Hesabatın qərəzli və həqiqəti əks etdirməməsinin əsas səbəbi isə Azərbaycana aid hissəsini hazırlayan şəxslə bağlıdır
ABŞ Dövlət Departamenti Azərbaycanı dini azadlıqları pozulmuş ölkə elan ediləcək izləmə siyahısına daxil edib. Dövlət Departamenti bu qərarı Dini Etiqad Azadlığı üzrə Dövlət Komissiyasının (USCIRF) bu hesabatı əsasında qəbul edib. Hesabat din azadlığı ilə heç bir əlaqəsi olmayan əsassız tezislərlə doludur. Məsələn, hesabatda "Qubad İbadoğlunun "qondarma ittihamlarla" həbsi, 202 "siyasi məhbus", Azərbaycanın Qarabağ ərazisi ilə bağlı münaqişədə Ermənistana qarşı "hərbi cinayətlər törətmək" iddiası və s. Hesabatı oxuyanda ABŞ dövlət komissiyasının hesabatını yox, Poqosyan və ya Abovyan kimi hansısa erməni millətçisinin cəfəngiyyatını oxuduğunu görürsən. Hesabatı Daniella Aşbaxyanın rəhbərlik etdiyi dövlət komissiyasının ictimai xidməti hazırlayıb. Bu xanım ABŞ-da ən böyük erməni lobbi təşkilatı olan Amerika Erməni Assambleyasının, həmçinin Livanın Los-Ancelesdəki konsulluğunun direktorlarından biri olub. Yəni, əslində, xarici dövlətdə işlədikdən sonra Aşbaxyan ABŞ hökumətində xidmət etməyə gedib və xarici siyasəti müəyyən edən materiallar tərtib edib. Bu, Amerikanın xarici təsir qanunlarına görə qeyri-qanunidir. Yəni, O`Brayen Senatda açıq şəkildə Ermənistanın xeyrinə dövlət maraqlarını tapdalayandan sonra, indi erməni lobbisi ABŞ-ın xarici siyasətini açıq şəkildə müəyyənləşdirir. Və FTB Xarici Təsir İşçi Qrupu (Amerikanın dövlət qurumlarında xarici təsirlə mübarizə üçün hətta xüsusi bölmə də var) ənənəvi olaraq sadəcə dönər yeyir. Dövlət katibi Blinken 1991-ci ildən 2020-ci ilə qədər işğal olunmuş ərazilərdə 60-dan çox məscidi dağıdan və təhqir edənin Ermənistan olduğuna diqqət yetirmədən Azərbaycanı dini etiqad azadlığı ilə bağlı fövqəladə vəziyyətə namizədlər siyahısına əlavə etmək qərarına gəlib. Bayden administrasiyası öz qərarı ilə Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasında artıq kənarda qalan Fransaya sürətlə yetişir. Qeyd edək ki, hesabatın Azərbaycana aid hissəsi əsassız, reallıqla heç bir əlaqəsi olmayan və qərəzli iddialardan ibarətdir. Dünyada dini və milli tolerantlığın hökm sürdüyü Azərbaycana qarşı belə iddiaların heç bir əsası yoxdur. Bütün dünyada çoxsaylı müharibələr və qarşıdurmaları alovlandıran, milyonlarla insanın ölümünə, qaçqın vəziyyətinə düşməsinə, səfalət içində yaşamasına məhz ABŞ- dır. Bu ölkədə dini və irqi ayrıseçkilik həm tarixi, həm də cari reallıq kontekstində ən çox tənqidə məruz qalır. Daniela Aşbaxyan kimi başqa ölkəyə çalışan bir şəxsin ABŞ DD də işləyərək bu dövlətin xarici siyasətinin müəyyənləşməsində iştirak etməsi qeri qanunidir. Çox maraqlıdır ki, hesabatda Azərbayacana qarşı belə kəskin mövqe 2023-cü ildə Qarabağda antiterror tədbirləri nəticəsində yaranmış vəziyyətə əsaslanır. Bu zaman həmin ərazilərin 30 il işğal altında saxlanması və yüz minlərlə azərbaycanlınln öz doğma torpağından qovulması, 60 dan artıq məscidin, dini-mədəni obyektlərin darmadağım edilmısi nəzərə alınmır. ABŞ bu hesabatla növbəti dəfə öz qərəzini, ədalətsizliyini bütün dünyaya nümayiş etdirdi. Nə Azərbaycan hakimiyyəti, nə də Azərbaycan xalqı bu tipli cızmaqaraları ciddi hesab etmir.
Politoloq Turan Rzayev "Sherg.az"a açıqlamasında deyib ki, hesabatda Azırbaycanla bağlı hissə əsassız, reallıqla heç bir əlaqəsi olmayan, qərəzli iddialardan ibarətdir.
Ekspertə görə, xüsusilə dini mövzuda irəli sürülən arqumentlər qeyri-realdır:
"Ümumiyyətlə, Azərbaycan dünyada dini dözümlülüyün ən yüksək səviyyədə olduğu nadir ölkələrdəndir. Cəmiyyətimizdə insanlar inancına və ya əksinə inancsızlığına görə ikili standartlara, təqib və təzyiqlərə məruz qalmırlar. Əsrlər boyu müxtəlif coğrafiyalarda sırf dini inancına görə təqiblərə, repressiyalara məruz qalan şəxslər üçün Azərbaycan sığınacaq yeri olub. Bunun ən bariz nümunəsi kimi, Azərbaycandakı dağ yəhudiləri icmasını göstərmək olar. “Qafqazın Qüdsü” adlanan “Qırmızı qəsəbə” də məhz ölkəmizdə yerləşir. Bundan başqa, dünyanın ən qədim xristian icmalarından hesab edilən Alban-Udi Xristian İcması da əsrlərdir Azərbaycanda mövcuddur. Ölkə əhalisinin əksər hissəsi islam dininə etiqad edir ya da özünü bu dinin nümayəndəsi sayır, lakin paralel olaraq digər dinlərə də hörmət edir. ABŞ Dövlət Departamentinin dünya ölkələrində dini azadlıqların vəziyyəti ilə bağlı illik hesabatında isə bunun tam əksi göstərilib. Hesabatda diqqətçəkən digər nüans Azərbaycana qarşı belə kəskin mövqeyin məhz 2023-cü ildə Qarabağda antiterror tədbirləri nəticəsində yaranmış vəziyyətlə əsaslandırılmasıdır. Halbuki qeyd olunan hadisə zamanı mülki ermənilərə zərər dəyməyib, onlara ərazidən getməsi üçün təzyiq göstərilməyib. Əksinə qalıb vətəndaşlığımızı qəbul edəcəkləri təqdirdə əvvəlki kimi yaşaya biləcəkləri deyilib".
T.Rzayev qeyd edib ki, Qarabağ erməniləri Azərbaycanı öz istəkləri ilə tərk etdikdən sonra isə ərazidəki erməni irsinə zərər vurulmayıb:
"Müqayisə üçün deyim ki, Ermənistan 30 illik işğal dövründə Qarabağdakı 60-dan artıq məscidi, dini-mədəni obyektləri darmadağın etmiş, orada heyvan saxlamış, digərlərini isə kilsəyə çevirmişdi.
Lakin ABŞ Dövlət Departamenti 30 illik işğal dövründə bir dəfə də olsun dünya ölkələrində dini azadlıqların vəziyyəti ilə bağlı hesabatında bu faktları qeyd etməyib.
Hesabatın qərəzli və həqiqəti əks etdirməməsinin əsas səbəbi isə Azərbaycana aid hissəsini hazırlayan şəxslə bağlıdır. Söhbət dövlət komissiyasının rəhbəri Daniela Aşbaxyandan gedir. O, ABŞ Erməni Assambleyasının rəhbər vəzifəli şəxslərindən olub. Bundan başqa, Livanın Los-Ancelesdəki konsulluğunda işləyib. Yəni hesabatın qeyri-obyektivliyinə dəlalət edən faktorların kifayət qədər çox olması onun və komandası tərəfindən tərtib olunması ilə bağlıdır.
Hesabat hər nə qədər dini azadlıqların vəziyyəti barədə olsa da, dinlə heç bir əlaqəsi olmayan Qubad İbadoğlu, “Abzas media” və s. bu kimi məsələlər də burada qeyd edilib. Bu fakt belə hesabatın özündə siyasi məqsədi ehtiva etdiyini sübuta yetirir.
Rəsmi Bakının nəzərində bu sənəd sadəcə kağız parçasıdır. Vaşinqton bu günə qədər belə qərəzli sənədlər, hesabatlar tərtib edib, bundan sonra da etməyə davam edəcək. Lakin reallığın necə olduğu hər kəsə, o cümlədən ölkəmizlə bağlı məlumat olan əcnəbilərə də bəllidir.