“Bakı İrəvanla normallaşma prosesinə ehtiyatlı nikbinliklə baxmağa davam edəcək"
Rusiya heç bir halda ABŞ-nin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində mühüm diplomatik səylər göstərməsinə mane olmur. Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib. Amerika rəsmisi bildirib ki, Rusiya Ermənistan və Azərbaycan üçün zəruri hesab etdiyimiz mühüm diplomatik səyləri həyata keçirməyə heç bir şəkildə mane olmur və biz onları həyata keçirməyə davam edəcəyik. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ABŞ-də mümkün növbəti görüşünə gəlincə, Miller qeyd edib ki, görüş təyin olunanda Vaşinqton bu məsələ ilə bağlı açıqlama verəcək.
Siyasi şərhçi Aqşin Kərimov "Sherg.az"a deyib ki, Miller Ağ Evin gündəliyi ilə əlaqədar yeni sövdələşmə tezislərini gündəmə gətirib. Ekspert vurğulayıb ki, Cənubi Qafqazın dəyişən geosiyasəti ilə Rusiya-Ukrayna müharibəsi arasında paralelliklər qurmaq mümkündür:
"Vaşinqtonla Moskva sövdələşmə kanallarını açıq saxlayır. Burada diqqət çəkən nüanslar var. Ukraynadakı müharibənin nəticələrini müəyyən etmək üçün Rusiya ilə Qərb arasında əhatəli razılaşmaların olacağına dair fikirlər mövcuddur. Güman ki, ABŞ ilə Rusiya Ukraynadakı vəziyyəti digər region üzrə qarşılıqlı razılaşma ruhuna inteqrasiya edərək sövdələşməyə girməyə çalışırlar. Lakin Vaşinqtonla Moskvanın gizli razılıqlar niyyəti olsa belə onu yekunlaşdırmaq çətin görünür. Səhnənin arxasında belə bir sövdələşmə predmeti varsa, bunun Azərbaycan-Ermənistan sülh protokoluna müsbət təsirlərinin olacağı ehtimalı azdır. Hər halda, Millerin açıqlamasından sonra düşünməyə əsas yaranır ki, Rusiya ABŞ-nin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçün səylərinə mane olmamasının qarşılığında Ukraynadan geosiyasi güzəşt almağa çalışır".
Analitikin fikrincə, Cənubi Qafqazda problemlər hələ mövcuddur və bu, hər iki supergüc üçün müdaxilə imkanları vəd edir: "Azərbaycan təhdid mənbələrindən ikisini sıradan çıxarıb. Birincisi, Ermənistan üzərində həlledici qələbə qazanıb, ikincisi isə Qarabağda separatizmi məhv edib. Regiona müdaxilə imkanları çoxalacağı təqdirdə Azərbaycan Ermənistan üzərindəki tələb və şərtlərini sərtləşdirə bilər. Çünki Ermənistanın böyük güclərin sövdələşmə kanalında qalmaq ehtimalları çoxdur. İrəvan bunun müqabilində Azərbaycanla sülh gündəliyinin ruhuna kölgə salan addımlara gedə bilər. Göründüyü kimi, Azərbaycanla Ermənistan arasında ikitərəfli formatda danışıqlar və razılaşmaların sülh proqramını canlandırması Moskva ilə Vaşinqtonun iştahasını artırır. Buna görə də, Bakı İrəvanla normallaşma prosesinə ehtiyatlı nikbinliklə baxmağa davam edəcək".