Yeni sədr Özgür Özəl mümkün qədər çalışacaq ki, partiya toparlansın və küskünlər geri dönsün
Türkiyənin ana müxalifəti sayılan Cümhuriyyət Xalq Partiyasının sədri Özgür Özəl keçmiş CHP-lilərə “ata evinə qayıdın” çağırışı edib. Məlumdur ki, Bolu Bələdiyyə Başçısı Tanju Özcan Kılıçdaroğlunu tənqid etdikdən sonra CHP-dən xaric edilib. Özəlin zəngindən sonra Tanju Özcan partiyaya yenidən üzv olmaq üçün müraciət edib. Özcan Məmləkət Partiyasının sədri Məhərrəm İncənin də CHP-yə qayıtmasını arzuladığını bildirib: “Keçən gün İncə bəylə telefonda danışdıq. Onun qayıdıb-qayıtmayacağı ilə bağlı dəqiq danışmadıq, amma məncə, qayıtmalıdır. Məhərrəm İncə də partiyaya qayıtsa, çox şad olaram”. Bununla bağlı açıqlama verən Məmləkət Partiyasının sözçüsü İpek Özkal Sayan CHP-dən Məhərrəm İncəyə rəsmi dəvət göndərilmədiyini vurğulayıb: “Məhərrəm İncə bir partiyanın sədridir. Biz partiyayıq. Rəsmi dəvət olsa, cavab veriləcək”.
Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a vurğulayıb ki, Kamal Kılıçdaroğlunun dönəmində onun siyasətini tənqid edən bəzi şəxslər partiyadan uzaqlaşmışdı. Ekspertin sözlərinə görə, CHP-nin yeni sədri partiyadan müxtəlif səbəblərdən uzaq düşmüş tanınmış simaları yenidən təşkilatın sıralarına qaytarmaq istəyir:
"Bir sıra şəxslərin geri dönüşü mümkündür. Amma düşünmürəm ki, Məmləkət Partiyasının sədri Məhərrəm İncə CHP-yə qayıtsın. Ümumən, hesab edirəm ki, yeni sədr Özgür Özəl partiyanın daxilində nizamlanma həyata keçirəcək. Eyni zamanda barışcıl siyasətə üstünlük verəcək. Mümkün qədər çalışacaq ki, CHP toparlansın və küskünlər geri dönsün. Hətta çağırışa qulaq verilməsə belə, Özgür Özelin bu addımı partiyanın güclənməsinə töhfə vermiş olacaq".