Ermənistanda vandalizmin baş verməsi təəccüb doğurmur
Təəccüb doğuran odur ki, terrorla mübarizədən danışan Qərb ölkələri, beynəlxalq təşkilatlar İrəvan hökumətinə güldən ağır söz demirlər
Erməni terror təşkilatı ASALA-nın gənclər qanadı Ermənistanın paytaxtında sinaqoqu yandırıb. Terrorçular yəhudi icma mərkəzinə hücum ediblər. Qeyri-insani hərəkətdən sonra ASALA bəyan edib ki, bununla yekunlaşmayacaq və yəhudi icmasına qarşı növbəti hücum Ermənistandan kənarda həyata keçiriləcək. Xatırladaq ki, bu, Ermənistanda antisemitizmin ilk nümayişi deyil. Hələ bu ilin oktyabrında ASALA-nın həmin gənclər qanadı sinaqoqun üzərinə maye töküb, şüşələri sındırmışdı. Daha sonra ASALA açıq şəkildə müharibə ilə hədələyərək bildirib ki, Avropa, Amerika, Kanada, Gürcüstanda yəhudilərə qarşı müharibə aparacaq: "Heç bir yəhudi bu ölkələrə gələrkən özünü təhlükəsiz hiss etməyəcək".
Politoloq Qabil Hüseynli bildirib ki, ASALA son günlər şişirtmələrlə, uydurmalarla özünü təbliğlə məşğuldur. Analitik hesab edir ki, ASALA bu kimi iyrənc və vəhşi əməllərlə yenidən gündəmə gətirməyə çalışır:
"Əgər Ermənistan dövləti normal olsaydı, orada belə hadisələr yaşanmazdı. İrəvan hökumətinin siyasi iradəsi, qətiyyəti varsa, yəhudi sinaqoqunu yandıran, dini icmalara hücum çəkən quldurları, terrorçuları dərhal zərərsizləşdirməlidir. Əfsuslar ki, bunun əksini görürük. Terrorçular öz çirkin əməllərinə görə heç bir cəza almırlar və cəzasızlıqdan ruhlanırlar. Ermənistan daxilində dini, irqi ayrı-seçkliyin, antisemitizmin olması hamıya bəllidir və bu, illərdir davam edir. Ona görə də Ermənistanda bu cür vandalizmin baş verməsi artıq təəccüb doğurmur. Təəccüb doğuran odur ki, terrorla mübarizədən danışan Qərb ölkələri, beynəlxalq təşkilatlar İrəvan hökumətinə güldən ağır söz demirlər. Bu da Qərbin ikiüzlülüyünün təzahürüdür".