Son sorğulara görə, Rusiya Ermənistanda 14 faizlə ümid edilən ən axırıncı dövlətlərdəndir
Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın İrəvanın siyasi vektorunu dəyişmədiyi, yalnız təhlükəsizliyini şaxələndirdiyi ilə bağlı açıqlamasını şərh edib. Zaxarova bildirib ki, Ermənistan xarici siyasətini kökündən dəyişmək niyyətində olduğunu nümayiş etdirir. Rusiya XİN rəsmisinin sözlərinə görə, bu, həqiqi niyyətləri gizlətmək üçün açıq-aşkar cəhddir: "Aydındır ki, söhbət Ermənistanın xarici siyasətdə oriyentasiyasında köklü dəyişiklikdən gedir. Məncə, bu, Qərbin təklifi və ya təlqini ilə çox açıq şəkildə edilir".
Politoloq Natiq Miri "Sherg.az"a bildirib ki, Rusiya 44 günlük müharibəsindən bu yana Nikol Paşinyan hakmiyyətini devirmək üçün hərəkətə keçib. Ekspert vurğulayıb ki, 3 il müddətində dəfələrlə rusyönlü "5-ci kolon"un siyasi güc mərkəzləri vasitəsilə erməni xalqını ayağa qaldırmağa çalışıblar:
"Sadəcə olaraq həmin siyasi güc mərkəzlərinə rəhbərlik edən "Qarabağ klanı", başda Sarkisyan və Koçaryan olmaqla ötən illər ərzində erməni xalqına necə divan tutublarsa, onların mitinq çağırışına vur-tut min adam qatıldı. Yəni Rusiyanın gözlədiyi kimi kütləvi etirazlar olmadı. Paralel olaraq Qərb ölkələrinin də xərclədiyi milyon dollarla vəsaitlər var. Qərb vətəndaş cəmiyyətləri vasitəsilə insanları təşkilatlandırır, həm də ictimai fikirdə anti-Rusiya ovqatını körükləyir. Son sorğulara görə, Rusiya Ermənistanda 14 faizlə ümid edilən ən axırıncı dövlətlərdəndir. Bu da erməni əhalisinin Moskvaya etimadını göstərir. 41 faiz respondent ümid yeri kimi Fransanı gördüyünü deyib. İkinci yerdə ABŞ, sonra Hindistan və İrandır. Ermənistanda Rusiyaya qarşı böyük etimadsızlıq mühiti mövcuddur. Ona görə də Moskva çox yaxşı bilir ki, ictimai etirazlarla Paşinyan hökumətini devirə bilməyəcək".
Analitik vurğulayıb ki, erməni müxalifəti ictimai rəydə özlərini tamamilə tükədiblər. Bundan sonra atılacaq addımlar Rusiyanın ənənəvi hərəkətləri olacaq:
"Bu da hərbi çevriliş deməkdir. Artıq bu yöndə Ermənistan xüsusi xidmət orqanlarında məlumatlar var. Hərbi çevrilişi, sui-qəsdləri həyata keçirə biləcək Rusiyaya bağlı zabitlər həbs olunur, zərərsizləşdirilir. Qərbin kəşfiyyat xidmətləri də bu məsələdə İrəvana yardımçı olurlar. Kremlin bu istiqamətdə fəaliyyətini davam etdirəcəyinə şübhə yoxdur. Buna nail olub-olmayacaqları Qərb-Rusiya qarşıdurması kontekstində bəlli olacaq. Rusiya Cənubi Qafqazdakı və Ermənistandakı mövqeyini, geosiyasi maraqlarını Qərbə təhvil vermək istəmir. Qərb isə çalışır ki, Moskvanı bölgədən və Ermənistandan sıxışdırıb çıxartsın".