Erkən nikahların qarşısının alınmasının başqa yolu yoxdur - Qanunlar sərtləşsin!

Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması

  Ötən ildə erkən nikah problemi aktual idi və təəssüf ki, köhnə ilin son günləri 12 yaşlı qızın 32 yaşlı birisiylə nişanlanması xəbəri ilə yadda qaldı. Bu hadisədə müsbət hal ondan ibarət oldu ki, azyaşlı övladının bir sıra hüquqlarını pozan valideyn hüquq-mühafizə orqanları tərəfindən qanunamüvafiq şəkildə cəzalandırıldı. Əsas proseslər bundan sonra cərəyan edə bilər. Rəsmi qurumların açıqlamasına görə, uşağın hüquqlarının müdafiəsi məqsədilə ailə nəzarətdə saxlanacaq. Qanuna zidd hər hansı addım atılarsa, dərhal müdaxilə ediləcək. Zamanında müdaxilə azyaşlılara qarşı zorakılığın qarşısının alınmasına kömək edir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilin 6 aylıq fəaliyyətinə dair hesabatında qeyd olunur ki, erkən nikaha cəhdlə bağlı 17 faktın qarşısı alınıb. Hesabatda qeyd edilir ki, ailə, qadın və uşaq məsələləri istiqamətində normativ-hüquqi bazanın gücləndirilməsi və qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə komitə tərəfindən 6 sənəd layihəsi hazırlanıb, 5 sənəd layihəsinə rəy və təklif verilib. 2023-cü ilin ilk altı ayı ərzində 6 müxtəlif mövzuda araşdırma və təhlil yekunlaşdırılıb. Hesabatlar qohum evlilikləri üzrə vəziyyətin öyrənilməsi, erkən uşaqlıq dövründə xidmətlərin əlçatanlığı və təminatı, uşaqlara qarşı zorakılıq hallarının səbəbləri, miqyası, nəticələri və qarşısının alınması, təhsil müəssisələrində rəhbər vəzifələrdə gender bərabərsizliyi, erkən nikah halları, medianın intiharlara təsiri kimi mövzuları əhatə edib. Ailə məsələləri istiqamətində 8523 nəfərin iştirakı ilə 40 təlim, seminar və icma görüşü keçirilib, 6 layihə icra edilib. Qadın hüquqlarının müdafiəsi və gender bərabərliyinin təmin edilməsi istiqamətində 1056 nəfərin iştirakı ilə 9 təlim və seminar, 3 konfrans keçirilib. 17 rayonda yaradılmış Qadın Resurs mərkəzlərinin xidmətindən 4970 nəfər bəhrələnib. Uşaq hüquqlarının qorunması, uşaq iştirakçılığının artırılması, cəmiyyətdə baş verən mənfi hallardan onların müdafiəsi, erkən nikah və uşaqlara qarşı zorakılıq hallarının qarşısının alınması və digər istiqamətlər üzrə tədbilər həyata keçirilib. Ümumilikdə 6 layihə, 1868 nəfərin iştirakı ilə 29 təlim, seminar və konfrans təşkil olunub. Komitənin nəzdində fəaliyyət göstərən 11 Uşaq və Ailələrə Dəstək mərkəzlərinin fəaliyyətindən 20 min 515 nəfər yararlanıb. 1570 nəfərdən 1608 müraciət daxil olub və onlardan 646-sı təmin edilib, digərləri isə aidiyyəti üzrə yönləndirilib. Həmçinin 2023-cü ilin birinci yarım ili ərzində erkən nikah hadisəsi ilə bağlı 20 fakt üzrə monitorinq-ailə səfərləri təşkil edilib, 17 erkən nikah halının qarşısı alınıb. Müraciət edən vətəndaşlara psixoloji, hüquqi və sosial problemlərin həlli üzrə dəstək göstərilib.
  Mövzu ilə bağlı “Sherg.az"a danışan “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova qeyd etdi ki, “Erkən nikah və onun fəsadları” mövzusunda apardıqları onlayn tədqiqat problemin haradan, nədən qaynaqlandığını, cəmiyyətin bu problemə münasibətini ortaya qoyur:
- Əvvəla onu deyim ki, bu, tərəfimizdən aparılan ilk onlayn tədqiqatdır. Respondentlər müxtəlif bölgələrdən, müxtəlif yaş qrupları və sosial qruplar arasından seçilib. Nəticədə məlum oldu ki, respondentlərin 86 nəfəri hesab edir ki, bütün bölgələrdə erkən nikah geniş yayılıb. 34 nəfər Aran bölgəsində erkən nikahın yayıldığını, 265 nəfər Cənub bölgəsində erkən nikahın hələ də aktual olduğunu qeyd edib. Lakin rəsmi mənbələrin məlumatları göstərir ki, adətən erkən nikahın çox rast gəlindiyi cənub bölgəsi artıq öz “liderliyini” başqa bölgələrə verib: “Qırmızı xətt”ə daxil olan bölgələrə diqqət yetirsək, Aran iqtisadi rayonu üzrə 96 fakt, Dağlıq Şirvan iqtisadi rayon üzrə 46 fakt, Bakı şəhəri üzrə 36 fakt, Lənkəran iqtisadi rayonu üzrə 34 fakt müəyyən edilib. Üstünlük və konkretlik olmayan cavablardan “bilmirəm” 126 nəfər, “ucqar rayonlarda” 14 nəfər, “rayonlarda” 10 nəfər, “kəndlərdə” 21 nəfər təşkil edib. Lakin respondentlər hələ də “qırmızı xətt”in cənub bölgəsinə xas olduğunu hesab edirlər. Respondentlərə görə, erkən nikahın səbəblərinə təsir edən birinci amil təhsilsizlikdir (42 faiz). İkinci yerdə maddi vəziyyət (21 faiz), sonrakı yerlərdə “mühafizəkar ailə” modelinin təsiri (15 faiz), dini faktorlar (12 faiz), tarixi ənənə və mentalitet (11 faiz), sosial şəbəkələr (10 faiz) qeyd edilib. Sorğunun nəticələrinə əsasən, dini faktor və sosial şəbəkələrin erkən nikaha təsiri, təhsilsizlik, maddi vəziyyət və mühafizəkar ailə modelinə nisbətdə elə də təsiredici amilə malik deyil. Bu isə erkən nikah probleminin ortadan qalxmamasının səbəbi kimi son zamanlar dini faktorun daha aktual olması iddiasının doğru olmadığını söyləməyə imkan verir. Bizim tədqiqatda erkən nikahın insan alveri qismində tanınması da əksini tapıb. Tədqiqata təkan verən amil Azərbaycanda erkən nikah probleminin hələ də mövcud olmasıdır. Problemin mövcud olmasına təsir göstərən amillər - erkən nikah probleminə yanaşmada müəyyən çərçivələrin qorunması və bu çərçivələrdən kənara çıxılmadığı; erkən nikaha köhnə adət və ənənə, mövhumatlar çərçivəsində baxıldığı; erkən nikah probleminin hələ də insan alveri problemi ilə kəsişmə nöqtələrinin müəyyən edilmədiyi səbəbdən araşdırmaya ehtiyac yaranması olub. Tədqiqat “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında”Konvensiyanın 5 maddəsinin a) yarımbəndinə (“Cinslərdən birinin naqisliyi, yaxud üstünlüyü ideyasına, yaxud kişilərin və qadınların roluna dair stereotiplərə əsaslanan xurafatın kökünün kəsilməsinə, adətlərin və hər cür başqa praktikanın ləğv edilməsinə nail olmaq məqsədilə kişi və qadınların sosial və mədəni davranış modelini dəyişdirmək”) əsaslanaraq aparılıb.
  M.Zeynalova bildirdi ki, aparılan tədqiqat erkən nikahın fəsadları barədə cəmiyyətin məlumatlı olduğunu göstərir:
- Tədqiqat zamanı respondentlərin erkən nikahın fəsadlarına dair rəyləri diqqəti cəlb etdi. Bir çoxları erkən doğuş və ölüm riskini artırdığını, təhsilin effektiv şəkildə başa çatdırılmasına mane olduğunu, peşə və həyat bacarıqlarının əldə edilməsi üçün hər hansı bir imkandan məhrum edildiyini, hətta intihar hadisələrinin sayını artırdığını, boşanma hallarının da sayını artırdığını, erkən nikahda olan qızların daha çox fiziki və cinsi zorakılığa məruz qaldıqlarını qeyd ediblər. Amma insan alveri qurbanına çevrilmə riskini, HİV infeksiyası ilə cinsi istismar riskini artırdığını az bir qisim qeyd edib. Məsələn, “HİV infeksiyası və cinsi istismar riski artır” - cavabında əslində istismar dedikdə, insan alveri elementinin nəzərdə tutulduğunu söyləmək olar. Respondenlər isə HİV və seks xidməti göstərən şəxsləri insan alveri ilə eyniləşdirməklə insan alveri meyarlarından elə də xəbərdar olmadıqlarını nümayiş etdiriblər. Bu da həmin istiqamətdə maarifləndirmə işlərinin aparılmasını vacib edir. Görünən budur ki, erkən nikah, eləcə də uşaq nikahları (azyaşlıların “nişan mərasimi” adı altında erkən evliliyə cəlb edilməsi) aktuallaşıb. Bu isə uşaqların konstitusion hüquqlarının bütövlükdə və kobud pozulmasıdır. O cümlədən, uşaq istsimarı, cinsi zorakılıq hallarının tətbiqi baş verir. Bu kontekstdə məsələnin insan alveri qismində qiymətləndirilməsini vacib sayıram. Problemə qanunvericilik baxımından yanaşılmalı və konstitusion hüquqlara istinad edilərək cəza tədbirləri sərtləşdirilməlidir.