları ilə bölgə ölkələrinin nəqliyyat təhlükəsizliyi səylərinə də zərbə vurur. ABŞ tərəfinə yaxşı məlumdur ki, Ermənistanın üçtərəfli bəyanatın 9-cu bəndindən irəli gələn öhdəliklərini yerinə yetirməməsi Azərbaycanı alternativ yolların tikintisi ilə bağlı qərar qəbul etməyə sövq edib. Qonşu dövlətlərlə kommunikasiya xətlərinin çəkilməsi qaydasının razılaşdırılması, o cümlədən İranla Naxçıvan Muxtar Respublikasına marşrutla bağlı müqavilə Azərbaycanın suveren hüququdur. 907-ci düzəlişin icrasının müvəqqəti dayandırılması məsələsinə gəldikdə, görünən odur ki, ABŞ 1992-ci ildə təcavüzə və işğala məruz qalmış Azərbaycana qarşı etdiyi səhvi yenidən təkrarlayır. Halbuki 2001-ci ildə 11 sentyabr hücumlarından sonra Azərbaycan ABŞ-nin terrorla mübarizə səylərini dəstəkləyib. Hava məkanını, logistika imkanlarını açmaqla ABŞ-yə yardım əlini uzadıb. Əfqanıstanda ABŞ tərəfi ilə çiyin-çiyinə mübarizə aparan ilk dövlətlərdən biri də məhz Azərbaycan olub. O baxımdan belə şəraitdə ABŞ-nin qərəzli yanaşması, onun vasitəçilik rolunu itirməsinə gətirib çıxara bilər. Heç şübhəsiz, Azərbaycan öz milli maraqlarına zidd olan bütün mənfi addımları qətiyyətlə və adekvat şəkildə cavablandıracaq.
  Politoloq Tofiq Abbasov "Sherg.az"a açıqlamasında bildirib ki, ABŞ-nin, ümumiyyətlə, bəzi Qərb ölkələrinin Azərbaycana cəbhə açmasının əsas səbəbi həmin dövlətlərin Cənubi Qafqaza yerləşmək, burada möhkəmlənmək niyyətindən irəli gəlir. Analitik vurğulayıb ki, Aİ-nin "missiyası" adı altında Ermənistana hərbi kontingentin gətirilməsi, Ermənistana silah yardımının göstərilməsi bu planın tərkib hissəsidir:

"ABŞ və Qərb ölkələri öz məqsədlərinə çatmaq, hədəflərinə nail olmaq üçün Ermənistandan platforma kimi istifadə edirlər. Cənubi Qafqaz regionu Qərb üçün strateji əhəmiyyət kəsb edir. Çünki bölgədə İran, Rusiya, Türkiyə kimi ölkələr yerləşir. Məqsəd bu üç ölkənin Cənubi Qafqaza təsirini, nüfuzu azaltmaqdır. Ermənistan vasitəsilə özlərinə dayaq nöqtəsi yaratmağa çalışırlar. Həmçinin qlobal əhəmiyyətli nəqliyyat dəhlizlərinin buradan keçməsi, bölgənin tranzit əhəmiyyəti də önəmli rol oynayır. ABŞ və Avropa ölkələri açarların öz əllərində olmasını istəyirlər. Bilirsiz ki, bu yaxınlarda İranda "3+3" formatında görüş keçirildi və orada vurğulandı ki, bölgəyə kənar güclərin gəlişinə imkan verilməsin və problemlər region dövlətlərinin öz səyləri ilə həllini tapsın. Əslində bu, həm ABŞ-yə, həm də Qərbi Avropaya verilmiş mesaj idi. Mesaj verilir ki, Qərbi burada gözləyən yoxdur və onlar bölgəyə buraxılmayacaq. Ermənistanda ola bilərlər, amma digər ölkələrdə fəaliyyət dairələri olmayacaq".